Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Fransa Paşinyanı xilas etməyə çalışır-TƏHLİL

 

                 

                               Azərbaycan Ordusu mümkün qədər sürətlə, daha çox ərazi azad etməlidir

Yenixeber.org: Fransa Azərbaycanın hərbi əməliyyatını dayandırmaq üçün hərəkətə keçib. Prezident Emmanuel Makron bir neçə dəfə Ermənistanın baş naziri ilə təmasda olub, habelə Azərbaycan prezidentinə zəng edib. Onun ritorikası Bakıya qarşı diplomatik görünsə də, Türkiyəyə qarşı sərtdir. Bu ölkələr arasında münasibətlər Şərqi Aralıq dənizində Yunanıstan-Türkiyə gərginliyinə görə böhran həddinə çatıb və Ermənistanın səyləri bu gərginliyi maksimum Azərbaycana qarşı yönəltməkdən ibarətdir.

Məlumdur ki, Türkiyə Azərbaycanı açıq şəkildə dəstəkləyir və hər cür yardıma hazır olduğunu bildirir. Bu dəstək Azərbaycan üçün nə qədər əhəmiyyətlidirsə, Ermənistan və onun havadarları üçün bir o qədər məyusedicidir. Ona görə də, təzyiqlər Bakı ilə yanaşı, Ankaraya qarşı da yönəldilir.

Fransanın təşəbbüsü öz üzərinə götürməsi bir neçə səbəblə bağlıdır. Əlbəttə, ilk növbədə bu ölkənin ermənilərlə və Ermənistanla xüsusi münasibətləri əsas faktordur. Fransada 600 min nəfərlik erməni icması yaşayır. Ermənistanın son 30 ildə ən böyük siyasi dəstək aldığı ölkələrin başında Rusiya ilə bərabər, Fransa gəlir. Rəsmi Paris Cənubi Qafqazda Ermənistana əsas tərəfdaşı kimi baxır. Qarabağ münaqişəsinin həlli ilə bağlı əsas vasitəçilərdən biri olan bu ölkə daim ermənipərəst mövqeyi ilə fərqlənib. Təəssüf ki, Avropa Birliyinin münaqişə ilə bağlı mövqeyinin formalaşmasında da bu ölkənin siyasəti həlledici rol oynayır. Bu da Azərbaycan diplomatiyasını xeyli çətinliklər qarşısında qoyur. Doğrudur, Avropa İttifaqının aparıcı ölkələrindən biri olan Almaniyanın Qarabağ münaqişəsində tutduğu mövqe daha ədalətlidir. Rəsmi Berlin, habelə Bundestaq Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiyini bəyan edib.

Rusiyanın Ermənistanın xahişlərinə rəğmən, hərbi əməliyyatların dayandırılması iqstiqamətində Azərbaycana təzyiq göstərməməsi də Fransanı ön plana atıb. Məlumdur ki, müharibənin davam etdiyi 5 gün ərzində iki dəfə Putinə telefon açan Paşinyan ondan istədiyi dəstəyi ala bilməyib. Rəsmi Moskvanın hələlik mövqeyi bundan ibarətdir ki, Putin özü lazım bildiyi vaxtda prosesə müdaxilə edəcək. Təhlilçilərə görə, Kremlin belə passiv mövqe tutması Paşinyan iqtidarı ilə Moskva arasında olan ixtilaflarla bağlıdır. Ermənistanda inqilabla hakimiyyətə gələn komanda Rusiyanın bu ölkədəki müttəfiqi olan siyasi elitanı devirib, habelə son iki ildə Rusiyanın təsir rıçaqlarını azaltmaq üçün ciddi təşəbbüslər həyata keçirib. Bu da Moskvanın xoşuna gəlmir, Paşinyana edilən xəbərdarlıqlara da əhəmiyyət verilməyib. İndi Azərbaycanın həyata keçirdiyi əks-hücum əməliyyatları qarşısında çətin vəziyyətə düşən Paşinyan iqtidarının daxildən zəifləməsi, dayaqlarının sarsılması Kremli məmnun edir. Təbii ki, bütün uğursuzluqların məsuliyyəti hakim komanda üzərindədir, başda Koçaryan – Sarkisyan ittifaqı olmaqla Qarabağ elitası buna revanş üçün fürsət kimi baxr. Proseslərin bu istiqamətdə cərəyan etməsi Fransanın maraqlarına uyğun deyil. Əvvəla, inqilabçı, qərbyönlü Paşinyan əvvəlki komandadan daha yaxşı müttəfiqdir, daha sonra Moskvanın çubuğu ilə hərəkət edən köhnə elitanın hakimiyyətə gəlməsi Ermənistanın Qərbə inteqrasiyasına mane ola bilər. Prezident Makron bu səbəblərdən irəli atılaraq Azərbaycana təsir göstərmək, Paşinyan iqtidarını uçurumdan qaytarmaq üçün hərəkətə keçib.

Fransada dəqiq bilirlər ki, Ermənistan qısa müddətdə taqətdən düşəcək, çünki irimiqyaslı müharibə aparmaq üçün onun iqtisadi, maliyyə resursları yoxdur, texniki, imkanları, əsgəri qüvvəsi zəifdir. Habelə itkilərin miqyasının sürətlə artması Ermənistan cəmiyyətində hakimiyyətə qarşı etirazları artırır, siyasi böhran yaradır.

Makronun planı ondan ibarətdir ki, Minsk Qrupu həmsədrlərinin əməliyyatların dayandırılması üçün vahid konsensusuna nail olsun. Bakıya təzyiqlər edilsin, Türkiyə prosesdən kənarlaşdırılsın, bundan sonra yeni sülh danışıqları başlasın. Fransa prezidenti bu məqsədlə Putinlə danışıb, bu gün isə Trampla əlaqəyə çıxmaq niyyətindədir. Onun məqsədinə nə dərəcədə nail olması sual altındadır. Yuxarıda Rusiyanın mövqeyinin fərqli olduğunu qeyd etdik, amma bu da Moskvanın yekun siyasəti deyil. Dünən Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyanatla çıxış edib, eyni zamanda azərbaycanlı həmkarı ilə danışıb. Rusiyanın ritorikasında bəzi yeniliklər var. Moskva bildirir ki, Qarabağ münaqişəsində Suriyadan gətirilən terrorçular iştirak edir. Əlbəttə, nazir Ceyhun Bayramov bunu dərhal təkzib edib, amma Rusiyanın situasiyaya müdaxilə üçün bu tezisi inkişaf etdirəcəyi gözləniləndir.

ABŞ-dan hansı reaksiya olacağı isə məlum deyil. Hadisələrin ilk günü ABŞ prezidenti Donald Trampın verdiyi laqeyid açıqlama Vaşinqtonun proseslərdə fəal iştirak etmək niyyətində olmadığını göstərir. Əlbəttə, bu, hələlik belədir, ABŞ-dakı güclü erməni lobbisinin təzyiqləri, habelə Fransanın xahişləri ilə Amerika fəallaşa bilər.

Təbii ki, Fransa Avropa strukturlarını da prosesə qoşmağa çalışacaq. Parisin ardıcıl səyləri ilə ilk növbədə Avropa Şurası, Avropa İttifaqı, ATƏT müharibənin dayandırılması üçün hərəkətə keçəcək. Artıq Avropa Şurası vəziyyəti müzakirə etmək üçün oktyabrın 1-2-nə toplantı təyin edib. Digər beynəlxalq təşkilatların da  öz mandatları çərçivəsində situasiyaya müdaxilə etməyə çalışacaqları şübhəsizdir.

Təəssüf ki, Qərbin mövqeyi hərbi əməliyyatların qeyd-şərtsiz dayandırılmasından ibarətdir. Bu zaman Azərbaycanın öz torpaqlarında əməliyyatlar apardığı nəzərə alınmır. Bakının bütün addımlarının beynəlxalq hüquqa söykənməsinə rəğmən, nümayiş etdirilən mövqe bunu istisna edir. Bu, riyakar yanaşma olmaqla bərabər, Azərbaycan üçün təhlükəlidir. Xüsusən Qərblə konfrontasiyada olan Türkiyənin Azərbaycana mənəvi-siyasi dəstək göstərməsi bu dairələri qıcıqlandırır və anti-Azərbaycan mövqeyə sürükləyir.

Bakı üçün belə şəraitdə nə qədər çətin olsa da, hərbi əməliyyatları davam etdirməkdən, işğal olunmuş rayonları daha sürətlə geri almağa çalışmaqdan başqa yol qalmayıb. Azərbaycan tamamilə haqlıdır, atdığı addımları əsaslandırmaq üçün dayanıqlı mövqeyə malikdir. Qarşıda kritik həftə var, bu günlərdə düşmənin bütün mövqelərdən geri atılması Azərbaycana qarşı izolyasiya cəhdlərini darmadağın edə bilər. İndi situasiyanın inkişafı Parisdə, Moskvadakı kabinetlərdən daha çox səngərdəki əsgərlərin rəşadətindən asılıdır. İlk 5 gündə Azərbaycan ordusu nəyə qadir olduğunu göstərib, sarsıdı zərbələr düşmənin daxilində çaxnaşma yaradıb. Növbəti qələbələr fiaskonu sürətləndirib, yeni siyasi reallıqlar yaradacağı qaçılmazıdır.(pressklub)

Turqut


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam