Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Çoxvektorlu rus faktoru-ANALİZ

Yenixeber.org: Son günlər Azərbaycan siyasi və ictimai dairələrində, sosial şəbəkələrdə “Rusiya faktoru” daha qızğın müzakirə olunur. Düzdür, Azərbaycanda Rusiya mövzusu hər zaman aktual olub. Məsələn, “Qarabağın açarı Rusiyadadır” kimi fikirlər ictimai şüura onilliklərlə yeridilib. Amma son vaxtlar belə müzakirələrin tezisləri və vektorları bir qədər dəyişib. Bunun çox səbəbi var. Biz Rusiya amilini həm tarixi, həm müasir aspektlərdən gözdən keçirməyə çalışaq.

                    Rusiya – SSRİ-nin üç əsas təsisçisindən birincisi

Rusiya 15 sovet respublikasının və bütövlükdə Şərq bloku ölkələrinin həyatında mühüm rol oynamış SSRİ-nin üç əsas təsisçisindən birincisidir. Ukrayna və Belarus bu ittifaqın çox mühüm subyektlərindən olsalar da, tarixi proses göstərdi ki, Sovetlər Birliyinin mərkəzi halqası və təşəbbüsün siyasi lokomotivi Rusiyadır.

Rus amili “Belovejsk” sazişi ilə deyil, Ukraynanın faktiki olaraq Qərbə üz tutması, Belarusun isə ayağını sürüyə-sürüyə də olsa, onun ardınca  getmək cəhdləri  nəticəsində bölgədə xeyli zəiflədi. “Rusiya SSRİ-ni bərpa edir” deyənlər unutmasınlar ki, Krımı qoparmaq hələ Sovetlər Birliyi qurmaq deyil, amma Ukrayna-Belarusu itirmək bu xəyalın ümumiyyətlə, alt-üst olmasıdır. Bunu Kremldə yaxşı bilirlər, ona görə də Solovyovun verilişlərində ancaq sabiqlər Putini təcili tədbirlərə, Rusiyanın imperialist maraqlarını qorumağa çağırırlar. Reallıq hissi özündə olan və prosesi yaxından izləyənlər başa düşürlər ki, artıq “qatar gedib”. Ancaq bunu dilə gətirmirlər, çünki belə iddialar nəzəri olsa da, yaşamalıdır.

                                             Yeni dünyada Rusiya

Rusiya yeni dünyada köhnələrin əsas müdafiəçisi kimi qalmaqdadır. Məsələn, Suriyada o, Əsəd rejimini, Liviyada qiyamçı Həftarı müdafiə edir. Qafqazda işğalçı Ermənistanı pulsuz silahlandırdığına dair məlumatlar təkzib olunmur. Üstəlik, Ermənistanla eyni hərbi blokdadır və ikitərəfli hərbi sazişləri var. Birinci Qarabağ Müharibəsində Xocalı başda olmaqla, bir çox Azərbaycan şəhərlərində Rusiyaya məxsus nizami hərbi hissələrin erməni dəstələri ilə birgə hərəkət etdiyi danılmaz faktlardır.

Şimal qonşumuz bu gün də öz tarixi rolunu oynamaqdadır. O, Ermənistanı silahlandırmaqda davam edir. Bir sözlə, zaman keçib, amma Rusiyada nəsillərlə bərabər, çox az şey dəyişib: ölkə imkanlarını itirsə də, iddialarından tam əl çəkməyib.

                                                Həmsədr Rusiya

Qarabağ münaqişəsinin diplomatik tənzimlənməsi üzrə ATƏT-in yaratdığı Minsk konfransının üç həmsədrindən biri Rusiyadır. Kreml dolayısı ilə iştirak etdiyi münaqişənin həllində vasitəçidir. Onun bu sahədə necə səmimi olacağını düşünmək və təsvir etmək xeyli çətindir. Çünki yuxarıda dediyimiz kimi, Moskva İrəvanla çoxtərəfli və ikitərəfli müttəfiqliyə malikdir. O, bu məsələdə hansı meyarlarla obyektiv vasitəçi ola bilər?

                                     Azərbaycan sərhədlərində Rusiya

Azərbaycan öz torpaqlarını işğaldan qismən azad edərək, Ermənistanla dövlət sərhədlərinin bir hissəsini bərpa etdi. Bunun ardınca sərhəddin Ermənistan tərəfində Rusiya bayraqları dalğalanmağa başladı. Mesaj aydındır – biz buradayıq. Bəs, Azərbaycan dövlət başçısı səviyyəsində dəfələrlə elan etməyibmi ki, onun Ermənistan ərazilərinə girmək niyyəti yoxdur? Belə anlaşılır ki, Kreml Azərbaycan Silahlı Qüvvələrinin və siyasi rəhbərliyinin addımlarına elə də arxayın deyil. Yaxud, Ermənistan bu məsələdə həddindən artıq dərin narahatlıq keçirdiyi üçün Kremldən belə formada yardım istəyib.

                                             Azərbaycanı tələyə salmaq

Ermənistan ərazisindən atılan orta mənzilli raketlərin Azərbaycanın dinc insanlarını hədəfə alması davam edir. Bu hərbi cinayətlərə beynəlxalq aləmdə reaksiya adekvat deyil. Üstəlik, tez-tez səslənən bir fikir də var ki, belə hücumlar Azərbaycanı Ermənistana eyni cavab verməyə sövq etmək və bununla da Rusiyanı münaqişəyə tərəf kimi qatmağa əsas yaratmaq məqsədi güdür. Azərbaycan isə düşmənin gözlədiyi addımı atmır. Əlbəttə, bütün hallarda ona döyüş meydanında cavab verir və bu, Azərbaycan cəmiyyətində müsbət qarşılanır.

                                               Rusiya üçün əlavə suallar

Maraqlı məqam odur ki, Ermənistan Respublikası savaşın ilk günlərindən Azərbaycanın dinc şəhərlərinə düşən raketlərin Qarabağda qondarma hərbi rejim tərəfindən atıldığını iddia edirdi. O zaman  suallar yaranır:  separatçı, dünyada heç bir ölkə tərəfindən tanınmamış rejim bu silahlara necə sahib olub? Aşağadakı variantlardan biri qaçılmaz olur:

  1. Onu Rusiya silahlandırıb;
  2. Ermənistan Rusiyadan aldığı silahları qondarma rejimə ötürüb;
  3. Bu silahları Rusiyadan İran alıb və qondarma rejimə verib;
  4. Ümumiyyətlə, Ermənistan öz arsenalında olan silahlardan və öz ərazisindən Azərbaycanı atəşə tutur.

Sonuncu bəndin daha inandırıcı olduğuna dəlalət edən əsaslar və faktlar çoxdur, amma digər iddiaların da mövcudluğu Rusiyanın həmin silahların istehsalçısı kimi qaranlıq məsələlərə aydınlıq gətirməsini zəruri edir.

Azərbaycan isə hazırda bölgədə özünün əsas faktora çevrilməsi prosesini yaşayır. Ölkənin əldə edəcəyi ədalətli sülh bölgə üçün rifah və sabitliyin mühüm açarlarından biri olacaq. “Çörəyi” konfliktlərdən çıxan Kremlə bunun nə qədər sərf edəcəyi isə artıq ayrı bir mövzudur.

                                                 Moskvanın zaman problemi  

Moskva uzun zamandır eyni təklifi təkrarlayıb, durmaqdadır. “5+2” modelini tərəflərə qəbul etdirmək üçün ən müxtəlif zamanlarda fərqli formalarda cəhdlər göstərilib. Sonuncu dəfə o, “Lavrov planı” kimi irəli sürülüb. Lakin bütün hallarda Ermənistan danışıqlardan yayınmaqla məsələnin ciddi müzakirəsinə imkan verməyib.

Azərbaycan Ordusu əks-hücumla öz ərazilərinin mühüm hissəsini qaytardıqdan sonra Putinin bir daha Qarabağ münaqişəsinin həllinin asan olmadığını və “5+2” modelini xatırlatması yeni yaranmış şəraitə adekvat deyil, amma belə düşünməyə əsas verir ki, Putin üçün ötən bir ay “ötməmiş” sayılır. “Bu, reallığı dəyişə bilərmi?” sualının cavabı hər kəsi düşündürür.  Fakt budur ki, Putin indi Azərbaycanın yekdil iradəsini görməkdədir və onun planına ən ciddi müqavimət də bu birlikdən qaynaqlanır. Rusiya bölgədə sülhməramlı rolunda möhkəmlənməyi özü üçün “olmazsa olmaz” prinsipinə çevirsə, bu, Kremlin bölgəyə yeni basqısı kimi Avropanı əsəbiləşdirə bilər. Nəticə isə hələ ki prosesə bağlıdır.

Seymur Həzi


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam