Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Mehdiyevin son döyüşü-ŞƏRH

 

Akademik düşmənləri ilə mübarizəyə əlavə resurslar, o cümlədən YAP-ın AMEA təşkilatını da cəlb edib

…O, PA seriyalı xidməti avtomobildən düşüb, ağır addımlarla AMEA Rəyasət Heyətinin binasının giriş qapısına doğru yön aldı. Qapını açaraq bir qədər sağa çəkilmiş ucaboylu mühafizəçi sağa-sola boylanırdı. Boz kostyumunun düymələri açıq olduğundan xəifif Bakı küləyi qalstukla bərabər onu yellədirdi. Səliqə ilə arxaya daranmış saçları da küləyin istiqaməti ilə dalğalanırdı. Düşüncəli görünürdü, sanki onu müşayiət edən YPX avtomobilindən tələsik özlərini yerə atan polis əməkdaşlarının yanaşı dayanıb, “farağat” vəziyyətdə hərbi salam verdiklərini də görmədi. Kim bilir, bəlkə də yazmağa hazırlaşdığı yeni məqaləsini beynində götür-qoy edirdi…

Azərbaycanın siyasi gündəmini əsaslı şəkildə dəyişən akademik Ramiz Mehdiyevin gündəlik iş rejimi bu səhnə ilə başlayır. Prezident Administrasiyasına məxsus xidməti avtomobil, mühafizəçi, onu müşayiət edən Yol Patrul Xidməti kimi rəsmi atributlar göstərir ki, vəzifəsi kiçilsə də, akademik müəyyən imtiyazlarını saxlayıb. O, yenə öz ampluasındadır – işləyir, yazır, tənqidlərə cavab verir, bu işə səfərbər etdiyi komandasının əhatə dairəsini genişləndirir.

Sentyabrın 23-də AMEA Fəlsəfə İnstitutunun direktoru İlham Məmmədzadənin həmin qurumun baş elmi işçisi, fəlsəfə elmləri doktoru Əbülhəsən Abbasovun Ramiz Mehdiyev haqqında tənqidlərinə verdiyi cavab da bu qəbildəndir. Xatırladaq ki, Ə.Abbasov Ramiz Mehdiyevin öz şəxsi bioqrafiyasını saxtalaşdırdığnı yazıb. “Mənim dəqiq yadımdadır ki, o, 1993-cü ildə Prezident Aparatına Ümumi şöbəyə müdir vəzifəsinə təyin olundu. Amma bu fakt onun bioqrafiyasında saxtalaşdırılaraq 1994-cü il kimi göstərilib. Ramiz Mehdiyev o zamana qədər elmi işini müdafiə edə bilmirdi. Hazırladığı dissertasiya işi yararsız olduğundan dəfələrlə Elmi Şura tərəfindən geri qaytarılmışdı. PA-ya işə girdikdən sonra 1993-cü ildə öz elmi işini Elmi Şuraya qəbul etdirən Ramiz Mehdiyev, fəlsəfə elmləri üzrə doktorluq adını aldı. Təzyiqlə elmi ada yiyələnməyini ört-basdır etmək üçün isə PA-ya işə qəbul olunması tarixini saxtalaşdırıb”, – deyə məqalədə bildirilir.

Fəlsəfə İnstitutunun direktoru İ.Məmmədzadə Ə.Abbasova cavabında yazır:

“…İctimaiyyətin nəzərinə çatdırırıq ki, akademik Ramiz Mehdiyev elmlər doktoru dissertasiyasını 1993-cü ilin dekabr ayında müdafiə etmişdir. Bu fakt öz təsdiqini Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının müvafiq sənədlərində də tapmışdır. Bir faktı da xatırlatmağı lazım bilirik ki, akademik Ramiz Mehdiyevin doktorluq dissertasiyasının müdafiəsində iştirak etmiş alimlərin bir çoxu hələ də həyatdadır. Onlar həmin dövrdə Ali Attestasiya Komissiyasının rəhbəri, mərhum akademik Azad Mirzəcanzadənin dissertasiya haqqında söylədiyi yüksək rəyi təsdiq edə bilərlər”.

İlham Məmmədzadə daha sonra yazır ki, 1994-cü ilin 4 fevral tarixində Ramiz Mehdiyev Heydər Əliyev tərəfindən Prezidentin İcra Aparatının Ümumi şöbəsinin müdiri təyin edilib. O, sonda həmkarı Ə.Abbasovu məhkəmə ilə hədələyir: “Əməkdaşımızın diqqətinə çatdırırıq ki, əsası olmayan və yoxlanılmamış məlumatların mətbuata açıqlanması şəxsin şərəf və ləyaqətini aşağıladığı üçün hüquqi məsuliyyət yaradır”.

 

Hazırda əsas mübarizə Ramiz Mehdiyevlə Milli Məclisin sədr müavini Adil Əliyev arasında gedir. Xatırladaq ki, A. Əliyev müsahibəsində R.Mehdiyevi istefaya çağırmışdı:

“Ramiz Mehdiyevdə zərrə qədər dövlətçilik şüuru olsaydı, tənqidə dözümlü yanaşar, emosiyalara qapılmadan səhvini etiraf edər və AMEA-nin prezidentliyindən istefa verib, istirahətə gedərdi. O isə haqlı iradları süngü ilə qarşılayır. Akademiyada oturduğu halda, yenə də əvvəllər vəzifəyə təyin etdiyi şəxsləri qəbul edir, onlarla iclaslar keçirir. Bu adam hələ də ona verilən mesajı anlamaq fikrində deyil. Bir çox inzibati tədbirlər də onun bu inadkarlığı səbəbindən baş verdi”.

Vitse-spiker daha sonra 2012-2013-cü illərdə deputat Gülər Əhmədova ilə bağlı hadisələri xatırladır. Deyir ki, G.Əhmədova R.Mehdiyevin adından deputatlığa namizədlərdən pul yığırdı və məlum məsələ ilə əlaqədar qalmaqalın digər fiqurantı Sevinc Babayeva o zaman Türkiyəyə qaçdı və orada qəribə şəraitdə vəfat etdi…

Adil Əliyevin bu dedikləri isə sensasiya hesab oluna bilər:

“Yaxşısı budur, ”qaranlıq keçmiş” məsələsinə toxunmayaq, bu, sizlərin xeyrinə olmaz. Elə mənim barəmdə “qaranlıq keçmiş” əfsanəsini siz uydurmusunuz. Hacı Məmmədovun dəstəsi ifşa olunmamışdan öncə Ulu Öndər Heydər Əliyevə yalan məlumatı siz vermişdiniz. Çoxsaylı adam oğurluqlarının və qətllərin başında mənim əlimin olduğunu siz demişdiniz. Bəs nə oldu, o cinayətlərin arxasından mən yox, siz çıxdınız…”

R.Mehdiyev bu ittihamlara cavab vermək üçün YAP-ın Akademiyadakı təşkilatının dəstəyindən istifadə etməyi qərar alıb. Hakim partiyanın üzvləri adından ərazi təşkilatının sədri Ulduzə Qurbanova Milli Məclisə müraciət edərək Adil Əliyevdən şikayət edib. Müraciətdə yazılır:

“Ötən həftə Milli Məclisin sədr müavini Adil Əliyevin Azərbaycan Milli Elmlər Akademiyası haqqında verdiyi qərəzli bəyanat elmi ictimaiyyətin haqlı narazılığı ilə qarşılanmışdır. Təbii ki, elmdən tamamilə uzaq olan bu şəxsin Akademiya və alimlərimiz haqqında dedikləri AMEA-da bütövlükdə Milli Məclisin mövqeyi kimi qəbul olunmur. Ancaq Milli Məclisin sədr müavini olan bir şəxsin Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqının milli sərvəti adlandırdığı Elmlər Akademiyası barəsində dilə gətirdiyi xoşagəlməz ifadələr bizi dərindən narahat etməkdədir…”

Müəllif daha sonra Adil Əliyevin fəaliyyətini hədəfə alır:

“Çox maraqlıdır, görəsən Adil Əliyevin özü alimlərə verilən əməkhaqqı müqabilində işləməyə razı olarmı? Əgər Adil Əliyevi doğrudan da elmimizin gələcəyi bu qədər narahat edirsə, ötən illər ərzində o, nə səbəbdən Milli Məclisdə bir dəfə də olsun alimlərimizin, ümumilikdə AMEA-nın problemlərini qaldırmayıb. Əksinə, bəzi deputat həmkarları kimi o, yaddaşlarda millət vəkillərinin əmək haqlarının artırılması, onlara əlavə imtiyazların verilməsi məsələsində dəfələrlə göstərdiyi canfəşanlıqla yadda qalıb. Özü üçün yüksək əməkhaqqı tələb edərkən, Adil Əliyev heç olmazsa, bir dəfə də olsun Azərbaycan aliminin qayğılarını, ehtiyaclarını yada salıbmı? Onu nə vaxtsa belə məsələlər düşündürübmü?”

Ramiz Mehdiyevin diktəsi ilə yazıldığı şübhə doğurmayan müraciətdə Milli Məclis üzvlərindən, xüsusilə də YAP-ı təmsil edən deputatlardan Adil Əliyevin Akademiya və alimlər haqqında fikirlərinə münasibət bildirmələri tələb edilir:

“Çox təəssüf ki, Milli Məclisin vitse-spikeri kimi yüksək məqama gəlib çıxan və tutduğu vəzifənin baş gicəlləndirən təsirindən müəmmalı keçmişini unudan Adil Əliyev belə hesab edir ki, onun Milli Elmlər Akademiyası və Azərbaycan alimləri haqqında böhtanlar deməyə, onlara yol göstərməyə mənəvi haqqı çatır. Azərbaycan elminin və fədakar alimlərimizin Milli Məclis kimi mötəbər hakimiyyət orqanını təmsil edən şəxs tərəfindən təhqir edilməsi qəbuledilməzdir. Millət vəkillərimizdən alimlərimizin narahatlığını anlayışla qarşılamalarını və bölüşmələrini xahiş edirik”.

Hər iki fakt göstərir ki, Ramiz Mehdiyev tənqidlər və təzyiqlər qarşısında nəinki geri çəkilib, əksinə, nəzarətində olan resursları səfərbər etməyə çalışır. AMEA və YAP-ın müəyyən kontingenti bu mübarizədə akademikin yanındadırlar. Bu dəstəkdən ruhlanan Mehdiyevin ritorikası da dəyişib. O, əvvəlki üstüörtülü mesajlarını konkret ittihamlarla və məhkəmə hədələri ilə əvəzləyib. Əbülhəsən Abbasov və Adil Əliyev haqqında müraciətlərin kəskin tonu, seçilən ifadələr bundan xəbər verir.

Ramiz Mehdiyev hesab edir ki, onun geri çəkilməsi, hücumları cavabsız buraxması qısa müddətdə mövqelərini, əlindəki imtiyazları itirməsinə gətirib çıxara bilər. O, mübarizə əhval-ruhiyyəsi nümayiş etdirməklə, həm tərəfdarlarını ayaqda saxlayır, həm də rəqiblərini ehtiyatlı davranmağa vadar etməyə çalışır. Amma bu mübarizənin perspektivi varmı? Yaşlı akademik nə vaxta qədər tab gətirəcək? Bu haqda optimist proqnozlar vermək xeyli çətindir.(pressklub)

Turqut


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam