Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Prezidentdən vacib mesajlar-ANALİZ

İlham Əliyevin Rusiya sülhməramlı missiyasının müvəqqəti olduğunu xüsusi vurğulaması və Azərbaycan ordusunun Türkiyə-NATO modeli əsasında qurulacağını bəyan etməsi mətbuat konfransının ən önəmli məqamları idi

Yenixeber.org: Azərbaycan prezidenti İlham Əliyev bu gün – Xocalı faicəsinin 29-cu ildönümündə yerli və xarici jurnalistlər üçün geniş mətbuat konfransı keçirdi. Ölkə başçısı bir neçə saat ərzində ən müxtəlif mövzularla bağlı sualları ətraflı cavablandırdı, mövqeyini açıqladı. 44 günlük müharibədən sonra cəmiyyətdə yığılıb qalan çoxsaylı sualların olduğunu nəzərə alsaq, prezidentin bu addımı müsbət idi. İlham Əliyev atəşkəsdən sonra Dağlıq Qarabağ ətrafında gedən proseslərdən, Rusiya sülhməramlı qüvvələrinin fəaliyyətindən, bölgənin gələcəyindən danışdı, habelə Ermənistanda cərəyan edən olaylara münasibət bildirdi.

Prezidentin söylədiklərinə keçməzdən əvvəl onu qeyd etmək vacibdir ki, İlham Əliyev prezident olduğu 18 il ərzində ilk dəfədir media ilə bu formatda ünsiyyətə girir. Dövlət başçısı adətən xarici mediaya, bəzən isə yerli media orqanlarına ayrı-ayrılıqda müsahibələr verir, yaxud ikitərəfli görüşlərdən, beynəlxalq forum və toplantılardan sonra keçirilən brifinqlərdə jurnalistlərin suallarını cavablandırır. Görünür, ölkə başçısı müharibədən sonra cəmiyyətdə yığılıb qalan suallara aydınlıq gətirməyə, eləcə də bəzi xarici mərkəzlərə mesajlar verməyə ehtiyac hiss edib. Təəssüf ki, prezidentin mətbuat xidməti media ilə işləməkdə həvəsli deyil, dövlət başçısının köməkçiləri, nazirlər və digər rəsmilər də jurnalistlərlə məsafə saxlamağa üstünlük verirlər.

Prezident mətbuat konfransında Qarabağda cərəyan edən hadisələrin üzərində geniş dayandı. İ.Əliyev dedi ki, davamlı sülhü yalnız 10 noyabr bəyanatına sadiqlik nümayiş etdirməklə əldə etmək olar:

“Bu gün onu müzakirə edirik ki, bölgədə dayanaqlı sülh və təhlükəsizlik olsun. Bunun yeganə yolu əməkdaşlıqdır. Biz artıq üçtərəfli qaydada – Azərbaycan, Ermənistan və Rusiya ilə birlikdə kommunikasiyaların bərpası, Zəngəzur dəhlizinin yaradılması və bütün maneələrin aradan qaldırılması üçün çalışırıq. Bu baş tutsa, Ermənistan da mənfəət əldə edəcək. Sülhün xeyrini görəcəklər. Sülh üçün daha bir şərtimiz ondan ibarətdir ki, Ermənistanın siyasi dairələri anlamalıdır ki, hər hansı bir revanş, qisas cəhdi Azərbaycan tərəfindən ciddi şəkildə cəzalandırılacaq. Biz hər hansı ciddi bir təhlükə görsək, dərhal cavab verəcəyik. Ona görə də xəbərdarlıq edirəm ki, qisas cəhdləri olmamalıdır. 10 noyabr bəyanatı Ermənistan tərəfindən tam icra olunmalıdır”.

İlham Əliyev daha sonra bildirdi ki, Bəyanatın müddəalarının böyük hissəsi artıq icra edilib:

“Ancaq elə məsələlər var ki, onlar indi müzakirə mövzusudur. Ümid edirəm ki, Ermənistanda yaranan vəziyyətə baxmayaraq, bəyanat icra olunacaq. Əks təqdirdə, Ermənistan daha ağır duruma düşəcək. Ermənistanın qarşısında seçim o qədər də böyük deyil və o, yeni reallıqla barışmalı və hesablaşmalıdır”.

İlham Əliyev Xankəndində Araik Arutunyanın rəhbərlik etdiyi separatçı rejimin fəaliyyətinə də toxunaraq vurğuladı ki, onlar hansısa “Artsax” adında dövlətlərinin olduğunu deyə bilməzlər: “Elə bir dövlət yoxdur, olmayıb, olmayacaq da. Bu sayıqlamaları kənara atıb, Azərbaycan vətəndaşı kimi yaşamaq lazımdır. Biz onları beyni yuyulmuş Azərbaycan vətəndaşı hesab edirik”.

Sözsüz ki, mətbuat konfransında prezidentdən ən çox gözlənilən cavab Rusiya sülhməramlılarının Dağlıq Qarabağdakı fəaliyyəti ilə bağlı idi. Məlumdur ki, sülhməramlılar ermənilərin bölgəyə köçürülməsi, onların humanitar problemlərinin həlli və s. mandatdan kənar fəaliyyətlə məşğul olurlar. Habelə, hərbi kontingentin separatçılarla sıx təmasda olması da Azərbaycan cəmiyyətində qıcıq doğurur.

 

Dövlət başçısı qeyd etdi ki, sülhməramlıların Azərbaycan ərazisində fəaliyyət göstərməsi müvəqqəti, keçici xarakter daşıyır:

“Bu əsgərlər xüsusi missiya icra edirlər. Bu, hərbi baza anlamına gəlmir. Rusiyanın sülhməramlı qüvvələri burada sülhməramlı missiyasını icra edirlər. Hesab edirəm ki, müvəffəqiyyətlə icra edirlər. Ara-sıra müəyyən problemlər üzə çıxır. Amma ümumilikdə Rusiya sülhməramlı qüvvələrinin fəaliyyəti qənaətbəxş hesab oluna bilər”.

Prezident daha sonra bildirdi ki, bəzən dünyada, eyni zamanda Azərbaycanda Rusiya sülhməramlı missiyasının fəaliyyəti ilə bağlı o qədər də dəqiq olmayan fərziyyələr irəli sürülür:

“Onların bu gün Azərbaycan ərazisində olması azad edilmiş torpaqlara Azərbycan əhalisinin qayıtması üçün də müsbət rol oynayacaq. Çünki Ermənistanın diversiya qrupunun azad edilmiş torpaqlara göndərilməsi bunu göstərir. Ona görə, hesab edirəm ki, onların fəaliyyəti müsbətdir. Bu fəaliyyət əminəm ki, belə də davam edəcək. Amma yenə də Azərbaycan ərazisində hər hansı bir başqa xarici qüvvələrin yerləşməsi müzakirə mövzusu deyil”.

Bununla belə, dövlət başçısı sülhməramlıların ünvanına bəzi iradalar da səsləndirdi:

“Biz orada hazırda nəyin baş verdiyini bilirik. Müharibə dövründə də, ondan qabaq da bilirdik. Bu, təbii ki, bizə müharibə vaxtı kömək edirdi. Elə indi də kömək edir. Ona görə, indi Rusiya sülhməramlıları tərəfindən xarici vətəndaşların Dağlıq Qarabağa gizli buraxılışı istiqamətində fəaliyyətləri görəndə bu, bizdə təəccüb doğurur. Biz Rusiya tərəfi ilə razılaşmışıq ki, ora əcnəbilər yalnız bizim razılıqla daxil ola bilər. Razılaşma pozulur. Əlavə heç nə deməyəcəyəm, bəlkə bunu yenə şərh etmək lazım olacaq. Ancaq ora kimin girib-çıxdığını soyadınadək bilirik”.

Ölkə başçısı separatçı ermənilərin Qarabağda rus dilinə “dövlət dili” statusu verəcəyi barədə yayılan xəbərlərə də reaksiya verib. Xatırladaq ki, bunu Araik Arutunyan bildirib. Rusiya prezidentinin köməkçisi Peskov isə “biz ancaq bunu alqışlaya bilərik”, – deyə reaksiya verib.

Azərbaycan prezidenti bu məsələni separatçıların manipulyasiyası adlandırdı:

“Dağlıq Qarabağ mövcud deyil. Hər kəs oranı Azərbaycanın tərkib hissəsi kimi tanıyır. Azərbaycanda yeganə rəsmi dil Azərbaycan dilidir. Ona görə də Azərbaycan ərazisində başqa dilin rəsmi statusu ola bilməz. Eyni zamanda, biz heç bir dilə qarşı hər hansı məhdudiyyət qoymuruq. 340-a yaxın rusdilli məktəbimiz var. Ermənistanda isə bu rəqəm sıfırdır. Yalnız orada rus hərbi kontingentinin uşaqları üçün məktəb var”.

Prezidentin Xocalı mövzusunda söylədikləri isə günün anlam və önəminə uyğun idi:

“Biz Xocalı qurbanlarının intiqamını döyüş meydanında aldıq. 44 gün davam edən ikinci Qarabağ müharibəsində Ermənistan ordusunu darmadağın edərək, öz tarixi torpaqlarımızı işğalçılardan azad edərək, o cümlədən Xocalı qurbanlarının da qanını aldıq. Xocalıya qayıdacağıq, başqa yolu yoxdur. Bunu Ermənistan da anlamalıdır, süni əngəllər yaratmağa çalışsa, ancaq özünə əngəl ola bilər”.

Digər çox önəmli məqam prezidentin Türkiyə ilə hərbi əməkdaşlıq və Azərbaycan ordusunun hansı model əsasında qurulacağı haqda söylədikləri idi:

“Mən müharibə dövründə demişdim və bu, hər kəsə bəllidir ki, Türkiyə ordusu dünya miqyasında ən güclü ordular sırasındadır. NATO-da güc baxımından ikinci ordudur və biz də Azərbaycanda Türk ordusunun kiçik modelini yaratmaq əzmindəyik. Artıq bu sahədə əməli-praktiki işlərə start verilib. Bizim hərbi işbirliyimiz gündən-günə möhkəmlənir. Türkiyədən yeni silahların alınması istiqamətində işlər aparılır. O silahlar yaxın zamanlarda gələcək. Bizim ordumuz daha güclü, daha çağdaş olmalıdır. Türkiyə Silahlı Qüvvələrinin modeli bizim üçün ən məqbul modeldir. Bu istiqamətdə də bundan sonra bərabər çalışacağıq”.

 

Yekunda qeyd edək ki, prezident İlham Əliyevin Qarabağda gedən proseslər, Rusiya sülhməramlılarının fəaliyyəti və bu missiyanın perspektivi barədə suallara cavabı Azərbaycan ictimaiyyətində müsbət qarşılandı. Aydın oldu ki, bu prinsipial məsələ ilə bağlı cəmiyyətlə hakimiyyət arasında fikir ayrılığı yoxdur. Narahatlıq yaradan məqam isə taleyüklü məsələlərlə bağlı xalqa vaxtaşırı informasiyanın verilməməisidir. Bu çatışmazlıq mütləq aradan qaldırılmalıdır.(pressklub)

Turqut


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam