Oqtay Əsədov bu il həbs olunacaq-Daha kimləri həbs gözləyir?
İndi keçmiş spiker üçün ikinci mərhələ başlayıb. Son günlər Oqtay Əsədovun biznes imperiyası barədə materiallar tirajlanır. Onun Rusiyadakı qalmaqallı biznes strukturu yada salınır və bütün bunların korrupsiya hesabına yaradıldığı bildirilir. Sabiq məmurların həbs olunduğu bir dövrdə Oqtay Əsədovun da biznes imperiyasının gündəmə gətirilməsi onun üçün də həbs təhlükəsini qaçılmaz edir – baş verənlərdən gəlinən qənaət budur. Şübhəsiz bunun siyasi səbəbləri də var. “Dövlət çevrilişi”nə cəhd barədə iddiaların səsləndirildiyi bir dönəmdə Oqtay Əsədovun da gündəmə gətirilməsi arasında hansısa əlaqələrin olduğunu ehtimal etmək olar. (az24saat.org)
Keçmiş deputatın biznes qurmaq üçün Binəqədini seçməsi təsadüfi deyil. Çünki uzun müddət bu rayonun icra başçısı olmuş Alı Qocayev Oqtay Əsədovun qudasıdır. Rafael Cəbrayılovun tikinti biznesinin çiçəklənməsində onun danılmaz rolunun olduğu bildirilir. Təbii ki, keçmiş deputata dəstək Oqtay Əsədovun sifarişi ilə gəlib. Bəzi iddialara görə, Rafael Cəbrayılovun biznesində keçmiş spikerin də payı var. Onun borclu olduğu vətəndaşlar bildirir ki, keçmiş deputat tez-tez “bunların hamısı mənim deyil, şefimin də payı var” deyərək Oqtay Əsədovu ortağı kimi təqdim edirmiş. Rafael Cəbrayılovun borclu olduğu şəxslərə gəlincə, onlar Binəqədə rayonu ərazisindəki “Gənclər şəhərciyi”nin “toru”na düşüblər. Həmin vətəndaşlar burada mənzil almaq üçün deputata külli miqdarda pul veriblər. Amma nə mənzili ala biliblər, nə də verdikləri pulu. Rafael Cərbayılovun “Gənclər şəhərciyi” bu adamları qocaldıb.
Rafael Cərbayılov müxtəlif bəhanələrlə onların pullarını qaytarmaqdan yayınır. Vətəndaşları borcu qaytaracağına inandırmaq üçün ən ağlagəlməz üsullara əl atır ki, bunlardan biri də mandatını girov qoymaqdır. Bu məsələ ictimailəşəndən sonra Rafael Cəbrayılovun deputat karyerasına son qoyulub. (arqument.az) İndi isə məlum olur ki, Rəfael Cəbrayılov borclu olduğu vətəndaşlara deyib ki, Mehriban Əliyeva Oqtay Əsədovdan evlər tələb edib. Oqtay Əsədov isə məcbur olub və Heydər Əliyev fonduna “Gənclər şəhərciyindən” evlər verib. Ona görə də, problem yaranıb.
Mal-mülk, sərvət toplamasına “yaşıl işıq” müqabilində etməsi şübhə doğurmurdu. Kənardan belə görünürdü ki, spikerin pul hərisliyi sonsuzdur. Çox təəssüf ki, sonradan üzə çıxanlar da bu təəssüratı təsdiqləmiş oldu. Tutduğu posta rəğmən, Oqtay Əsədovun Eldar Mahmudovun qapısına getməsi illərlə deyilənlərə möhür vurmuşdu. İllərdir Oqtay Əsədov xalqdan oğurlanan pulların sərməstliyini yaşamaqdadır.
Spikerdən deputat pilləsinə enəndən sonra Milli Məclisin iclaslarına da qatılmağı özünə rəva bilmir. Sulutəpədəki imarətində oturub Türkiyədən Rusiyaya, Rusiyadan Böyük Britaniyaya uzanan böyük biznesini idarə edir. Əslində Oqtay Əsədovun korrupsiya içində itib-batdığını görmək üçün çox da uzağa getmək lazım deyil. Bu gün onun sığındığı imarətinin nataraz ölçülərinə diqqət edib, fotolarına baxmaq yetərlidir. Bütün məmur-oliqarxlara xas dəbdəbə sevgisi Oqtay Əsədovdan da yan keçməyib. Onun imarəti 3-4 hektarlıq sahədə inşa olunub. Hələ spiker olarkən imarətinin peyk görüntüləri yayılmışdı. “Bura Oqtay Əsədovun imarətidir” açıqlaması olmasaydı, görüntüləri görənlər düşünərdilər ki, ərəb şeyxlərindən birinin cah-calalına tamaşa edirlər. Ərazidə 2 günbəzli, dəbdəbə içində itib-batan imarət, çay evi, iri hovuz, yaxınlarının villaları, özəl fitnes və bilyard salonları var. Belə imarətlərdən biri də Bakının Şüvəlan kəndi ərazisindədir. Az qala, dənizin içinə girmiş həmin imarətində olduğu kimi burada da iri tennis kortu diqqət çəkir. Oqtay Əsədov Tennis Federasiyasının prezidentidir deyə, elə bilir ki, bu sahə onun şəxsi mülkiyyətidir. Odur ki, saysız-hesabsız imarət və villalarının hündür hasarları içində tennis kortları da mütləq şəkildə inşa olunur. Şüvəlandakı 2 hektardan artıq ərazini əhatə edən dəbdəbəli imarətin ərazisində də xaricdən gətirtdiyi mütəxəssislər tərəfindən biri açıq, digəri qapalı olan 2 tennis kortu və futbol meydançası quraşdırılıb.
Oqtay Əsədovun kürəkəni Mehman Qocayevin Londonun ən bahalı bölgələrindən olan St. Johns Wood-da 1 milyonluq mülkü var. O bölgədə ki, orda ölkənin ən zəngin milyarderləri, məşhur aktyorları və pop-divaları yaşayır. Həmin mülklə bağlı yayılmış sənədlərdə bildirilirdi ki, penthauzun alınması üçün “Goldbek Investment” şirkətinə milyon funt vəsait ödənilib. Əmlakın alınması tarixi Mehman Qocayevin doğum günü ilə üst-üstə düşür. Bu, o deməkdir ki, penthauzu Mehman Qocayevə bağışlayıblar. Londonda, milyarderlər məhləsində evi adama ad günü hədiyyəsi olaraq bağışlayıblar. Hədiyyəni alan isə Zemfira Əsədovadır – Qocayevin qaynanası. Penthauzu Mehman Qocayevə doğum günündə o bağışlayıb. Bakıda uşaq bağçasının müdirəsi işləyən Zemfira Əsədovanın maaşı, əlbəttə ki, penthauz əldə etməyə yetər, sadəcə maketini ala bilər. Əsədovların kürəkəni çox bahalı, yüksək sürətli avtomobillərə meyillidir. Onu adətən 12 silindrli, 200 min avro dəyəri olan AUDI A8L WW12 -də gəzən görürlər.
Zemfira Əsədovanın Moskvadakı hüquqi və sosial ünvanlarından biri də “Triumph Palace”da ( “Zəfər Palas”) yerləşir. “Triumf Palas” Moskvada ən hündür yaşayış binasıdır. Daha dəqiqi, böyük bir kompleksdir. Həm də yalnız Rusiyanın deyil, Avropanın da ən yüksək yaşayış binasıdır. Çardağı ilə birgə hündürlüyü 214 metr, qülləsi ilə birlikdə isə 264 metrdir. Oqtay Əsədovun həyat yoldaşı Zemfira Əsədova bu binada 2 lüks mənzilin sahibidir. Bunlardan birinin dəyəri təxminən 2-2,5 milyon dollardır. O birinin dəyəri isə 5-6 milyon dollara qədər yüksək ola bilər.
Oqtay Əsədovun xalqdan oğurladığı çirkli pulları xaricdə, lap elə Rusiyada inşaat, ticarət, xidmət kimi nisbətən daha təmiz sahələrə yatırmaq imkanına malik olmasına rəğmən, niyə narkotik alverinə baş vurmasının səbəbi bilinmir. Bu gün də bu məsələ açıqdır. Əsədovlara bağlı “Kapriz”də kokain kimi “kübar” narkotikin satışının təşkili həm də Əsədovun daxili aləmindən, hərisliyinin sərhədsizliyindən xəbər verirdi.
Spiker olarkən adı deputat mandatı qarşılığında Rəfael Cəbrayılovdan 3 milyon pul alması iddiasından tutmuş Türkiyədə ekzotik quş biznesinə qədər gedib qarışmışdı. Oqtay Əsədovun ailə üzvləri xalqdan oğurladığı milyonları hesabına Türkiyədə quşların və heyvanların satışı ilə məşğul olan bir necə böyük ferma açıb. 12 hektarlıq ərazini tutan fermada bahalı ekzotik quşlar bəslənir ki, onların bir başının qiyməti 900-1000 dollar arasında dəyişir. Məsələn, təklif edilən Miro, Türk taklası quşlarının birinin qiyməti təxminən 900 dollardır. İstanbuldakı quşxanada minə yaxın belə qiymətli quş bəslənir. Satışa çıxarılan quşlarla yanaşı, digər ev heyvanları da var.
Xalqdan illərlə milyardlar oğrulayıblar, xalqın pulunu yeyiblər, bu gün adamların əllərində talançılıqla əldə etdikəri böyük pullar var. Hansıların ki, alınması zamanıdır. Bunun üçün Səlim Müslümov kimi “içəri”yə yola salınmaları şərtdir. Öz xoşlarına xalqdan oğurladıqlarını xalqa qaytaran deyillər. Bu düstur həm də eks-spiker üçün keçərlidir. (musavat.com)
Qeyd olunmalıdır ki, Milli Məclisin inzibati binasında oliqarxiyadan təmizləmə prosesi çərçivəsində keçmiş spiker Əsədovun bütün şəkilləri Parlamentin elektron səhifəsindən götürüldü. Prezidentin tapşırığı ilə, yeni spiker xanım Qafarova əfsanəvi nəhəng spiker kreslosundan imtina etməsi olub. Deputatlar zarafat edirdi ki, “Əsədov özünü Sezara oxşadır”. O məşhur kreslodan ki, uzun illərdən bəri “özünü buraxmış” Oqtay Əsədovun simvolik taxt-tacı hesab olunur və az qala, iki nəfərin yerini tuturdu. Məclisdə, kulis arxasında danışılır ki, yeni sədr bütün deputatlara bir siyasi mesaj olaraq bu addımı atıb və onlara “sadə olun” demək istəyib. Eyni zamanda, deputatlara tapşırılıb ki, xaricdə mülk almağa qadağan edilsin və ailə üzvlərinin öz aparmalarına deputatlar nəzarət etsinlər.(anaxeber.info)
Oqtay Əsədovdan sonra diqər qalmaqallı oliqarx məmurlar da həbs olunacaqlar. Bu il xalqı böyük sürprizlər gözləyir.