Bakı şəhərinin işıqlandırılmasına dövlətin pulu belə xərclənir-Eldar Əzizovun menyusuna
Yenixeber.org: Bakı şəhərində küçə, yolların və həyətlərin, həmçinin yaşayış binalarının giriş qapılarının işıqlandırılması dünən olduğu kimi, bu gün də problem olaraq qalmaqdadır. Baxmayaraq ki, bu problemin həllinə, paytaxtın işıqlandırılmasına heç də az büdcə vəsaiti xərclənmir...
Xatırladaq ki, paytaxtın işıqlandırılmasına məsul qurum Bakı Şəhəri İcra Hakimiyyətinin “Bakı Şəhər İşığı” Elektrik Şəbəkə Müəssisəsidir. “Bakı Şəhər İşığı” Elektrik Şəbəkə Müəssisəsi əsasnaməsində göstərildiyi kimi məhəllədaxili yolların və həyətlərin, həmçinin yaşayış binalarının giriş qapılarının işıqlandırılmasına nəzarət funksiyasını yerinə yetirən bir qurumdur. Bu qurum həm də Bakı şəhər İcra Hakimiyyətində ən çox dövlət vəsaiti ayrılan və ən çox da dövlət vəsaitinin mənimsənildiyi dövlət strukturu kimi tanınır. Dövrü mətbuatda da bu mövzuda mütəmadi yazılara rast gəlinir...(Bu linkdən oxuya bilərsiniz: https://aktualinfo.org/2020/06/01/eldar-əzizovun-ayirdigi-pullar-bakinin-qaranliq-kucələrini-niyə-isiqlandirmir/)
Onu da xatırladaq ki, ötən il noyabrın 19-da “Bakı Şəhər İşığı” Elektrik Şəbəkə Müəssisəsinin direktoru dəyişdiriləndə də səbəb kimi bu qurumun işinin öhdəsindən gələ bilməməsi və mənimsəmə faktları göstərilirdi. Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun müvafiq əmri ilə “Bakı Şəhər İşığı” Elektrik Şəbəkə Müəssisəsinin direktoru vəzifəsinə Eldar Eldarov təyib olunub. Eldar Eldarovun Təyinatı bir il olmasa da, Bakı şəhərinin işıqlandırılmasında dönüş yaratmaq üçün heç də az zaman deyil. Bu haqda sonra...
Satınalmalarla bağlı müəmma dolu ənənə
Müxtəlif tenderlər, kotirovka sorğuları ilə büdcə vəsaitinin mənimsənilməsi ilə bağlı xüsusi ilə son illər ən yüksək səviyyədə narahatlıqlar müşahidə olunur. Cənab prezident, ekspertlər, millət vəkilləri bu sahədə ciddi problemin olduğunu dəfələrlə bildiriblər. Hüquq-mühafizə orqanlarının bu problemə yönəli addımları da ictimai arenada müsbət qarşılanmaqdadır.
Təəssüf ki, bütün bunlara baxmayaraq hələ də, dövlət satınalmaları ilə bağlı həllini gözləyən ciddi problemlər var. Yuxarıda qeyd etdiyimiz kimi, “Bakı Şəhər İşığı” Elektrik Şəbəkə Müəssisəsinin də adı dövlət vəsaitinin mənimsənildiyi qurumlar sırasında yer alır...
“Bakı Şəhər İşığı” Elektrik Şəbəkə Müəssisəsində dövlət vəsaitinin xərclənməsi ilə bağlı yenixeber.org-a yeni məlumatlar daxil olub. Məlumatlarda “Bakı Şəhər İşığı” Elektrik Şəbəkə Müəssisəsinin bu ay satınalmalarla bağlı iki müqaviləsindən bəhs olunur. Birinci müqavilə “A-CONSTRUCTİON” Mədud Məsuliyyətli Cəmiyyəti (MMC) ilə avtomobil ehtiyat hissələrinin alınması məqsədi ilə bağlanıb. Bu müqavilənin dəyəri 49017 manatdır.
İkinci müqavilə isə “SPC” MMC ilə xüsusi mühafizə və geyim vasitələrinin alınması məqsədi ilə bağlanıb və dəyəri 47382 manatdır.
Əldə etyimiz məlumatlara aydınlıq gətirmək məqsədi ilə müəyyən araşdırmalara çalışdıq: Bəlli qayda və prinsiplərə uyğun olaraq. “Bakı Şəhər İşığı” Elektrik Şəbəkə Müəssisəsinin direktoru cənab Eldar Eldarova hər iki MMC ilə əməkdaşlıqla bağlı online sorğu ünvanladıq. Bizimlə telefon söhbətində müəssisənin maliyyə şöbəsinin müdiri Samir Həsənov bu MMC-lərlə əməkdaşlığın qanunauyğun olduğunu və sorğumuzun cavablandırılacağını bildirsə də, olmadı...Sorğumuza cavab verilmədi. (Yeri gəlmişkən, Samir Həsənov Eldar Eldarovun “sağ əli” kimi tanınır. Red.)
Hər iki MMC ilə bağlı məlumat əldə etmək istiqamətindəki çabalarımız qismən də olca nəticə verdi... Vergilər Departamentinin Kommersiya qurumlarının dövlət reyestri məlumatları səhifəsindən “A-CONSTRUCTİON” MMC ilə bağlı heç bir məlumata rast olunmadıq(?) Google üzərindən apardığımız araşdırmalarla isə məlum oldu ki, bu şirkətin adı 3 ay əvvəl bir kütləvi narazılıqda hallanıb. Belə ki, 2014-cü ildən Lerikin Boykəndil kəndində 180 yerlik məktəbin tikintisində çalışmış bir qrup əməkhaqqının “yeyilməsindən” şikayətçi olub: "Bizə müqavilə-filan göstərmədilər, heç yerə imza da atmamışıq. Eləcə şəxsiyyət vəsiqələrimizi götürüb, bir neçə gündən sonra özümüzə qaytaranda dedilər ki, müqavilələriniz bağlandı. Heç şirkətin adını da düz-əməlli demirdilər. Gah "Amal” MMC, gah "Mükəmməl” MMC, gah "A-Construction” MMC deyirdilər”.
Digər MMC-"SPC" ilə bağlı isə məlum oldu ki, qanuni təmsilçisi Bədəlov Anar Məmməd oğludur. Şirkət 2 Noyabr 2016-cı il tarixdə dövlət qeydiyyatına alınıb, ünvanı Sumqayıt şəhəri Corat qəsəbəsi ev.261B, nizmnamə kapitalı 10 manatdır.
Maraqlı, həm də təəccüblüdür ki, heç də az olmayan dövlət vəsaitini alan şirkətlərin heç birinin internet üzərindən əlaqə vasitəsinə rast ola bilmədik. Elə bu fakt özü də bəlli suallar doğurur...
***
Dövlət satınalamaları haqqında qanundan da məlum olduğu kimi müsabiqənin qalibi olan şirkətin bir sıra standartlara uyğunluğu vacibdir. Bu sırada Tender və Kotirovka sorğusunun qalibi olan şirkətin analoji işlərdə təcrübəsi, iddiaçının potensial, texniki və kadr imkanları, qalib olduğu müddətə qədər son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatı, son bir ildəki maliyyə vəziyyəti haqqında müvafiq bank arayışı və müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları kimi şərtlər sadalanır. Həmçinin qalib şirkətin təsis olunmasından 3 il zaman ötməsi də şərtlər sırasında yer alır...
“Bakı Şəhər İşığı” Elektrik Şəbəkə Müəssisəsinin “SPC” MMC və “A-CONSTRUCTİON” MMC ilə əməkdaşlığı ilə bağlı qanunun tələblərinə uyğun suallarımızın cavabsız qalması səbəbindən mövzu ilə bağlı hələlik geniş yaza bilmədik...
Yeri gəlmişkən yenixeber.org-a daxil olan məlumatlar sırasında Eldar Əzizovla Eldar Eldarovu bağlayan tellər, Eldarovun “Bakı Şəhər İşığı” Elektrik Şəbəkə Müəssisəsində ilk gündən imza atdığı kadr dəyişikliyi və iş prinsipi ilə də bağlı faktlar yer alır...
Mövzunun davamı olacaq.(Yenixeber.org)
Qarşı tərəfin cavab haqqını tanıyırıq.