“Əfsanəvi komandos”un puç olan “əməyi” – o, ölməzdən öncə Şuşanı alan igidləri gördü
44 günlük Qarabağ savaşında Azərbaycan Ordusu sözün əsl mənasında böyük hərbi peşəkarlıq nümayiş etdirdi. Xüsusilə Şuşanın işğaldan azad olunması bir daha Azərbaycan əsgərinin nəyə qadir olduğunu sübut etdi.
Yenixeber.org: Məlum olduğu kimi, 1992-ci ilin mayın 8-də Şuşanın ermənilər tərəfindən işğalı təkcə hərbi əməliyyatlarla deyil, həm də siyasi faktorlar ucbatından baş verib. Ermənilər isə Şuşanın işğal edilməsini qondarma “Dağlıq Qarabağ Respublikası”nın müdafiə qüvvələrinin “əfsanəvi” gücə malik olması kimi təqdim ediblər və Şuşanın işğalına başçılıq edən Arkadi Ter-Tadevosyanı “əfsanəvi komandos” adlandırıblar.
Ter-Tadevosyan Şuşanın işğalından sonra verdiyi müsahibələrdə “Dağlarda toy” adı altında keçirilən əməliyyat haqqında aşağıdakı açıqlamaları verib:
“Şuşanın coğrafi mövqeyi, relyefi, yerləşdiyi məkan o qədər mürəkkəbdir ki, həmin ərazidə hərbi əməliyyatlar keçirmək bir çox hallarda mümkünsüzdür. Amma biz bunu bacardıq. Qısa müddət ərzində döyüş hazırlığı keçdiyim “Dağlıq Qarabağ Respublikası”nın özünümüdafiə qüvvələri dünyanın ən elit ordularının səviyyəsini nümayiş etdirdi. Biz mümkün olmayan bir məsələni mümkün etdik, biz Şuşanı aldıq...”
Qeyd edək ki, Arkadi Ter-Tadevosyan 1939-cu ildə Tiflis şəhərində anadan olub. Orta təhsilini də bu şəhərdə alıb. Məktəbi bitirdikdən sonra Bakl Ali Ümumqoşun Məktəbinə qəbul olunub. Daha sonra Leninqradda arxa cəbhə və avtobobil xidməti hərbi akademiyasında təhsilini davam etdirib. 1987-ci ilə qədər Almaniya və Çexoslovakiyada dislokasiya olunan sovet qoşunlarında, daha sonra isə Belarusiyada xidmət edib. O, xidmət illərində əsasən hərbi birləşmələrin arxa cəbhə idarələrində çalışıb.
1987-ci ildə Ter-Tadevosyan Ermənistana qayıdıb. 1991-ci ildə o, Ermənistanın müdafiə nazirliyində polkovnik rütbəsində xidmətini davam etdirib. Qarabağ savaşı başlananda Ter-Tadevosyan Dağlıq Qarabağa göndərilib. Dağlıq Qarabağa xidmətə getməsinin səbəbini isə o, belə izah edib:
“Mən sovet zabiti olmuşam. Azərbaycanlılarla, gürcülərlə, ruslarla dostluq münasibətlərim olub. Belarusiyadan Ermənistana köçməyimin, oradan isə Dağlıq Qarabağa getməyimin əsas səbəbkarı həyat yoldaşım olub. Hasmik kifayət qədər ictimai fəal idi. O, təkid etdi ki, Dağlıq Qarabağın müstəqilliyi uğrunda mübarizəyə qoşulum. Beləliklə də, onun bu təkidini və təklifini qəbul etdim...”
Ter-Tadevosyan Dağlıq Qarabağda qondarma respublikanın özünümüdafiə qüvvələrinin formalaşması üçün bütün gücünü səfərbər edib və “artsax ordusu”nun qurucularından biri sayılıb.
O, Şuşa əməliyyatına görə 25 may 1992-ci ildə qondarma “DQR”-in qondarma “general-mayor” rütbəsi ilə təltif olunub. Şuşanın işğalının 17-ci ildönümündə isə “DQR”-in ən ali mükafatı sayılan “Artsax qəhrəmanı”na layiq görülüb.
Həmin ərəfələrdə Ermənistan mətbuatı Ter-Tadevosyanla bağlı dərc etdiyi yazılarda qondarma generalı az qala marşal Jukovla, Rokossovski ilə müqayisə ediblər. Yəqin ki, qələbə marşalları ilə arxa cəbhə zabitini müqayisə edənlər bu “tapıntı” üçün xeyli baş sındırmalı olublar.
Ter-Tadevosyan nə qədər özünə güvənli, özündən razı olsa da, 2016-cı il Aprel döyüşlərindən sonra mətbuata açıqlamalarında bəzi etirafları dilə gətirib:
“Azərbaycanın əsas məqsədi bizim qoşunlar və texnikamızın harada olduğunu öyrənmək idi. Hesab edirəm ki, Azərbaycan öz istəyinə nail oldu. Cəbhə xəttində baş verən hadisələr döyüşlə yanaşı kəşfiyyat xarakterli əməliyyat idi. Azərbaycanın əsas məqsədi bu məlumatları təhlil etmək və növbəti addımı atmaqdır. Biz onlara nə ilə cavab verdik? Gözlənilməzlik faktoru olduğundan biz bir neçə mövqe itirdik. Hesab edirəm ki, Azərbaycan genişmiqyaslı hücum qərarı verəcəyi təqdirdə faktiki olaraq başladığı işi davam etdirə biləcək...”
Bəli, general 4 il əvvəl söylədiyi fikirlərdə yanılmayıb. Həm də onun bu fikirləri Ermənistanın hərbi və siyasi rəhbərliyində qıcıq yaradıb. Xüsusilə Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra Ter-Tadevosyan unudulmuşların, diqqətdən kənarda qalanların siyahısına düşüb. Bir il öncə verdiyi müsahibəsində “general” bu məsələyə də toxunub:
“Erməni xalqı çətin bir vəziyyətə düşəndə birləşməyi və həmrəy olmağı bacarır. Amma belə məqamlarda oyuna hakimiyyət və siyasət girəndə hər şey dəyişir. Mənim haqqımda o qədər haqsız və yalan söhbətlər dolaşır ki, mən yalnız buna təəccüblənirəm. Təsəvvür edin ki, məni ordudan tərxis edirlər, amma xidmət illərimi şəxsi işimə düzgün yazmırlar ki, mən artıq vəsait almayım. “Şuşanın alınmasına görə” medalını mənə 10 ildən sonra verdilər. Elə olub ki, dəvət almağıma baxmayaraq, məni hərbi parada buraxmayıblar. Hətta Şuşanın işğal edilməsi ilə bağlı əməliyyata başqalarının başçılıq etdiyini söyləyənlər də tapılıb. Amma xalq hər şeyi yaxşı bilir və onlara gülür. Buna görə də mən xalqa daha yaxınam, nəinki yuxarılara...”
Ermənistan üçün bu təbii haldır, konfliktlər, siyasi çəkişmələr, çevrilişlər, sifarişli qətllər və s.
Bütün bunlar Ermənistanın daxili məsələləridir. Əsas və ən maraqlı məsələ isə 2020-ci ilin noyabrın 8-də müzəffər ordumuz Şuşanı düşmənlərdən azad edəndə Ter-Tadevosyanın hansı vəziyyətə düşməsidir. Özünü “əfsanəvi komandos” adlandıran qondarma general əsl əfsanəni, Azərbaycan Ordusunun qəhrəmanlığını eşidəndə hansı hissləri keçirib? “General” rütbəsini, “Şuşanın alınmasına görə” medalını, “Artsax qəhrəmanı” ordenini mundirindən çıxarıb döşəyin altında gizlətməyə macal tapıbmı?
İlham Cəmiloğlu