Redaktor seçimi
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Günün xəbəri

Azərbaycan Qələbə paradını gözləyir-ŞƏRH

 

10 dekabrda keçiriləcək hərbi paradın böyük siyasi, mənəvi əhəmiyyəti, eyni zamanda rəmzi mənası var

Yenixeber.org: Dekabrın 10-da Azadlıq meydanında Azərbaycan Ordusunun Qələbə Paradı keçiriləcək. Azərbaycan işğalçı Ermənistanla sentyabrın 27-dən noyabrın 9-na qədər davam etmiş 44 günlük Vətən Müharibəsində əldə etdiyi parlaq zəfəri Silahlı Qüvvələrin təntənəli rəsmi keçidi ilə qeyd edəcək. Müdafiə Nazirliyinin məlumatına görə, hərbi paradda 3000 nəfərdən artıq şəxsi heyət, 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlər nümayiş etdiriləcək.

Paradda Azərbaycan Ordusunun düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş olunacaq.

Mərasimdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edəcək, o, artıq bu gün Bakıya gəlib. 44 günlük müharibənin zəfərlə başa çatmasında Türkiyənin Azərbaycana mənəvi, siyasi dəstəyi böyük rol oynayıb. Habelə, Azərbaycanın bu ölkədən aldığı müasir silahlar, pilotsuz döyüş aparatları və  başqa texniki vasitələr düşmən üzərində böyük üstünlüyümüzü təmin edib. Məlumatlara görə, Türkiyə ordusunun bölmələri də hərbi paradda Azərbaycan hərbçiləri ilə birgə addımlayacaq.

Bu, Türkiyə prezidentinin Azərbaycanda düzənlənən hərbi paradda ikinci iştirakı olacaq. Bundan əvvəl – 2018-ci il sentyabrın 15-də Osmanlı hökumətinin dəstəyi ilə Bakının erməni-daşnak işğalından azad edilməsinin 100 illiyi münasibətilə Azadlıq meydanında təşkil olunmuş təntənəli hərbi keçidə Ərdoğan da qatılmışdı. Həmin paradda Türkiyə Silahlı Qüvvələri ayrıca taborla iştirak edirdi.

Xatırladaq ki, Azərbaycanda ilk hərbi parad Xalq Cümhuriyyəti dövründə – 1919-cu il mayın 28-də Bakıda, indiki Muzey Mərkəzinin yerləşdiyi ərazidə keçirilib. Müstəqil Azərbaycan Respublikası dövründə ilk hərbi parad isə 1992-ci ilin oktyabrın 9-da baş tutub. 2008-ci il iyunun 26-da ölkəmizdə ikinci hərbi parad keçirilib. 2011-ci il iyunun 26-da Silahlı Qüvvələr Günü və dövlət müstəqilliyinin bərpasının 20 illiyi münasibətilə Azərbaycan Ordusunun növbəti hərbi paradı təşkil olunub. Azərbaycanda keçirilən dördüncü hərbi parad 2013-cü ildə Silahlı Qüvvələrin yaranmasının 95 illiyinə həsr edilib. Azərbaycan Ordusunun yaranmasının 100 illiyi münasibətilə keçirilən hərbi parad (sayca 5-ci) isə 2018-ci il 26 iyun tarixində – Silahlı Qüvvələr Gününə təsadüf edib.  Bu mərasim əvvəlkilərdən xeyli fərqlənib. Hərbi paradda ordumuzun malik olduğu yeni silahlar, hərbi-texniki avadanlıqlar nümayiş olunub. Təntənəli mərasimdə 240-dan çox hərbi texnika, gəmilər, 70-dən artıq uçuş vasitəsi, o cümlədən silahlanmaya yeni qəbul edilmiş ən müasir zirehli texnikalar, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, helikopterlər, pilotsuz uçuş aparatları kimi müxtəlif növ ən yeni silah və texnikalar nümayiş olunub. Paradda, həmçinin Türkiyə, Pakistan, Belarus, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Gürcüstan, İran, İsrail, Qazaxıstan, Özbəkistan, Rusiya, Səudiyyə Ərəbistanı və Ukraynadan olan 100-dək nümayəndə iştirak edib.

Sonuncu (altıncı) hərbi parad Azərbaycanın müstəqillik tarixində mühüm yer tutan 15 sentyabr – Bakının erməni-daşnak qüvvələrindən azad edilməsi günü münasibətilə baş tutub. Paradda Türkiyə Silahlı Qüvvələrinin bölmələri də iştirak edib, o cümlədən bu ölkədən alınan yeni hərbi texnikalar, silah sistemləri, artilleriya vasitələri, pilotsuz döyüş aparatları nümayiş etdirilib.

10 dekabrda keçiriləcək hərbi paradın böyük siyasi, mənəvi əhəmiyyəti, eyni zamanda rəmzi mənası var. Azərbaycan Ordusu 30 ilə yaxın müddətdə işğal altında olan torpaqların əsas hissəsini qısa müddətdə, nisbətən az itki ilə geri qaytardı. Hesablamalara görə, erməni silahlı birləşmələrinin nəzarətində olan 13 min kv. km. ərazinin 75 faizi, təxminən 10 min kv. km-i düşməndən təmizlənib. Ermənistan ordusu böyük itkilərlə üzləşib, müxtəlif rəqəmlərə görə, Dağlıq Qarabağda cəmləşdirilən ordu hissələrinin 40 faizi, hərbi texnikanın isə 65 faizdən çoxu məhv edilib. Məğlubiyyət Ermənistanda siyasi böhrana səbəb olub, hazırda müxalifət qüvvələri birləşərək baş nazir Paşinyanı hakimiyyətdən uzaqlaşdırmağa çalışır.

Qısa müddətdə Ermənistanın hərbi, siyasi, diplomatik cəbhələrdə üstünlüyünün darmadağın edilməsi və təşəbbüsün ələ götürülməsi əlbəttə, təntənəli hərbi keçidlə qeyd olunmağa layiqdir. Bu, Azərbaycan Ordusunun gücünün, qüdrətinin dünyaya nümayişi olacaq.

Türkiyə prezidenti R.T.Ərdoğanın mərasimə qatılması da 44 günlük müharibənin nəticələrini əks etdirən təbii reallıqdır. Müharibə günlərində Azərbaycana qətiyyətlə dəstək verən Türkiyə bu zəfərdə önəmli rola malikdir. Azərbaycan xalqı qardaş ölkənin bu dəstəyini böyük minnətdarlıqla qeyd edir və Ərdoğanı Bakıda qürurla salamlayır. Türkiyə-Azərbaycan birliyi böyük sınaqlardan uğurla çıxıb və bu ittifaq ölkələrin və regionun taleyində mühüm rol oynamaqda davam edəcək.(pressklub)

Turqut    


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam