Manat yenidən ucuzlaşmağa başladı - hara qədər?
Ekspertlər bildirirlər ki, ümumilikdə kapitalın ölkədən xaricə yönəldilməsi manata təzyiqlərin artmasına birbaşa şərait yaradır...
Xeberinfo.com: Milli valyuta olan manat yenidən ucuzlaşmağa başlayıb. Azərbaycan Mərkəzi Bankı (AMB) manatın oktyabrın 19-na olan rəsmi məzənnəsini açıqlayıb və bildirib ki, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi oktyabrın 18-i ilə müqayisədə 0,2 faiz bahalaşaraq 1,6 manat təşkil edib. Avro isə manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası 0,15 faiz möhkəmlənərək 1,7566 manat olub.
Bəzi ekspertlər manatın ucuzlaşmasının başlandığı qənaətindədirlər.
Professor Elşad Məmmədov məsələ ilə bağlı “Yeni Müsavat”a açıqlamasında bildirib ki, son günlər valyuta bazarında ABŞ dollarının bahalaşması meylləri xarici ticarət əməliyyatlarının və ümumilikdə tədiyyə balansının strukturunda baş verən dinamika ilə izah olunmalıdır:
“Belə ki, Neft Fondundan valyuta bazarlarına edilən hətta böyük həcmdə olsa belə, müvəqqəti və məhdud intervensiyalar iqtisadi tendensiyaların strateji istiqamətlərinin dəyişdirilməsi gücündə deyil. Nəzərə almaq lazımdır ki, ölkə iqtisadiyyatında xarici ticarətin həcmləri kiçilməkdədir. Məlumdur ki, bu kiçilmə həm idxal, həm ixrac sferalarında baş verməkdədir. İxracda baş verən azalmanın daha kəskin şəkildə reallaşması xarici ticarətdəki müsbət saldonu minimuma endirib. Əgər 5 il əvvəl, neft gəlirlərinin yüksək səviyyədə olduğu dövrdə xarici ticarətdə müsbət saldo ildə 15-16 milyard dollar səviyyəsində qeydə alınırdısa, indi müsbət saldo təxminən 300 milyon dollar səviyyəsindədir. Yəni bu göstəricinin təxminən 50 dəfə azalması müşahidə olunur. Eyni zamanda, keçən ilin müvafiq dövrü ilə müqayisədə xarici ticarət əməliyyatlarının müsbət saldosunda 10 dəfəyə yaxın azalma müşahidə olunmaqdadır”.
Ekspertin sözlərinə görə, həmçinin qeyd etmək lazımdır ki, daxili bazarda tələbatın azalması və hökumət tərəfindən müəyyən preventiv tədbirlərin həyata keçirilməsi nəticəsində idxal göstəricilərində də müəyyən qədər azalma istiqamətində korreksiyalar mövcud olub: “Əks halda, artıq ölkə iqtisadiyyatının xarici ticarət dövriyyəsindəki saldo müsbətdən mənfiyə doğru dəyişmiş olacaq. Bununla belə, nəzərə almaq lazımdır ki, ölkənin tədiyyə balansının formalaşdırılmasında xarici ticarət dinamikası ilə yanaşı, önəmli xüsusi çəkiyə malik olan digər göstəricilər sistemləri də mövcuddur. Bunlar cari əməliyyatlar hesabına daxil olan xidmət sektorunun inkişafını xarakterizə edən xidmətlər hesabına aid və eyni zamanda ilkin gəlirlərə aid olunan göstəricilərdir ki, bunlara dair tədiyyə balansında ölkədən çıxan valyuta xroniki olaraq ölkəyə daxil olan valyutanın həcmini üstələyir. Nəhayət, tədiyyə balansının formalaşdırılmasında mühüm əhəmiyyət kəsb edən və kapital axınlarının istiqamət dinamikasını əks etdirən maliyyə hesabına aid göstəricilər də milli valyutanın məzənnəsinin müəyyən olunmasına güclü təsir edir”.
E.Məmmədov qeyd edib ki, sadəcə olaraq, uzun müddət ərzində xammal ixracının hesabına xarici ticarətdə müsbət saldonun çox böyük rəqəmlərlə ifadə olunması səbəbindən milli iqtisadiyyatda kapital hərəkətindəki dinamika bir qədər arxa plana keçib: “Xarici ticarətdəki müsbət saldonun faktiki minimuma endirildiyi müasir şəraitdə, kapital axınının hansı istiqamətdə inkişaf etməsi tədiyyə balansının formalaşdırılmasında daha əhəmiyyətli təsirə malik olur. Məhz buna görə indiki şəraitdə idxalı əvəz edə biləcək milli istehsal prosesinin formalaşması ilə yanaşı, ölkədən kapital qaçışının qarşısının alınması hökumət üçün daha da prioritet məqsəd daşımalıdır. Bu məsələnin həllində əldə ediləcək nəticələr fikrimcə, əsasən yaxın aylarda milli valyutanın məzənnəsinin hansı dinamika ilə inkişaf edəcəyini müəyyən etmiş olacaq. Çünki hətta ixracın kəskin şəkildə azalması fonunda belə, idxalın müəyyən dərəcədə azalması hesabına xarici ticarət və hətta ümumilikdə tədiyyə balansının cari hesablar bölməsi üzrə müəyyən dərəcədə balansa nail olmaq mümkündür. Lakin maliyyə hesabı üzrə, yəni portfel və digər formada investisiyaların və ümumilikdə kapitalın ölkədən xaricə yönəldilməsi manata təzyiqlərin artmasına birbaşa şərait yaradır. Buna görə də zənnimcə, makroiqtisadi sabitlik baxımından bu istiqamətin ölkə hökumətinin iqtisadi bloku tərəfindən müasir şəraitdə prioritet kimi qəbul edilməsi zəruridir”.