Müasir dünyanın reallığı:"haqq", "ədalət" haqlının yox, güclünün tərəfindədir
Yenixeber.org: Dünya yaranandan, demək olar ki, həmişə, "haqq", "ədalət" haqlı olanın yox, güclü olanın tərəfində olmuşdur, təəssüf ki, bu gün də belədir. Bu ədalətsizliyin nəticəsində, həmişə, uduzan tərəf haqlı olanlardır. "Güclü" olanlar özlərinin müəyyən məqsədlərinə çatmaq üçün, mövqelərindən, güclərindən istifadə edərək, haqlı, ancaq müəyyən səbəblərdən "zəif" olanlara "layiq olduqlarını" deyil, "münasib bildiklərini" verirlər. Belə vəziyyətdə seçim qarşısında qalan "zəif" olanlar reallıqdan çıxış edərək, ya "rəva görülənlə" razılaşırlar, ya da, güc toplayana qədər, ondan imtina edirlər. Yaxın tariximizdə Azərbaycanımız da belə bir seçim qarşısında qalmışdı. Belə ki, ötən əsrin 90-cı illərində ölkəmizdə baş alıb gedən özbaşınalıq, hakimiyyətsizlik, qarşıdurmalar nəticəsində Azərbaycanımz siyasi-iqtisadi cəhətdən xeyli zəifləmişdi, müstəqilliyini, süverenliyini, ərazi bütövlüyünü müdafiə etmək üçün mütəşəkkil, güclü orduya, mənafeyini qoruya biləcək dost dövlətllərə malik deyildi. Baxmayaraq ki, o zaman da Türkiyə, Pakistan Azərbaycana müəyyən siyasi və hərbi dəstək verirdi, ancaq bunlar yetərli deyildi. Nəticədə qatı antitürk, antimüsəlman, qatı xristian mövqelərdən çıxış edən xarici himayədarlarının güclü hərbi-iqtisadi eləcə də, siyasi dəstəyinə arxalanan satqın, qaniçən, faşist təbiətli, bütün insani hisslərdən məhrum olan bir ovuc erməni quzğunu torpaqlarımızın 20,0%-ni işğal etməyə, milyondan çox soydaşlarımızı qaçqın və köçkün vəziyyətinə salmağa nail oldular. Bu azmış kimi, özünün güclü mövqeyindən çıxış edən, demokratiyanın, insan haqlarının qoruyucusu kimi özünü dünyaya sırımağa çalışan ABŞ təcavüzkar Ermənistanı qınamaq, ona sanksiyalar tətbiq etmək əvəzinə, 1992-ci ildə, qanunverici orqanı vasitəsilə təcavüzə məruz qalan Azərbaycana sanksiyaların tətbiqini nəzərdə tutan 907-ci düzəlişi qəbul etmişdir. Azərbaycanın haqlı mövqeyini müdafiə edən beynəlxalq ictimaiyyətin təzyiqi nəticəsində BMT, 1993-cü ildə, Azərbaycanın işqal olunmuş ərazilərindən təcavüzkar erməni qoşunlarının qeyd-şərtsiz çıxarılmasına dair ardıcıl 4 qətmanə qəbul etsə də, onlar yenə də, ermənilərin güclü havadarlarının dəstəyi nəticəsində 30 ilə yaxın müddətdə yerinə yetirilmədi. Bütün bu müddət ərzində dünyada haqqın, ədalətin, hüququn deyil, gücün əsas rol oynadığını nəzərə alan Azərbaycan səbrlə, ancaq dönməz, ardıcıl şəkildə siyasi, diplomatik, iqtisadi, hərbi sahələrdə güclü, əsaslı islahatlara start verdi, ölkə daxilində milli birliyə, vətəndaş həmrəylinə nail olunması, iqtidar-müxalifət münasibətlərinin sivil mübarizə yoluna qədəm qoyulması istiqamətində real addımlar atdı. Və bu istiqamətlərdə atılan ardıcıl addımların nəticəsində Azərbaycanımız iqtisadi, hərbi, siyasi cəhətdən güclü dövlətə çevrildi, ölkəmizin beynəlxaq mövqeləri xeyli möhkəmləndi, ölkə daxilində xalq-iqtidar birliyinə nail olundu. Məhz bu amillər güclü, eyni zamanda haqlı olan, Ali Baş Komandan ətrafında bir yumruq kimi birləşən Azərbaycana 44 gün ərzində təcavüzkar Ermənistanı acı məğlubiyyət uğratmağa, süverenliyimizi de yure bərpa etməyə imkan verdi. Baş verənlər bir daha göstərdi ki, müasir dünyada ədalət yalnız güc yolu ilə zəfər çala, bərqərar ola bilər! Ancaq, yenə də, təəssüf ki, biz hələlik süverenliyimizi de -fakto tam təmin edə bilməmişik. Yenə də güc mövqeyindən çıxış edən ermənpərəst Rusiya buna imkan vermədi, müxtəlif bəhanələrlə, "sülhməramlı" adı altında, faktiki olaraq torpaqlarımızın bir hissəsini işğal etdi. Reallıq odur ki, bu gün Rusiya, yenə də güc mövqeyindən çıxış edərək, Dağlıq Qarabağda nəinki erməni mövcudluğunu qorumağa, hətta onlara hansısa "status" verilməsinə (verməyə!) cəhd edir. Belə ki, Rusiya Prezidenti V.Putin ənənəvi olaraq keçirdiyi illik mətbuat konfransında TASS əməkdaşının üçtərəfli bəyanatın 4-cü bəndi ilə bağlı sualından yayındı, sülhməramlıların Azərbaycan ərazisinə daxil olması ilə paralel erməni silahlılarının bu əraziləri tərk edəcəyi məsələsinə toxunmadı. Əksinə, Dağlıq Qarabağda
status-kvo qeydə alınmaqla, Laçın dəhlizi vasitəsi ilə Ermənistan və Dağlıq Qarabağ arasında mütləq əlaqə imkanı olmasını vurğuladı. Üstəlik Dağlıq Qarabağın statusunun dəyişməz olaraq qalmasını və ona gələcəkdə baxılmasını qeyd etdi. Məhz Rusiyanın sərgilədiyi bu mövqenin nəticəsidir ki, Ermənistanın xarici işlər naziri Ara Ayvazyan Fransanın “Le Monde” qəzetinə verdiyi müsahibəsində deyib ki: “Çoxları indi hərbi gücün tətbiqi ilə “Artsax”ın statusu məsələsinin gündəmdən çıxdığını düşünərək səhv edirlər. Minsk Qrupunun həmsədrləri (?) Qarabağın statusu məsələsinin danışıqların gündəliyində qaldığını təsdiqlədilər (?). Azərbaycan bu mövzuda razılaşmasa, Ermənistan “Artsax Respublikası”nın tanınması prosesini nəzərdən keçirəcək”. Azğınlığın dərəcəsinə baxın! Görünən odur ki, yenə də həm Rusiya, həm də havadarlarına arxalanan təcavüzkar erməni faşistləri reallığı qəbul etmək istəmirlər, "gücə" arxalanaraq revanş götürmək xəyalındadırlar. Deməli, biz Azərbaycan olaraq daha da güclənməliyik, Tükiyə, Pakistan və digər dost dölətlərlə hərbi əməkdaşlığımızı daha yüksək səviyyəyə qaldırmalıyıq. Ən başlıcası, ölkə daxildə əldə edilmiş milli, siyasi birliyi qoruyub saxlamalı, ona mane ola biləcək halları, baş verə biləcək narazılıqları vaxtında dəf etməliyik. Qoy düşmənlərimiz unutmasınlar: biz Azərbaycan olaraq öz mübarizəmizdə haqlıyıq, ədalətliyik, ədalətin bərqərar olması üçün yetərincə gücə malikik və buna nail olacağıq! Buna heç kəsin şübhəsi olmasın!
Teyyub Qənioğlu: Azərbaycan Təkamül Partiyasının sədri