“Kölgə iqtisadiyyatı”nın azalması istiqamətində...” - Tahir Mirkişili
"Kölgə iqtisadiyyatı”nın səviyyəsinin qəbul edilmiş normalardan yuxarı olması bütövlükdə iqtisadiyyata və sosial institutların fəaliyyətinə böyük zərbə vurur. Mövzu ilə bağlı suallara millət vəkili Tahir Mirkişili aydınlıq gətirib.
Yenixeber.org: Həmin müsahibəni təqdim edir:
- Tahir müəllim, “kölgə iqtisadiyyatı”nın konkret iqtisadi tərifi varmı?
- “Kölgə iqtisadiyyatı” ilk dəfə 1930-cu illərdə İtaliya mafiyasının ABŞ-da iqtisadiyyata çox ciddi nüfuzundan sonra gündəmə gəldi. 1950-60-cı illərdən bu məsələ dövlətləri və iqtisadçıları ciddi şəkildə narahat etdiyindən bu istiqamətdə təhlillərə başlanıldı.
Bu gün “kölgə iqtisadiyyatı”nın ölçülməsinin bir sıra metodologiyaları var. Onlardan ən geniş tətbiq ediləni Dünya Bankı tərəfindən aparılan araşdırmalardır. Qəbul olunmuş və ümumi hesablanmış qaydalara görə, hazırda dünyada “kölgə iqtisadiyyatı”nın həcmi ümumi daxili məhsulun, orta hesabla, 35 faizinə yaxındır. Ümumilikdə, qəbul olunan belə bir qayda mövcuddur ki, “kölgə iqtisadiyyatı”nın həcminin 15 faizdən yuxarı olması iqtisadiyyata ciddi zərbə vurur.
“Kölgə iqtisadiyyatı” dedikdə, dövlətin nəzarətindən kənar, əsasən, üç istiqamətdə göstərilən fəaliyyət növü nəzərdə tutulur. Onlardan birincisi vergi, sosial öhdəliklərdən yayınmaq kimi monetar istiqamətdir; ikinci istiqamət tənzimləmə və bürokratik istiqamət, yəni nəzərdə tutulan lisenziyanı almamaq, qeyri-qanuni fəaliyyət göstərmək; üçüncüsü isə institusional istiqamətdir. Bu, bir çox hallarda dövlətin qəbul etdiyi qanunları pozmaq, korrupsiyada iştirak etmək və ya dövlət institutları tərəfindən nəzarətin zəif olmasından istifadə edərək qeyri-leqal fəaliyyət göstərməkdir.
- Beynəlxalq təcrübədə “kölgə iqtisadiyyatı”nın səviyyəsi necədir?
- Dünya iqtisadiyyatında dövlətlər üzrə “kölgə iqtisadiyyatı”nın səviyyəsi fərqlidir. Avropa İttifaqında bunun həcmi ümumi daxili məhsulun təxminən 20 faizinə, Afrika, Asiya ölkələrində isə 60 faizinə yaxındır. Təxmini hesablamalara görə, bu gün dünyada ən az “kölgə iqtisadiyyatı”nın olduğu ölkə İsveçrə və Avstriyadır ki, bu ölkələrdə onun nisbəti 9 faizə yaxındır. Hesablamalara görə, hazırda Almaniyada ümumi daxili məhsulun təxminən 14 faizi, yəni 500 milyard avro həcmində hissəsi gizli saxlanılır.
- “Kölgə iqtisadiyyatı”nın dünyada geniş yayılması nə ilə izah olunur?
- Səbəblər müxtəlifdir. Əsas səbəblərdən biri vergi yükünün həddindən artıq yuxarı olmasıdır. Hər bir şəxs fərd olaraq rasional bir “kalkulyatordur”: iqtisadi fəaliyyətində öz gəlir və xərclərini hesablayır və buna uyğun qərar verir. Əgər qeyri-qanuni fəaliyyətdə xərcləri gəlirlərindən əhəmiyyətli dərəcədə azdırsa və ya onun fəaliyyətinin dövlət tərəfindən müəyyən olunması səbəbindən verilən cərimələr əldə etdiyi gəlirdən azdırsa, onda həmin şəxs böyük ehtimalla “kölgə iqtisadiyyatı”na meyillənəcəkdir. Təsadüfi deyil ki, dünyanın bir çox ölkələri “kölgə iqtisadiyyatı”nı azaltmaq üçün vergi yükünün dərəcələrini aşağı salır və ya da diferensial vergi dərəcələrindən istifadə edirlər. Məsələn, Almaniyada otel biznesində ƏDV-nin 17 faizdən 8 faizə endirilməsi bu sahədə “kölgə iqtisadiyyatı”nın həcminin birdən-birə 3 dəfə azaldılmasına gətirib çıxarıb. Tənzimləmədə qüsurların və bürokratik əngəllərin kifayət qəfər yuxarı olması, icazə və lisenziyaların sayının çoxluğu istənilən halda “kölgə iqtisadiyyatı”na yol açır.
“Tax morale” (vergi mənəviyyatı) deyilən bir anlayış var. Yəni hər bir insan ödədiyi verginin əvəzində dövlətdən daha keyfiyyətli xidmət aldığı zaman “kölgə”dən çıxmağa, rəsmi iqtisadiyyata meyilli olur. Bu baxımdan, maarifləndirmə, dövlət orqanlarında xidmətlərin şəffaf və keyfiyyətli olması “kölgə iqtisadiyyatı”nı yaradan səbəbləri aradan qaldırır. Növbəti istiqamətlər daha çox qanunauyğunluqlarla bağlıdır. Hesablamalara görə, nağdsız ödənişlərin çox olduğu ölkələrdə “kölgə iqtisadiyyatı”nın səviyyəsi daha aşağı olur, yəni nağd ödənişlərin çoxluğu “kölgə iqtisadiyyatı”nın daha da artmasına səbəb olur.
- Ölkəmizdə “kölgə iqtisadiyyatı” hansı sahələrdə daha çox nəzərə çarpır və bununla mübarizə necə gedir?
- Azərbaycanda bu istiqamətdə müxtəlif zamanlarda müxtəlif qanunlar qəbul edilib, dövlət proqramları həyata keçirilib. Bütün görülən işlərin, proqram və layihələrin son nəticədə məqsədi insanların rəsmi iqtisadiyyata daha çox cəlb edilməsi və uçotun artırılması ilə bağlıdır. Nağdsız ödənişlərin stimullaşdırılması, insanlara daha yüksək xidmətlərin göstərilməsi də bu sıradandır.
Qeyri-leqal əmək müqavilələrinin aradan qaldırılması ilə bağlı “ASAN xidmət” tərəfindən inşaat sektorunda yoxlamalar, əmək müqavilələrinin bağlanması kimi işlər görülür. Digər bir istiqamət özüməşğulluq və kənd təsərrüfatı ilə bağlı məsələlərdir. Biznes qeydiyyatının çətinliyi və ya vergidən yayınma ilə bağlı bir sıra neqativ hallar son nəticədə sahibkarlar arasında qeyri-leqal iqtisadiyyatın səviyyəsini artıra bilir. Son illərdə görülən işləri: vergi yükünün azaldılmasından tutmuş biznesdə qeydiyyatın sadələşdirilməsi, lisenizyaların sayının azaldılması və prosedurların sadələşdirilməsi bağlı tədbirləri Azərbaycanda “kölgə iqtisadiyyatı”nın aradan qaldırılması istiqamətində atılan uğurlu addımlar hesab etmək olar. 2016-cı ildə qəbul edilmiş “Lisenziyalar və icazələr haqqında” Qanuna görə, Azərbaycanda lisenziyalaşmış sahibkarlıq fəaliyyəti sahələrinin sayı 59-dan 37-ə endirilib. İcazələrin sayı 4 dəfə aşağı salınaraq 87-ə çatıb. Azərbaycanda indiyə kimi sahibkarlara təxminən 7.200-dək müddətsiz lisenziya verilib ki, bunun da 2.000-i ötən ilə aiddir. Bu istiqamətdə elektronlaşma da işlərin sürətlənməsinə səbəb olub.
- Görülən tədbirlər “kölgə iqtisadiyyatı”nın həcmində azalmaların olduğunu deməyə əsas verirmi?
- Bəli. Bu istiqamətdə tədbirlər davamlı olaraq görülür. “Kölgə iqtisadiyyatı”nın həcmini ölçməzdən əvvəl onu yaradan səbəbləri tapıb onlarla mübarizə aparmaq lazım. Azərbaycanda ölkə üzrə ödənişlərin 75 faizinin nağd ödənişlər olması kölgə iqtisadiyyatının payına təsir edir. Ölkəmizdə keçən il cənab Prezidentin tapşırığı ilə 2018-2020-ci illər üzrə nağdsız ödənişlərin inkişafı ilə bağlı strateji Dövlət Proqramı qəbul olunub. Hazırda ölkəmizdə nağdsız ödənizlərin payı 16 faizi keçib. İnfrastrukturun yaradılması, nağdsız ödəniş portallarının, internet xidmətlərinin inkişafı bu sahədə böyük irəliləyiş deməkdir. Digər tərəfdən vergilər məcəlləsinə edilən dəyişikliklər bir tərəfdən əmək müqavilələrinin rəsmiləşmə səviyyəsini xeyli artırmış, digər tərəfdən düzgün uçot və stimullaşdırma tədbirləri sayəsində vergi ödənişləri artıb. Bu isə Azərbaycanda kölgə iqtisadiyyatının səviyyəsini azalmasına bariz nümunədir.
- Vergi Məcəlləsinə edilmiş dəyişikliklərdən sonra birinci rübün nəticələri ilə bağlı nə deyə bilərsiniz?
- 2019-cu ilin ilk rübünün nəticələri göstərdi ki, Vergi Məcəllərinə edilmiş dəyişikliklər və vergi orqanlarının yeni yanaşma metodları öz müsbət nəticələrini verir. 2018-ci ilin birinci rübü ilə müqayisədə vergi yığımının 16,5 faiz, qeyri-nef-qaz sektoru üzrə vergi daxilolmalarının 18,5 faiz, regionlardan vergi daxilolmalarının 24,3 faiz, məcburi dövlət sosial sığorta ödənişlərinin 10,8 faiz artması həyata keçirilən islahatların bariz nümunəsidir. Yanvarın 1-dən qeyri-dövlət və qeyri-neft-qaz sahəsində çalışan insanların əməkhaqqından tutulan vergi dərəcəsinin 0 faizə endirilməsi öz nəticəsini verir. Keçən il 90 min əmək müqaviləsi bağlandığı halda, bu ilin təkcə ilk rübündə bu say 66 mindən çox olub. Bundan başqa, qeyri-neft sektorunda vergi daxilolmalarının həcmi birinci rüb ərzində 18,5 faiz artıb.
Sahibkarlıq sahəsində yoxlamaların dayandırılması ilə bağlı qanunvericilik aktının 2021-ci ilədək uzadılması də mühüm addımdır. Görülən tədbirlər, xüsusilə sahibkarlıq sahəsində yoxlamaların yumşaldılması “Doing Business” reytinqində Azərbaycanın birdən-birə 32 pillə irəliləməsinə şərait yaradıb.
Sosial ödənişlərlə bağlı seqmentin də Vergilər Nazirliyi sisteminə cəlb edilməsi yığımların optimallaşdırılması və maliyyə resurslarının mərkəzləşdirilməsi baxımından daha optimanl bir formatın tapılması haqqında fikir söyləməyə əsas verir.
- Vergi Məcəlləsinə dəyişikliklərdən sonra ən yaxşı nəticə hansı sahədə əldə olunub?
- Dəyişikliklərin müsbət nəticələri özünü əsasən əmək müqavilələrinin rəsmiləşdirilməsi, vergidən yayınma hallarının azalması, vergiyə cəlb olunan dövriyyənin artması istiqamətində göstərib. Əməkhaqqının leqallaşdırılması istiqamətində verginin 0 faizə endirilməsi də öz bəhrəsini verir.
Təcrübələr göstərir ki, qeyri-leqal, yəni “kölgə iqtisadiyyatı”nda çalışan sahibkarların fəaliyyət müddəti bir ildən çox olmur. Məcəlləyə dəyişikliklər nəticəsində sahibkarların daha çox leqal işləməsi biznesdə bərabər şəraitin yaradılmasına və haqlı rəqabətə gətirib çıxarır. Sahibkarlara güzəştli kreditlərin, investisiya təşviqi sənədinin verilməsi, kimya-sənaye və qeyri-kimya parklarında iştirakla bağlı vergi güzəştləri xarici investorları növbəti mərhələdə daha çox investisiya yatırmağa cəlb etmək üçün mühüm addımlardır.
Bu gün Azərbaycanda 700 minə yaxın sahibkar mövcuddur və bu say ilbəil artır. Məşğul əhalinin muzdlu hissəsini çıxsaq, hər 3 nəfərdən biri sahibkarlıq subyektinə sahibdir. Bu, kifayət qədər böyük göstəricidir. Azərbaycanda ümumi daxili məhsulun 83 faizindən çoxunun özəl sektordan əldə olunması bu sahədə görülən işlərin nəticəsidir. Eyni statistikanı vergi üzrə də görə bilərik. Bu ilin birinci rübündə bütövlükdə özəl sektorun vergi ödənişlərinin həcmi üzrə artım 25 faizdən çoxdur. Bu, onu deməyə əsas verir ki, dövlətin stimullaşdırma tədbirləri sahibkarlar üçün maraqlıdır və bunun sayəsində onların əldə etdikləri fayda xərclərindən daha çoxdur.
- “Kölgə iqtisadiyyatı” ilə mübarizədə daha çox hansı sahələrdə dəyişikliklərin aparılmasına ehtiyac hiss edirsiniz?
- 2019-cu ilin birinci rübündə dövlət büdcəsinin gəlirlərinin 19,2 faiz artması iqtisadiyyatda şəffaflığın və iqtisadi artımın nəticəsidir. Düşünürəm ki, aparılan islahatların qarşıdakı dövrdə daha böyük nəticələrini görəcəyik. “Kölgə iqtisadiyyatı” ilə həm inzibatı, həm də stimullaşdırma vasitəsilə mübarizə aparılır. Bu tədbirlərin əhatə dairəsini və sürətini daha da artırmaq mümkündür. Nağdsız ödənişlərin səviyyəsinin yüksəldilməsinə ciddi ehtiyac var. Bürokratik əngəllərin azadılması üçün elektronlaşmanın daha çox yayılması ilə “kölgə iqtisadiyyatı”nda azalmalara nail olmaq mümkündür. (Modern.az)