"5-ci kolon", kollaborasionizm və komporador burjaziya - professorun aktual məqaləsi
Tarix çox xəyanətkar tanıyır. Onlar fəsillərə uyğun dəyişən bitkilər kimi tarixin müxtəlif mərhələlərində müxtəlif donda zühur edib, cilddən-cildə girərək öz xalqlarının maraqlarını başqalarına az satmayıblar. Fərqli adlarla adlandırılarsalar da, mahiyyətləri oxşar olub, şəxsi mənafeləri naminə millətlərinin və dövlətlərinin maraqlarını hər vaxt bir qara qəpiyə satmağa hazır olublar. Əlbəttə, bu sarıdan "beşinci kolon" adlandırılanların “xidmətləri” daha çox qabağa çıxır...
Yenixeber.org: "Beşinci kolon" ifadəsi, onun mənası, siyasi dövriyyəyə necə daxil edilməsi haqqında fikirlərin təhlili, əlbəttə ki, maraqlı nəticələrə gətirib çıxarır. Çünki son vaxtlar bu termin daha da populyarlaşıb və ictimai-siyasi həyatımızın müxtəlif sahələrində daha tez-tez işlənir.
"Beşinci kolon" terminin yaranması ötən əsrin 30-40-cı illərinə gedib çıxır.
Bu ifadə ilk dəfə 1936-cı ildə İspaniyadakı vətəndaş müharibəsi zamanı işlədilib. O zaman frankoçu general Emil Mola çıxışlarının birində deyib ki, üsyançılar Madrid üzərinə 4 kolonla gəlir, beşinci isə artıq Madriddə yerləşib, həlledici zərbəni vurmaq üçün əmr gözləyir. General beşinci kolon dedikdə ölkə daxilində ictimai hərəkatı hakimiyyət əleyhinə yönəldən agentura şəbəkəsini nəzərdə tutub. İspan dilində söz birləşməsi belədir: columna quinta.
Faşist kəşfiyyat orqanlarının əli ilə müxtəlif ölkələrdə diversiya fəaliyyəti həyata keçirən, cəmiyyətdə həyəcan yaradan və sabotajla məşğul olan qruplar Almaniya qoşunlarının ölkələri işğal etməsində vacib rol oynayırdı. İkinci Dünya müharibəsi illərində beşinci kolon termini faşistlərə müxtəlif ölkələri asan işğal etməsinə zəmin yaradan kəşfiyyat qruplarını ifadə etmək üçün işlədilib. Belə qruplar müəyyən pul müqabilində ayağa qalxaraq vətənlərini işğal edən alman ordularını gül-çiçəklə qarşılayırdılar. Beləliklə, bu söz Vətən xainliyi, xarici işğal qoşunlarına satqınlığın simvoluna çevrildi.
1930-cu illərdə SSRİ-də güllələnmiş və məhkum edilmişləri nişan vermək üçün də “beşinci kolon” anlayışından istifadə olunub. Əslində, bunlar sinfi mübarizəni səbəb gətirərək ökədə tüğyan etmiş və milyonlarla günahsız insanların qanına bais olmuş Stalin repressiyalarına bəraət qazandırmaq üçün edilən uğursuz cəhd idi.
Azərbaycan rəsmiləri arasında QHT sektoruna, media quruluşlarına və müxalif düşərgəyə aid bəzi qüvvələri “beşinci kolon” adlandıranlar az deyil.
Burada müəyyən qədər həqiqət payının olduğunu etiraf etmək lazımdır. Çünki bu camiədə də xaricdən maliyyələşdirilən və onların diktəsi ilə oturub-duranlar az deyil. Onlar hələ də siyasi hədəflər və hakimiyyət uğrunda mübarizəni qanun çərçivəsinə sığmayan metodlarla aparıb, düşmən dəyirmanına su tökürlər.
Siyasi müxalifət nümayəndələri onların içərisində “beşinci kolon” nümayəndələrinin olması faktına qəti etiraz edir və bunu qərəzli adlandırırlar. Amma onlar biri-birilərini Rusiyanın və yaxud İranın adamı olmaqda asnlıqla ittiham edirlər. Məsələn, ADP sədri Sərdar Cəlalaoğlu ASDP sədri Araz Əlizadəni, İslam Partiyasını Rusiya və İrana qulluq etməkdə ittiham edir. Həm Rusiya, həm də İranın Azərbaycan üçün xüsusi özəllikləri var. Bu coğrafiyada Eldəgizlər, Səfəvilər, Ağqoyunlu və Qaraqoyunlu kimi möhtəşəm dövlətlər qurmuş xalqımız məhz “bu ikilinin” təcavüzkar iddiaları üzündən ikiyə bölünüb və uzun müddətə sivilizasiyanın magistral inkişaf yolundan sapdırılıb. Etiraf etməliyik ki, bu zaman ərzində fundamental dövlətçilik ənənələrimizin, milli xarakter və mental xüsusiyyətlərimizin bəzi cəhətlərindən müəyyən qədər uzaq düşmüş, kifayət qədər tarixi-mənəvi itkilərə məruz qalmışıq. Şimalımız xeyli müddət velikorus şovinizminin imperiya əsarətində inləyib, cənubumuz bu gün də molla qiyafətinə bürünmüş fars şovinizminin zülmü altında əziyyət çəkir.
Bu gün də “həmin möhtəşəm ikili” ölkəmizdə “beşinci kolon”un səflənməsində, sıralarının möhkəmlənməsi və təşkilatlanmasında, onun agentura və trol şəbəkələrinin yaradılmasında ən öncül yerləri tuturlar. Molla rejimi ruhaniyyət aləminə nüfuz edərək özlərinin “beşinci kolon”unu formalaşdırmağa, bəzi səbatsız insanları təsir agentləri kimi öz torlarına salmağa cəhd edir, bəzən buna nail ola bilirlər. Bu yolda nəinki dini inancların istismarından, eləcə də reallıqda əməl edilməyən şiə və sünni həmrəyliyi ritorikasından geniş istifadə edilir. Hər iki dövlət azsaylı xalqlar içərisində də pozuculuq işləri aparmağa səy göstərirlər.
İlk zamanlar kommunist nostalgiyasına uyan insanların siyasi səriştəsizliyindən yararlanan, son dövrlər isə məmur təbəqələrinə, habelə diplomatiyamıza belə sızmağı bacaran Rusiya ölkəmizi öz təsir dairələrində saxlamaq, onu müstəqil siyasət yeritməkdən məhrum etmək, hətta imkan olarsa, onu yenidən qəsb edib burada özlərinin “beşinci kolon” nümayəndələrindən ibarət oyuncaq siyasi hakimiyyət modellərini reallaşdırmağa cəhd ediblər. Azərbaycan Demokratik Cumhuriyyətinin süqutuna 1920-ci ildə fərman vermiş rus bolşevikləri o zamandan Bakıda və əyalətlərdə bolşevik adı altında formalaşdırdıqları “beşinci kolon”un xidmətlərindən bol-bol istifadə ediblər. 30-cu illərin ağır Stalin repressiyaları dövründə bir çox hallarda ermənilərin əli ilə ziyalılarımızın, qabaqcıl fikirli insanlarımızın kütləvi məhvində “beşinci kolon” az “fədakarlıq” göstərməyib.
Müasir dövrdə də bu cür təxribatçılıq fəaliyyətləri tez-tez özünü biruzə verməkdə davam edir.
Məsələn, 2017-ci ildəki prezident seçkilərində müxalifətin avanqardı sayılan Milli Şuranın Rusiyanın himayəsində formalaşdırılan və Azərbaycanı Rusiyanın təsiri altına salmaq istəyən Milyonerlər İttifaqı ilə sazişə getməsi və onun üzvü Maqsud İbrahimbəyovu, özü də Rusiya vətəndaşı olan şəxsi prezidentliyə namizəd göstərməsi kifayət qədər yanlış və ziyanlı addım idi. Bu gün də səhv addım atdıqlarını etiraf etmək istəməmələri onların buna bənzər səhvlərə yenidən yol verə biləcəklərini istisna etmir. Elə bu dəstədə olan və ABŞ-ın maliyyə yardımı ilə “Youtube” kanalından televiziya verlişləri aparan Sevinc Osmanqızının, xüsusilə ədəbsiz-ərkansız “söyüş müxalifəti”nin əttökən televiziya verilişləri cəmiyyətimizdə az qıcıq reaksiyası doğurmur. Sevinc Osmanqızının Sumqayıt hadisələri, 20 Yanvar qırğını, eləcə də Xocalı soyqırımı, Tovuza erməni hücumundan sonra Azərbaycan diasporu haqqında söylədikləri mazoxizmin bir şəxsin timsalında necə iyrənc forma aldığına əyani sübutdur. Prokurorluq orqanlarımızın onlardan bir qismi haqqında cinayət işi açıb axtarışa vermələri tamamilə qanunauyğun səslənir.
Köhnə partnomenkulaturanın tör-töküntüləri və sol təmayyülü bəzi partiyalar da Moskva ilə münasibətlərə xüsusi önəm verir, sdəlövhcəsinə millətçi Zyüqanovun sosializmi qaytara biləcəyinə ümid bəsləyərək onunla əlaqələr yaratmağa çalışıblar. Əfsuslar olsun ki, son zamanlara qədər Azərbaycanda “beşinci kolon”un liderlərindən hesab edilmiş, fəaliyyətlərinə görə Kremldən yüksək mükafatlar almış və ona sədaqətlə biət etmiş yüksək vəzifəlilərimiz də az olmayıb.
Bundan başqa, siyasi çevrələrdə “beşinci kolon”un sinonimi kimi kollaborasionizm termini də geniş istifadə olunur.
Bu termin fransızcadan “əməkdaşlıq” kimi tərcümə edilir və mənası öz dövlətinə ziyan vurmaqla düşmən maraqlarına uyğun olaraq könüllü, dərk edilmiş və düşünülmüş şəkildə düşmənlə əməkdaşlıq etmək anlamına gəlir. Dar mənada termin çox vaxt işğalçı ilə əməkdaşlıq formasında işlədilir. Bu zaman onun düşmənlə əməkdaşlığı məcburiyyət qarşısında, yoxsa şüurlu şəkildə mənfəət əldə etmək üçün edildiyi də vurğulanır.
Bu anlayış ilk dövrlərdə II Dünya müharibəsi zamanı alman faşistlərinin Fransanı işğal etdikləri vaxtı fransızları işğalçılarla əməkdaşlığa çağıran oyuncaq Vişi rejimiinin müdafiə naziri marşal Petenin xalqa müraciəti zamanı işlənməyə başlanıb. Sonradan bu termin faşist işğalı altına düşmüş digər Avropa dövlətlərində də işləndi. SSRİ-də faşistlər tərəfə keçmiş general Vlasovun başçılıq etdiyi Rusiya Azadlıq Ordusu, eləcə də faşistlərin SSRİ-nin əsir düşmüş xalqlarından formalaşdırdığı milli legionerlər bu sıraya daxil edilə bilər. Dağlıq Qarabağdakı erməni, Gürcüstanda Abxaziya və Cənubi Osetiya, Dnestryanı bölgənin separatçıları Ukrayna ərazisində rusların formalaşdırdığı Luqansk və Donetsk Xalq Respublikaları, eləcə də işğal edilmiş Krımda müəyyən qüvvələrin hərəkətlərini kollaborasionizm kimi səciyyələndirmək olar.
Bugünkü beynəlxalq hüququda, eləcə də əksər ölkələrin Cinayət Məcəlləsində kollaborasionizm öz dövlətinə qarşı ağır cinayət, Vətənə xəyanət kimi qiymətləndirilir və bunu edən şəxsə ən ağır cəza verilir.
İkinci Dünya müharibəsi zamanı kollaborasionizmdə təqsirləndirilən minlərlə insan SSRİ-də, Fransada, Norveçdə və başqa ölkələrdə ölüm cəzasına məhkum ediliblər. Sovet İttifaqında bu qəbildən olan insanlar Vətən xainləri adlandırılmaqla yanaşı, onların övladları da “Vətən xainin övladları” kimi damğalanır, sürgün edilir və bir çox hüquqlardan məhrum edilirdilər. Beynəlxalq hüquqda dövlət çevrilişinə cəhddə, siyasi ekstremizmdə, separatçı hərəkətlərdə təqsirləndirilənlər də kollaborasionist kimi dəyərləndirilir və ən ağır cəzaya məhkum edilir. Bu sarıdan “dqr” separatçıları da kollaborasionistlər kimi mühakimə edilməli və cəzalandırılmalıdırlar.
Siyasi ədəbiyyatda, həmçinin milli maraqlara xidmət etməyən dəstə, qrup kimi komprador burjuaziyanın adı çəkilir. Bu, əsasən, 3-cü dünya ölkələrində imperializmin müstəmləkə sisteminin formalaşdığı dövrlərə təsadüf edir. Belə ki, müstəmləkə vəziyyətinə düşmüş bəzi ölkələrdə iş adamları, tüccarlar, orta və iri sənətkarlar, sələmçilər, iri tayfa mənsubları metropol (müstəmləkəçi) ölkənin, eləcə də xarici sərmayənin milli bazarla əlaqələrinin tənzimlənməsində vasitəçilik missiyasını üzərlərinə götürür, milli müqavimət hərakatında, milli mənafelərin qorunmasında iştirak etməyərək sırf şəxsi maraqlarını güdürlər. Bu kateqoriyadan olan adamlar müstəmləkə sərmayəsi ilə əlaqələr hesabına qısa müddətdə varlanaraq iri burjuaziyanın dəstələrinə qoşulur, müstəmləkə rejimindən müəyyən imtiyazlar qopara bilirdilər. Termin olaraq milli burjaziyanın bu dəstəsi komprador burjuaziya kimi səciyyələndirilir. Komprodor sözü latınca “alıcı”, “müştəri” mənasını verir və müstəmləkə sərmayəsi ilə “alııcı-satıcı” qismində əlaqələr qurub milli maraqlara uyğun gəlməyən addımlar atan insanlar nəzərdə tutulur. Belələri ilk vaxtlarda komprador, varlanıb sinif şəklində təşkil olunduqdan sona komprador burjuaziya adlanırdılar. Elə müstəmləkəçi qismində çıxış edən avropalıların özləri də bu qəbildən olan adamları Avropa mallarını müstəmləkə ölkələrinin bazarlarında xırıd edən xidmətçilər adlandırırdılar.
Müasir dövrdə komprodar burjuaziya dedikdə milli ehtiyatları, təbii sərvətləri xaricə satan, xaricdə istehsal olunan malların isə daxili bazarda inhisarçı qismində satışına nəzarət edən məmur və bürokratlar, biznesmen-oliqarxlar nəzərdə tutulur.
Bu qəbildən olan insanların müstəqillik və milli-mental dəyərlərlə bağlılığı yox dərəcəsindədir, şəxsi mənfəət hissi, var-dövlət hərisliyi onları hərəkətə gətirən, bəlkə də, yeganə motivlərdir. Bu yaxınlarda ortabab bir məmurun sərvətlərinin dəyərinin 2 mlrd. manat təşkil etdiyi haqqında məlumatı oxuyanda gözlərim kəlləmə çıxdı, “ay yazıq Vətən” deməkdən və bir də bu yazını yazmaqdan başqa heç nəyə gücüm yetmədi. 3-cü dünya ölkələrində müstəmləkə zülmündən azad olmaq uğrunda gedən mübarizəyə komprador burjuaziyanın qoşulmadığı kimi bu məmur-oliqarx təbəqəsinin də suverenliyimiz uğrunda aparılan mübarizədə, yəqin ki, heç bir rolu olmayıb, heç olmayacaq da. Ölkə prezidenti İlham Əliyevin məmur özbaşınalığına, rüşvət və korrupsiyaya, parazitləşmiş ünsürlərə qarşı apardığı mübarizə vüsətini genişləndirdikcə həyatımız daha şəfaf və mənalı olmağa başlayır, şüurlarımızı sarmış neft erasının stereotiplərdən və sərməstliyindən daha sürətlə azad olmağa başlayırıq.
İzahının müəyyən əhəmiyyəti olacağı bir fakta da diqqət yetirək.
İnqilabi hərəkatlarda, marksist-leninçi cərəyanlarda “iuda”, “arabanın beşinci təkəri” ifadələri də bol-bol işlədilir. Xain və təxribatçı anlamına gələn bu qruplar antiinqilabi ünsürlər sırasına daxil edilirdilər. Bu qəbildən olan insanlar müasir dövrdə də ciddi kamuflaj olunaraq gah ideoloji polemikalara təxribat qatır, gah da açıq sabotaj yolu ilə şüurları qarışdırmağa çalışırlar. Onların da ayrı-ayrı dövlətlərdən komanda aldığını, əmrləri yerinə yetirdiklərini görməmək mümkün deyil.
Bugün bizdə həm “beşinci kolon”un nümayəndələrinə, həm kollaborosionistlərə, həm komprador burjuaziyaya, həm də hər cür rəngdən olan xəyanətkarlara rast gəlmək olur. Bu reallıqdır ki, dönməz xarakter almış müstəqilliyimizi erməni təcavüzü, xarici güclərin təzyiq və təhdidləri altında möhkəmləndirib inkişaf etdiririk. Xalq olaraq tarixin bizə verdiyi bu şansı düzgün qiymətləndirməli, ərazi bütövlüyümüzü təmin etmək, dövlətçiliyimizi əzmlə qorumaq istiqamətində sıx sıralarla birləşməliyik.
Professor Qabil Hüseynli