Partiya sədri SOCAR-ı və “Azərsu” ASC-ni "topa tutdu"-Nə üçün xərcləri fantastik artır? Nə üçün xərclərin tərkibi, mənbəyi araşdırılmır?...
Xərclərin artdığını, ziyanla işlədiyini bəhanə gətirib rəhbərlik etdiyi sahədə qiymət artımana nail olan məmurların, onların övladlarının eyş-işrət içidə, firavan həyat sürdüyünü görən, öz övladının isə elementar ehtiyacını ödəyə bilməyən vətəndaş bunun təqsirini dövlətdə görür
Yenixeber.org: İqtisadiyyatı neftdən asılı olan ölkənin iqtisadi ikişafına öz töhfəsini verməli oaln, dövlətin bütün neft-qaz sektorunu “idarə edən”, dövlətə məxsus Azərbaycan Dövlət Neft Şirkəri (SOCAR) dövlət büdcəsinə ödədiyi vəsaitdən daha çoxunu dövlət büdcəsindən alır. Xarici ölkələrlərdə milyardlarla dollar vəsait xərcləyərək neft emalı zavodları tikən, yanacaqdoldurma məntəqələri açan, qazpaylayıcı şəbəkə quraşdırıb istismar edən bu Şirkət öz döğma ölkəsində neft emalı zavodunu yanidən qurmaq üçün vəsait tapmır (?). “Öz fəaliyyətini həyata keçirmək üçün” aldığı xarici kreditləri “qaytara bilmədiyindən” onu dövlət büdcəsi hesabına sildirir. Bu azmış kimi bu Şirkət ƏDV-dən azad edilir!(?). Səbəb- Şirkətin zərərlə işləməsidir!(?) Zərəri ödəmək üçün benzinin, dizelin qiymətini artırmaq lazımdır(?), yəni zərər vətəndaşın hesabına ödənilməlidir? Bu Şirkətdən soruşan yoxdur ki, zərərlə işləyirdinsə nə üçün ciddi zərurət olmadan yarım milyadr manata yaxın vəsait xərcləyib yeni inzibati bina tikdirirdin? Və nə üçün Azərbaycanın neft-qaz yataqlarının birgə işlənməsinə dair 30-dan çox sazişin iştirakçısı olan xarici tərəfdaşlar mənfəətlə işlədiyi halda yalnız ARDNŞ ziyanla işləyir? Nə üçün ARDNŞ-nin xərcləri ildən ilə fantastik artır? Nə üçün bu Şirkətin xərclərinin tərkibi, mənbəyi araşdırılmır? “Ziyanla işləyən” ARDNŞ-nin rəhbərlərinin, KİV-də yayılan məlumatlara görə, milyonlarla ölçülən əmlakının mənbəyini araşdıran varmı, yoxdursa nə üçün?
İndi də su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin tarifləri 100%, yəni iki dəfə artırılır. Səbəb kimi yenə də “...son illər su təchizatının əhatə dairəsinin genişləndirilməsi, əhalinin fasiləsiz və keyfiyyətli su təchizatı üçün yeni infrastrukturların istismara verilməsi ilə əlaqədar elektrik enerjisi, mal-material, nəqliyyat və təmir xərclərinin artması, həmçinin Səhmdar Cəmiyyət üzrə işçilərin sayının və əməkhaqların yüksəlməsi nəticəsində mövcud tariflərlə gəlirlərin fəaliyyət üzrə xərcləri qarşılamaması” göstərilib.Yenə də araşdıran yoxdur ki, “Azərsu” ASC-nin xərcləri həqiqətən də deyilən miqyasda artıb? Yenə də, nə üçün bu ASC-in xərclərinin tərkibi və mənbəyi araşdırılmır? Deyirlər ki, “Tarif tənzimlənməsi “Azərsu” ASC-nin maliyyə-təsərrüfat fəaliyyətinin sağlamlaşdırılmasına imkan yaradacaq”. Bəs nə üçün maliyyə-təsərrüfat fəaliyyəti bərbad olan “Azərsu” ASC –nin hansı səbəbdən, ciddi zərurət olmadan özünə 280 milyon manata başa gələn yeni inzibati bina tikdirdiyi soruşulmayıb? Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin tariflərinin iki dəfə artırılmasının əhalinin güzəranına ciddi təsir göstərməyəcəyini “əsaslandırmaq” üçün qeyd edirlər ki “...2016-2020-ci illərdə orta aylıq əməkhaqqı 41%, pensiya 69% artıb”. Bəs bu müddət ərzində manatın kəskin devallvasiyası nəticəsində nominal əmək haqqının alıcılıq qabiliyyətinin yarıbayarı azaldığını, yağın qiymətinin orta hesabla 200-250%; ətin qiymətinin iki dəfədən çox, südün, pendirin və s. gündəlik tələbat mallarının, elktirk enerjisinin, qazın, benzinin, dizel yanacğının qiymətinin əhəmiyyətli dərəcədə artmasını nə üçün “nəzərdən qaçırırlar”? Yenə də, KİV-də yayılan məlumatlara görə, “Azərsu” ASC-nin bəzi rəhbərlərinin milyonlarla ölçülən əmlakının mənbəyini araşdıran varmı, yoxdursa nə üçün?
Bir neçə gün öncə KİV-də Azərbaycan Mərkəzi Bankı (AMB) üçün yeni inzibati binanın tikilməsi məqsədi ilə Türkiyənin "Tekfen Holding" şirkəti ilə 218 mln. avroluq müqavilənin bağlandığı xəbəri yayılmaşdı. Bu xəbər ictimaiyyət tərəfindən ciddi təpki ilə qarşılandığından xəbər təkzib edilmişdi. Ancaq bir neçə gün keçdikdən, xəbər ətrafında ajiotaj yatdıqdan sonra, yanvarın 29-da faiz dəhlizinin parametrlərinə dair onlayn mətbuat konfransında çıxış edən AMB-nin sədri Elman Rüstəmov deyib ki, AMB binanı öz hesabına tikəcək! Yəni dəyirman öz bildiyini edir, çax-çax isə baş ağrıdır! Azərbaycan Respublikasının qanunlarına görə mülkiyyət formasından asılı olmayaraq hər bir müəssisənin, təşkilatın və s. dövlət büdcəsi, eləcə də, büdcədən kənar fondlar qarşısında öhdəliklərinin yerinə yetirməsindən sonra əldə etdiyi xalis mənfət onun sərəncamında qalır və o, bu vəsaitin xərclənməsi üzrə sərəncam vermək hüquuquna malikdir. Təbiidir ki, AMB
da sərəncamında qalan vəsait hesabına özünə yeni inzibati bina tikdirə bilər. Amma, birinci, AMB-na yeni inzibati bina tikdirilməsinə ciddi zərurət varmı? İkinci, AMB dövlətə məxsusdur. Belə isə, işğaldan azad olunmuş ərazilərimizin bərpası üçün ciddi maliyyə vəsaitlərinə ehtiyacımız olduğu halda dövlətə məxsus AMB-nın sərəncamında qalan vəsaitin lüzümsiz yerə xərclənməsinə yol vermək nə qədər başadüşüləndir? Məlumdur AMB müştərilərlə birbaşa işləmir, onlara kreditlər vermir. AMB-nın gəlirləri kommersiya banklarına yuxarı faizlərlə verdiyi kreditlər hasabına aldığı gəlir hesabına formalaşır. AMB-dan yüksək faizlə kredit alan kommersiya bankları öz növbəsində kreditləri müştərilərə (həm hüquqi, həm də fiziki şəxslərə) yüksən faizlə vermək məcburiyyətindədir (?).Və bu vəziyyət ölkəmizdə sahibkarlığın inkişafının maliyyə təminatında ciddi çətinliklər yaratmaqdadır. Bu çətinliklərin aradan qaldırılmasının bir sıra yolları vardır ki, onlardan biri bank sektorunda olan inhisarçılığın aradan qaldırılması, digəri, yüksək reytinqli xarici bankların ölkəmizə dəvət edilməsi və onların fəaliyyəti üçün əlverişli hüquqi zəmin yaradılmasıdır. Ancaq AMB öz mövqeyini qorumaq üçün buna hər vasitə ilə ciddi maneə yaradır və hansı səbəblərdənsə bunun qarşısı alınmır.
Nəticədə nə baş veir? Müxtəlif, ciddi şəkildə araşdırılmayan səbəblərdən benzinin, dizelin qiyməti artırılıb və bu zəncirvari reyaksiya doğuraraq bütün xalq istehlakı mallarının qiymətinin durmadan artmasına gətirib çıxarıb. İndi də, su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin tarifləri iki dəfə artırılıb. Bu da, şübhəsiz gündəlik tələbat mallarının qiymətinin artmasına yeni təkan verəcək. Belə getsə bir müddət sonra yuxarıda göstərilən “səbəblərdən” qazın, elektrik enerjisin pərakəndə satış qiymətlərinin də artırılmasının şahidi olacağıq. Bütün bünların əhalinin güzəranına cidi mənfi təsir göstərəcəyi şübhəsizdir. Məlumdur ki, Azərbaycan vətəndaşlarının, xususilə də aztəminatlıların, mütləq əksəriyyəti banklardan istehlak kreditləri və ipoteka kreditləri alıblar. Gündəlik tələbat mallarına, kommunal xidmətlərə çəkilən xərclərin artmasının bank kreditlərinin ödənilməsində yeni çətinliklər yaradacağı, beləliklə də, problemli kreditlərin məbləğinin artacağı gözləniləndir. Həm də nəzərdan qaçırmaq olmaz ki, pandemiya səbəbbindən milyona yaxıin vətəndaşımız gəlir mənbəyini itirmişdir. Bütün qeyd edilənlər vətəndaşlar arasında ciddi narazılıq doğurmaqdadır və bu cəmiyyətdə sosial gərginliyi artıra bilər.
Hər şeydən göründüyü kimi, Tarif Şurası heç bir araşdırma aparmadan ona verilən əsaslandırılmamış təkliflər əsasında qiymət artımına rəvac verir. Əslində Tarif Şurası indiki tərkibdə formal bir qurumdur və onun qiymətlərin artırılması üçün verilmiş “əsaslandırmaları” təhlil etmək imkanı yoxdur. Ona görə də, fikrimizcə, qiymət artımına getməmişdən əvvəl verilən təkliflərin hərtərəfli təhlili, araşdırılması üçün Tarif Şurasının nəzdində savadlı iqtisadçılardan ibarət “Təhlil Komissiyası”nın yaradılması məqsədəuyğun olardı. Belə Komissiyanın yaradılması əsassız olaraq fantastik qiymət artımının qarşısını ala bilər. Bununla yanaşı, dövlət idarə və müəssisələrinin təsərrüfat-istehsal fəaliyyətinə nəzarət gücləndirilməli, əsassız, dəfələrlə şişirdilmiş xərclərin qarşısı alınmalı, buna rəvac verən məmurlar ciddi cəzlandırılmalıdır. Korrupsiyaya şərait yaradan səbəblərdən biri və birincisi olan dövlət büdcəsində xərclərin ümumi şəkildə göstərilməsinə son qoyulmalı, yerinə yetirlməsi planlaşdırılan tədbirlər və onlara sərf ediləcək xərclər dəqiq göstərilməlidir. Büdcə vəsaitlərinə xərclərə nəzarət məqsədi ilə Milli Məclisdə yaradılmış Hesablama Palatasına göstəriş verilməlidir ki, yoxlamalarını dövlət büdcəsindən qəpik-quruş alan bələdiyyələrdə və kiçik idarə və müəssislərdə yox, büdcədən maliyyələşən nazirliklərdə, dövlət idarə və müəssisələrində, açıq və qapalı səhmdar cəmiyyətlərdə, şirkətlərdə obyektiv şəkildə aparsın. Dövlət məmurlarının gəlir deklorasiyasını verilmələri nəhayət ki, tələb və təşkil edilməlidir. KİV-nə hətta ötəri baxış göstərir ki, korrupsiyaya, rüşvətə bulaşmayan dövlət orqanı, idarə və müəssisəsi tapmaq çətindir. Ona görə də, son illər korrupsiyaya, rüşvətxorluğa qarşı ölkəmizdə aparılan tədbirlər daha da gücləndirilməli, qanun pozuntularına yol vermiş məmurlar ciddi cəzalandırılmalıdır.
Azərbaycan xalqı dözümlü xalqdır! O, obyektiv səbəblərdən meydana çıxan çətinliklərə dözməyi, onlara qalib gəlməyi bacarır və buna qadirdir! Amma xərclərin artdığını, ziyanla işlədiyini bəhanə gətirib rəhbərlik etdiyi sahədə qiymət artımana nail olan məmurların, onların övladlarının eyş-işrət içidə, firavan həyat sürdüyünü görən, öz övladının isə elementar ehtiyacını ödəyə bilməyən vətəndaş bunun təqsirini dövlətdə görür. Ona görə də, istənilən sahədə qiymət artımına ehtiyatla yanaşmaq, imkan daxildə qiymət artımından qaçmaq, buna obyektiv zərurət olarsa optimal yanaşmaq lazımdır. Hesab edirk ki, indiki pandemiya şəraitinin
əhalinin güzəranına mənfi təsiri nəzərə alınaraq, əmtəə və xidmətlərin dövlət tərəfindən tənzimlənən qiymətlərinin artırılmasından qaçmaq daha məqsədəuyğun olardı.
Teyyub Qənioğlu: Təkamül Partiyasının sədri (xüsusi olarq yenixeber.org üçün)