Rusiya “sülhməramlıları”na "DUR" deyən tapılacaqmı?
Azərbaycan XİN nə üçün Azərbaycanın icazəsi olmadan, sərhədlərini pozaraq Dağlıq Qarabağa gələn Ermənistan və Rusiya vətəndaşlarının bundan sonra da qara siyahıya salınacağını bəyan etmir?
Yenixeber.org: KİV-də yayılan məlumatlara görə fevral ayının 6-da Rusiya “sülhməramlıları” Ermənistandan Azərbaycan ərazisinə keçməyə cəhd edən bir qrup fransız jurnalisti Laçın rayonu ilə sərhəd məntəqəsində saxlayaraq Xankəndinə getmələrinə icazə verməyib və bu erməni tərəfinin «hiddətinə” səbəb olub. Bunu ”nəzərə alan” “sülhməramlıların” komandiri Rustam Muradov Ermənistan Müdafiə naziri Vaqarşak Arutyunyana “izahat məktubu” yazıb. R.Muradov məktubunda qeyd edib ki: “yalnız Ermənistan və Rusiya vətəndaşları Laçın dəhlizindən keçərək Ermənistandan Qarabağa gedə bilərlər (?). Qarabağı ziyarət etmək üçün digər ölkələrin vətəndaşlarının Azərbaycandan icazə alması lazımdır”. Rustam Muradovun bu “açıqlaması” Rusiya “sülhməramlılarının” hədlərini aşmasının daha bir bariz nümunəsidir və qətiyyən yol yolverilməz haldır! Təbii, Rustam Muradov kimdir ki, Azərbaycan dövlətinin süveren hüquqlarının pozulmasına rəvac verən belə bir açıqlama verməyə cəsarət etsin. Hər şeydən göründüyü kimi, Rusiya “sülhməramlılarını” yerləşdirdiyi əraziləri de-fakto öz ərazisi hesab edir, bu əraziləri Azərbaycan qanunları ilə deyil, Rusiya qanunları ilə “idarə edir” və Rustam Muradovda öz bədnam açıqlaması ilə bunu təsdiq etmiş olur. Rusiya tərəfinin Ermənistan da daxil olmaqla, heç bir xarici dövlət təmsilçilərinin və vətəndaşlarının Azərbaycanın icazəsi olmadan Dağlıq Qarabağa daxil olmasının yolverilməzliyi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin açıqlamasından xəbəri olmamış deyil. Belə isə Rusiyanın, Rustam Muradovun timsalında, belə bir açıqlama verməsi nə ilə izah edilə bilər? Nə üçün Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Rustam Muradovun bu yolverilməz açıqlamasına indiyəcən münasibət bildirməyib? Nə üçün və hansı haqla Ermənistan və Rusiya vətəndaşları sərbəst şəkildə Azərbaycan sərhədlərini pozaraq Dağlıq Qarabağa gəlməlidirlər? Məlumdur ki, Azərbaycan daim onun sərhədlərini pozaraq Dağlıq Qarabağa gələn əcnəbiləri, o cümlədən Rusiya yetkililərini və vətəndaşlarını, qara siyahıya alıb və onların bir daha Dağlıq Qarabağa gəlməsini yasaqlayıb. Azərbaycan XİN nə üçün Azərbaycanın icazəsi olmadan, sərhədlərini pozaraq Dağlıq Qarabağa gələn Ermənistan və Rusiya vətəndaşlarının bundan sonra da qara siyahıya salınacağını bəyan etmir?
Rusiyanın öz “sülhməramlılarının” Azərbaycan ərazisində yerləşdirilməsi faktından istifadə edərək, beynəlxalq hüquqlara və sülhməramlıların dünyada hamı tərfindən qəbul edilmiş mandatına zidd olaraq Dağlıq Qarabağda “hümanitar yardım” adı ilə həyata keçirdiyi “fəaliyyəti” haradasa “başadüşülən” olsa da, Rustam Muradovun timsalında yuxarıda qeyd edilən açıqlama verməsi qətiyyən yolverilməzdir və bu Azərbaycanın süverenliyinə təhdiddir! Azərbaycan xalqı Rusiya tərəfinin bu tipli açıqlama verməsinə və onun reallaşdırılmasına istiqamətlənmiş hərəkətlərinə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin qəti etiraz etməsini və belə hərəkətlərin bir daha təkrarlanmamasını tələb etməsini gözləyir.
Teyyub Qənioğlu: Təkamül Partiyasının sədri