Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Büdcə pullarını mənimsəmə mexanizmi:TENDERLƏR

Dövlət orqanlarının keçirdiyi tenderlər və satınalmalar vasitəsilə hər il yüz milyonlarla vəsait şəxsi ciblərə axır

Yenixeber.org: Ayrı-ayrı nazirliklər və digər dövlət strukturlarının fəaliyyəti ilə bağlı aparılan araşdırmalar, həyata keçirilən həbslər həm də onların ümumi korrupsiya mexanizmindən istifadə etdiyini ortaya qoydu. Söhbət tenderlər yolu ilə böyük həcmdə dövlət vəsaitinin mənimsənilməsindən gedir.

Təkcə Rabitə və Yüksək Texnologiyalar Nazirliyində 2015-ci ilin oktyabrına qədər tenderlərdə ya özlərinin, ya da yaxın adamlarının şirkətlərinin qalib elan edilməsi yolu ilə 100 milyon manatdan artıq vəsaitin mənimsənilməsinin üstü açıldı. 5 il sonra – 2020-ci ildə bənzər hallar Mədəniyyət və Turizm Nazirliyində, Xarici İşlər Nazirliyində də aşkarlandı. Məlum oldu ki, müəyyən işlərin görülməsi üçün nazirliklərdə, digər dövlət idarələrində elan edilən tenderlər formal xarakter daşıyır. Qərar verənlər ya özlərinə yaxın, ya da sənəd üzərindəki adından başqa heç bir fəaliyyəti olmayan şirkətləri qalib elan edirlər. Büdcədən ayrılan vəsaitlər həmin şirkətlərin hesabına köçürüləndən sonra nağdlaşdırılaraq geri alınır. Formal şirkətlərə isə bu xidmətin müqabilində müəyyən ödəniş olunur.

Keçmiş Milli Təhlükəsizlik Nazirliyinin generallarının işində zərərçəkmiş kimi tanınan şəxslərdən biri Daşkəsən rayon İcra Hakimiyyətinin tikinti-memarlıq şöbəsinin müdiri Elman Məmmədov idi. İddia olunur ki, MTN əməkdaşları şöbə müdirini Bakıda saxlayıb, nazirliyin binasına gətirib, üstündə olan 680 min manatı əlindən alıblar. İcra başçısı məsələdən xəbər tutan kimi Bakıya gəlib və işçisini buraxdırıb. Bu işdə maraqlı məsələ həm də 680 min manatın mənbəyi idi. Məlum olmuşdu ki, Daşkəsən-Xoşbulaq-Astav avtomobil yolunun və Astav kəndinə gedən hissəsində körpünün tikintisi üçün dövlət büdcəsindən 2 milyon manat pul ayrılıb. İcra Hakimiyyəti bu işi görmək üçün tenderdə yol tikintisi sahəsində heç bir təcrübəsi olmayan “Dizayn Construction” MMC-ni qalib elan edib. Birinci mərhələdə büdcədən 700 min manat vəsait şirkətin hesabına köçürülüb. İcra Hakimiyyətinin şöbə müdiri Bakıya gəlib və şirkətin nümayəndəsi bankdan pulu çıxararaq, ona verib. Öncədən telefon danışıqlarını dinləməklə məsələdən xəbərdar olan MTN əməkdaşları Elman Məmmədovun Daşkəsənə qayıtmasına imkan verməyib və onu saxlayıb nazirliyə gətirərək, pulu alıblar.

Bu korrupsiya faktı rəsmi şəkildə cinayət işinin materiallarında əksini tapsa da, heç bir tədbir görülmədi.

Keçmiş deputat, iqtisadçı Nazim Bəydəmirli deyir ki, dövlət orqanlarında əli tenderə çatanların demək olar ki, hamısı tenderlərə korrupsiya fürsəti kimi baxır, dövlət resurslarından şəxsi resursları kimi istifadə edirlər. Bu baxımdan istənilən dövlət strukturundakı məmurları belə ittihamlarla həbs eləmək asandır:

“Əgər gerçək yoxlama keçirilsə, kommunal xidmət göstərən dövlət şirkətlərində, nazirliklərdə tenderlərin keçirilməsi, qaliblərin elan edilməsi və kağız üzərində nəzərdə tutulan işlərin icrasında çox ciddi korrupsiya halları ortaya çıxar. Tenderdə iştirak edən şirkətlərin üzərlərinə götürdükləri işlə bağlı təcrübəsi olmalıdır. Satınalmalar haqqında qanuna uyğun olaraq, tenderlərin keçirilməsi prosesində şəffaflıq təmin edilməlidir. Araşdırmalar isə göstərir ki, qalib elan edilən əksər şirkətlərin çox vaxt təcrübəsi olmur. O şirkətlərin tenderdən bir neçə həftə, hətta bir neçə gün əvvəl qeydiyyatdan keçdiyi məlum olur. Əksəriyyəti də eyni ünvanda qeydiyyatdan keçir. Elə ünvan var ki, orada 200-300 MMC qeydiyyatdadır. Bu MMC-lər SOCAR və başqa dövlət şirkətlərinin keçirdiyi milyonlarla manatlıq tenderlərdə iştirak edir, kağız üzərində qalib olur. “Azərsu”, “Bakıelektrikşəbəkə” rəhbərlərinin öz qohumlarının şirkətlərini qalib etməsi haqda jurnalist araşdırmaları var”.

Keçmiş deputat problemin kökünü qanunvericilikdə axtarmağın tərəfdarı deyil. O, hesab edir ki, qanunda boşluqlar olsa da, əsas səbəb bu deyil.

Maliyyə Nazirliyi, Hesablama Palatası mütəmadi olaraq dövlət strukturlarında yoxlamalar aparır, büdcə vəsaitinin necə xərcləndiyini araşdırır. Necə olur ki, hüquq-mühafizə orqanlarının əməliyyatları nəticəsində üzə çıxan yeyinti hallarını bu qurumlar vaxtında üzə çıxara bilmir?

N.Bəydəmirlinin sözlərinə görə, hansısa yüksək vəzifəlinin cəzalandırılmasına qərar veriləndə gerçək yoxlamalar işə düşür:

“Azərbaycanda qanunlar sistemi yox, münasibətlər sistemi işləyir. Yüksək vəzifəli məmurların əksəriyyətinin bir-biri ilə qohumluq əlaqələri olur. Bəzən buna görə, bəzən də başqa nələrinsə müqabilində göz yumurlar. Kimlərsə ölkə rəhbərliyinin gözündən düşəndə gerçək yoxlamalar başlayır. Dəqiq yoxlamalar vasitəsilə də korrupsiyanın üstü açılır”.

“Şəffaflıq Azərbaycan” İctimai Birliyinin icraçı direktoru Əliməmməd Nuriyev də bildirdi ki, dövlət satınalmalarıyla bağlı apardıqları araşdırma bu sahədə ciddi problemləri ortaya çıxarıb. Məlum olub ki, dövlət satınalmaları zamanı qiymətlərin şişirdilməsindən tutmuş, öz şirkətlərinin qalib elan edilməsinə qədər, müxtəlif qanun pozuntularına yol verilir.

2019-cu ildə təxminən 10 min, 2020-ci ildə isə 12 minə yaxın dövlət satınalmasının həyata keçirildiyini deyən Ə.Nuriyevin sözlərinə görə, dövlət büdcəsinin əhəmiyyətli hissəsi də satınalmalara yönəlir – illik təxminən 4-6 milyard manat vəsait:

“Büdcənin təsdiqindən sonra bütün dövlət satınalmaları ilə bağlı plan tender.gov.az saytında yerləşdirilməlidir. Müəyyən etdik ki, qanunun bu tələbinə 60 faiz hallarda əməl olunur. 40 faiz hallarda yerləşdirilmir. Dövlət satınalmaları sahəsində müqavilə qiymətlərinin artırılması, qiymətlərin şişirdilməsinin şahidi olduq. Eyni şirkətlər tərəfindən müxtəlif istiqamətlərdə satınalma prosesində iştirak faktı üzə çıxdı. Məsələn, bir şirkət həm tikinti, həm İKT (informasiya-kommunikasiya texnologiyaları), həm qida ilə məşğuldur. Bu da şübhələr yaradır. Müqavilələrin vaxtında icra edilməməsinin şahidi olduq. Eyni dövlət orqanının daim qalib elan etdiyi şirkətlər üzə çıxdı. Məsələn, Azərbaycan Meliorasiya və Su Təsərrüfatının tenderlərinin əksəriyyəti 5 şirkətə verilir. Bu qurum çox böyük məbləğdə satınalmalar həyata keçirir, milyardlarla büdcə vəsaiti xərclənir. Bundan başqa, müxtəlif şirkətlərin eyni ünvanda qeydiyyatda olması müəyyənləşdi”.

Ə.Nuriyev həm aşkarlanan qanun pozuntularını, həm də təkliflərini sistemləşdirib, hesabat şəklində uyğun dövlət orqanlarına göndərdiklərini söylədi. Onun sözlərinə görə, satınalmalar haqqında qanunda dəyişikliyə də ehtiyac var:

“Dəyişikliklərlə bağlı təkliflərimizi İqtisadiyyat Nazirliyinə göndərdik. Anlayışla qəbul edildi. Hazırda satınalmalara dair yeni qanun layihəsi hazırlanır. Təkliflərimiz orada əksini tapıb”.(pressklub)

Gülər


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam