Milli Kəşfiyyat Agentliyinin hesabatı -VƏLİƏHDİN QƏTL ƏMƏLİYYTINA RƏHBƏRLİYİ ARTIQ İNKAR OLUNMUR
Elizabet Heycdorn
“Əl-Monitor”, 26.02.2021
ABŞ hökuməti Səudiyyə vəliəhdi Məhəmməd bin Salmanın jurnalist Camal Xaşuqcinin qətli əməliyyatını təsdiqlədiyinə dair çoxdan gözlənilən kəşfiyyat hesabatı yayımlayıb.
Yenixeber.org: “Qiymətləndirməmizə görə, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın səudiyyəli jurnalist Camal Xaşuqcini yaxalamaq və ya öldürmək üçün Türkiyənin İstanbul şəhərində əməliyyat keçirilməsini təsdiqləyib”, – deyə Milli Kəşfiyyat Agentliyinin (MKA) məxfiləşdirilmiş xülasəsində bildirilib.
“Washington Post” qəzetinin yazarı olmuş Vircinya sakini Xaşuqci türk nişanlısı ilə evlənmək üçün 2018-ci ilin oktyabrında Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğundan lazımi sənədləri almaq istərkən öldürülüb.
Türk rəsmiləri bildirirlər ki, o, içəri girdikdən sonra 15 nəfərlik Səudiyyə Ərəbistanı komandos qrupu 59 yaşlı jurnalisti öldürüb və cəsədini parçalayıb.
Cümə günü yayımlanan 4 səhifəlik hesabata görə, müstəntiqlər qiymətləndirmələrini şahzadə Məhəmmədin Səudiyyə Ərəbistanındakı qərar qəbuletməyə nəzarəti, tərədarlarının əməliyyatda birbaşa iştirakı, eləcə də ” Xaşuqci daxil olmaqla, xaricdəki müxalifləri susdurmaq üçün şiddətli tədbirlərdən istifadə etməni dəstəkləməsinə” əsaslanırlar.
MKA əməliyyatın geniş miqyasda MBS kimi tanınan şahzadə Məhəmmədin icazəsi olmadan həyata keçiriləcəyinin “çox çətin olduğunu” rəyə əlavə edib.
Çoxdan gözlənilən hesabat, Vaşinqtonun krallıqla münasibətlərini çətinləşdirəcəyi məlum olsa da, aktivistlərin ümid etdiyi kimi, MBS-yə birbaşa sanksiyalarla müşayiət olunmayıb. Bunun əvəzinə, dövlət katibi Entoni Blinken Cümə günü jurnalistlərə və aktivistlərə hədəf olanları cəzalandırmağa yönəlmiş yeni bir viza siyasəti ilə “Xaşuqci Ban” çərçivəsində 76 Səudiyyə vətəndaşı üçün səyahət məhdudiyyətlərini elan edib.
Həmçinin, Maliyyə Nazirliyi vəliəhd şahzadənin sabiq baş köməkçisi Əhməd əl-Asir və Səudiyyə Kral Qvardiyasının becid müdaxilə qüvvəsinə qarşı sanksiyaları açıqlayıb.
Hesabatın yayımı kəşfiyyat tapıntılarını ictimaiyyətə çatdırmaq üçün Konqresdə illərdir davam edən səylərdən sonra baş verir. Bir vaxtlar jurnalist Bob Vudvarda MBS-ni Konqresin cəzasından uğurla qoruması ilə öyünən keçmiş prezident Donald Tramp, 2019-cu ilin müdafiə qanununun müddəasına baxmayaraq, məxfi MKA hesabatını yayımlamaqdan imtina edib.
Konqresin təsdiqlədiyi hesabat yalnız kəşfiyyat orqanlarının tapıntılarının xülasəsidir, yəni vəliəhdi Xaşuqcinin qətlinə bağlayan əlavə dəlillər hələ də sirr olaraq qalır.
Senatın Kəşfiyyat Komitəsinin üzvü senator Ron Vayden Cümə günü jurnalistlərlə görüşdə deyib: “Bu sənəddə gizlədiləcək daha çox şey var”.
Nyu-Yorkda yerləşən “Açıq Cəmiyyətin Ədalət Təşəbbüsü” təşkilatı ABŞ hökumətini 2019-cu ildə Məlumat Azadlığı Qanunu çərçivəsində məhkəməyə verərək, indi açıqlanan hesabatın, eyni zamanda, qətlin lent yazısını və CIA-nin 2018-ci ilə aid dolğun məlumatının şəffaflaşmasını tələb edib.
“Açıq Cəmiyyət”in vəkili Amrit Sinqh Cümə günü bildirib ki, MKA-nin hesabatı “irəliləmə üçün əhəmiyyətli bir addımdır, lakin kafi deyil”.
Səudiyyə hökuməti Xaşuqcinin kralın birbaşa xəbəri olmadan “iyrənc” bir əməliyyatda öldürüldüyünü iddia edir. 2019-cu ilin sentyabr ayında “PBS ‘Frontline”-a verdiyi müsahibədə vəliəhd deyib ki: “Məsuliyyəti, iş mənim nəzarətimdə olduğu üçün üzərimə götürürəm”.
Hökumət Xaşuqcinin ölümü ilə əlaqədar, beynəlxalq etirazlara cavab olaraq, hərtərəfli araşdırma vəd edib. Keçən il Riyadda baş tutan məhkəməni Xaşuqcinin nişanlısı Hatice Cengiz “lağlağı” olaraq xarakterizə edib, həmçinin, adı çəkilməyən 8 müttəhim qətldə rolu olduğu üçün həbs cəzasına məhkum olunub.
Gizli hesabatın yayımlanması Ağ Evin Yaxın Şərqdəki ən əhəmiyyətli müttəfiqlərindən biri ilə münasibətlərin soyuq dövründə baş verir. Kurs düzəlişləri çərçivəsində prezident Co Bayden ABŞ-ın Səudiyyə Ərəbistanının Yəməndə apardığı müharibəyə verdiyi dəstəyi dayandırıb və krallığa böyük silah satışını müvəqqəti dondurub.
Administrasiyanın Yəməndəki müharibəni bitirmək səyləri çərçivəsində ABŞ-ın Yəməndəki xüsusi elçisi Timoti Lenderkinq bu həftə krallığa səfər edib. Cümə axşamı günü kral Salman bin Əbdüləziz Ali-Səud ilə telefon danışığı zamanı – Baydenin vəzifəyə gəldiyi gündən bəri Səudiyyə hökmdarı ilə ilk təmasında – münaqişəni bitirmək üçün “yenilənmiş diplomatik səylər” müzakirə olunub.
Tərcümə: Strateq.az