YENİLƏNƏN BÜDCƏ HAZIRKİ İQTİSADİ SİTUASİYAYA ADEKVATDIR -Təhlil
Milli Məclisdə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” Qanuna dəyişikliklər edilməsi barədə” layihə birinci oxunuşda qəbul edilib. Dövlət büdcəsinə dəyişiklik edilməsi uzun müddət idi ki, müzakirə edilirdi və təbii ki, gözlənilən idi.. Çünki neftin dünya bazarında ucuzlaşması və mart ayından tətbiq edilən karantin rejimi yeni iqtisadi və sosial reallıqların yaranmasına səbəb olmuşdu. Bu səbəbdən də yeni çağırışlar fonunda büdcə zərfinə yenidən baxılması zəruri idi.
Yenixeber.org: Məlum olduğu kimi, koronavirusa görə Azərbaycan iqtisadiyyatı hər gün təqribən 120-150 milyon manat itirir. Karantin rejimin 6 aydır davam etdiyini nəzərə alsaq, bu müddət ölkə iqtisadiyyatı bir neçə milyard manat gəlirlərdən məhrum olub və bu proses hələ də davam etməkdədir. Sözsüz ki, ölkədə iqtisadi aktivliyin zəifləməsi, əlavə dəyər yaradan sahələrin çətinliklərlə üzləşməsi, dövlət büdcəsinin gəlirlərini təmin edən fiskal orqanların yığım imkanlarının azalması büdcə gəlirlərinə də ciddi təsir edir. Baş verən proseslər bütün dünya ölkələrində olduğu kimi Azərbaycanda da iqtisadi şərtlərin dəyişməsini meydana çıxarır. Karantin rejiminin hələ də davam etməsi və və nə vaxt bithcəyi ilə bağlı əminliklər olmadığından büdcənin yeni iqtisadi situasiyaya uyğunlaşdırılması qaçılmazdır. Mövcud təhlilləri nəzərə alsaq dövlət büdcə siyasətində kifayət qədər ehtiyatlı olmalıdır.
Pandemiyanın diktə etdiyi keyfiyyətcə yeni sosial və iqtisadi davranış mühitinin xüsusiyyətləri, səhiyyə sahəsinin artan ehtiyacları, əhalinin həssas sosial qruplarına, dövlət şirkətlərinə, sahibkarlıq subyektlərinə, kiçik və orta biznesə dövlət dəstəyinin göstərilməsinin davam etdirilməsi, ölkənin müdafiə qabiliyyətinin və təhlükəsizliyinin daha da artırılması və digər dövlət ehtiyaclarının təmin edilməsi dövlət büdcəsinin xərclərinin artırılmasını labüdləşdirir. Bu baxımdan dəyişikliklərin parlamentdə müzakirəyə çıxarılması normaldır.
Dürüstləşdirilmiş büdcə layihəsində 2020-ci il dövlət büdcəsinin gəlirləri 24 milyard 124 milyon manat nəzərdə tutulur ki, bu da ÜDM-in 35,3 faizi həcmindədir. Təklif edilən dəyişikliklərdən sonra İcmal büdcənin gəlirləri mövcud gəlirdən təxminən 5 milyard az olacaq. İcmal büdcənin kəsiri 8 milyard 436 milyon manat təşkil edəcək. Dövlət büdcəsinin kəsrləri üzrə azalmalara daxili bazarlarda neft məhsullarına tələbatın azalması, həmçinin bir sıra vergilər üzrə güzəştlərin tətbiqi ilə əlaqədardır. Dövlət büdcəsindən dəstək proqramlarının həyata keçirilməsi üçün 600 milyon manat vəsait ayrılıb. Yenidən baxılma ilə təsdiq olunmuş dövlət büdcəsinin vergi və rüsumlar üzrə, habelə dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar daxilolmaları 890,5 milyon manat məbləğində azaldılır, Dövlət Neft Fondunun dövlət büdcəsinə transferti və dövlət büdcəsinin digər daxilolmaları müvafiq olaraq 850 milyon manat artırılır. Bunlar nəzərə alınmaqla 2020-ci il dövlət büdcəsinin dürüstləşdirilmiş xərcləri 27492,2 milyon manat təşkil edəcək. Beləliklə, yeni layihəyə əsasən 2020-ci ilin büdcə kəsiri, 3 milyard 368 milyon manat təşkil edəcək ki, bu da ÜDM-in 5 faizi həcmindədir. Qeyd edək ki, dövlət büdcəsinin kəsrləri üzrə azalmalar daxili bazarlarda neft məhsullarına tələbatın azalması, həmçinin bir sıra vergilər üzrə güzəştlərin tətbiqi ilə əlaqədardır. İndiki iqtisadi və sosial reallıqlar baxımından normal həddir. Beynəlxalq təcrübəyə əsasən, büdcə kəsiri ÜDM-in 40 faizini ötdükdə təhlükəli vəziyyət yaranır. Yəni nəzərdə tutulan büdcə kəsiri təhlükəli həddən xeyli azdır. Neftin baza qiymətinin büdcədə 35 dollardan hesablanması da (indi 50 dollardı) normaldır. Çünki dünya bazarında durum ürəkaçan deyil. Epedemiya ilə bağlı neftin əsas alıcıları olan Avropa ölkələrində enerjiyə tələbat azalıb. Bu baxımdan neftin qiymətinə konservativ yanaşma düzgündür. Bununla belə, dövlət proqramlarına dəstək üçün ayrılan 600 milyon manatdan əlavə digər dəstək tədbirlərinin göstərilməsi məqsədəmüvafiq olardı. Çünki karantin rejiminin nə vaxta qədər davam edəcəyi bəlli deyil və ilin sonuna qədər belə proqramlara ehtiyac var. Bütövlükdə isə dəyişiklik layihəsi yeni iqtisadi situasiyaya adekvatdır.