“Rabitəbank”ın üzü və astarı
Bu bankla bağlı kütləvi narazılıq formalaşmaqdadır
“xeberinfo.com”: “Rabitəbank”ın şüarı kiçik və orta biznesin tərəfdaşı olmasıdır. Redaksiyamıza daxil olmuş məlumatlarla bağlı bankın bu şüara sözdə deyil, əməldə nə qədər riayət etdiyini araşdırmağa çalışdıq və çox təzadlı səhnə ilə rastlaşdıq.
Qeyd edək ki, indiyə kimi də “Rabitəbank”ın adı bir neçə dəfə qalmqallı məsələlərdə hallanıb. Sonuncu dəfə ötən ilin dekabrın 25-də şəhərin mərkəzində üzərinə benzin tökərək intihar edən II qrup Qarabağ əlili Zaur Həsənovun tükürpədən intiharında “Rabitəbank”ın adı hallanmışdı. Xatırladaq ki, Qarabağda Azərbaycanın ərazi bütövlüyünü müdafiə edərkən yağı düşmənin gülləsindən salamat qurtaran Zaur Həsənov doğulduğu qəsəbədə - Bibiheybətdə cəmi 70 kvadratmetrlik çayxanasının əlindən alınmasına, çayxananı yenidən tikmək üçün “Rabirəbank”dan götürdüyü kreditlərin altında qalıb əzilməsinə, ailəsinin yeganə dolanışıq mənbəyindən məhrum olmasına, üz tutduğu instansiyalarda heç kimin onun dərdinə əlac etməməsinə dözməyərək özünü yandırdı. Z.Həsənovu intihara məcbur edən səbəblərdən birini də onun 13 yaşlı oğlu İsmayıl açıqlamışdı. Keçmiş döyüşçünün oğlu evlərinin borclu olduqları bank tərəfindən girov götürüldüyünü danışdığı zaman bunları söyəmişdi: “Bank evimizi əlimizdən alıb. 2011-ci ildə prezident İlham Əliyev Lökbatanda əlillərin binasında bizə ev verdi. Atam çayxananı təmir etmək üçün evimizi girov qoyub bankdan pul götürdü. Bank da bizi evimizdən qovdu. Neçə aydır ki, babamgildə qalırıq. Hər şeyimiz də o evimizdə qalıb. Məni məktəbə göndərirdilər, mən də qaçıb işləməyə gedirdim”.
Zaur Həsənov intiharı cəmiyyəti ciddi sarsıtdığından bütün diqqətlər Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının sədri, deputat Səttar Mehbalıyevə yönəldi və Qarabağ əlilinin evini əlindən alan “Rabitəbank”ın əməlinə qiymət vermək unuduldu. Mərhum Zaur Həsənov əvvəlcə Lökbatandakı ata evini “Rabitəbank”a girov qoyaraq 10 min manat pul götürüb. Daha sonra obyekti sökülən Z.Həsənov banka olan borcunu ödəyə bilməyib. Borc daha sonra faizləri ilə birlikdə 15 min manata çatıb. Qarabağ əlillinin evi 15 min manat borclu olduğu “Rabitəbank” tərəfindən əlindən alınıb. Bank borcunu ödəyə bilməyən qazini 5 uşağı ilə birlikdə evindən çıxarıb. Ev bütün əşyaları ilə girov götürülüb. Bank hətta Zaur Həsənovun və yoldaşının qızıl əşyalarını da girov olaraq götürüb. Evini, itirilən əmlakını geri qaytarmaq üçün Zaur Həsənovun bütün çabaları nəticə vermədikdən sonra, Qarabağ əlilli çıxış yolunu intiharda görür. Qarabağda ermənilərin öldürə bilmədiyi bir vətənpərvər vətən övladını məmurların harınlığı, özünü kiçik və orta biznesin tərəfdaşı elan edən “Rabitəbank”ın soyğunçu kredit sistemi intihara yuvarladı.
Zaur Həsənovun intiharından sonra “Rabitəbank” mərhum Qarabağ əlilinin evin sənədlərini qazinin ailəsinə geri qaytaracağını açıqlamışdı. Həmin məlumatda “Rabitəbank”ın problemli kreditlər şöbəsi bu xəbəri verirdi: “Mərhum Z.Həsənovun banka həqiqətən də borcu olub və hazırda bu borc ödənilib. Z.Həsənovun evi isə bankda girovluqda deyil”.
Zaur Həsənov intihar edərək “Rabitəbank”a borcunun ödənməsinə nail oldu. Kiçik və orta biznesin tərəfdaşı borcunu kiçik sahibkar ölmü ilə ödətdirdi. Bir Qarabağ qazisinə sahib çıxmayan, onun evini əlindən alan bankın fəaliyyətinə kiçik nəzər salmaq yetərlidir ki, nəyə xidmət etdiyinə əmin olasan.
Bir müddət əvvəl mediada belə bir xəbər yayıldı ki, “Rabitəbank” ASC-nin vəzifəli şəxslərinin qanunsuz əməlləri ifşa edimişdir. Həmin məlumata görə, “Rabitəbank” ASC-də yol verilmiş qanun pozuntuları ilə əlaqədar Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş müraciət araşdırılmışdır. Araşdırmalar zamanı cəmiyyətin Lənkəran rayon filialının vəzifəli şəxslərinin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Lənkəran rayon sakinləri Fuad Cabbarov və digərlərinin adlarına saxta kredit müqavilələri rəsmiləşdirməklə ilkin məlumatlara görə 35.0 min manat məbləğındə vəsaiti kredit şəklində alaraq mənimsəmələrində şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanmışdır. Vətəndaşın adına yazılan və mənimsənilən saxta kreditin həcmi Zaur Həsənovun ölümünə səbəb olan kreditin həcmindən iki dəfədən də artıqdır.
Hörmətli oxucularımız elə düşünər ki, “Rabitəbank” ASC-nin Lənkəran rayon filialında baş verən və artıq Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində istintaqı yekunlaşmaq üzrə olan bu fakt birinci və sonuncu haldır. Ancaq “xeberinfo.com”ya daxil olan məlumatlar tamam başqa mətləblərdən xəbər verir. Belə ki, bir müddət əvvəl Xətai rayon məhkəməsinin "Rabitəbank" ASC-nin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri barədə xüsusi qərardad çıxararaq Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə göndərmişdi. Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılmışdır. Müəyyən edilmişdir ki, ASC-nin əməkdaşı Ülvi Nuriyev mənzil almaq məqsədi ilə kredit müqaviləsi əsasında həmin bankdan 25 il müddətinə 43 min 500 manat məbləğində kredit götürmüş və atası Sabir Quliyevin adına olan mənzil ipoteka ilə yüklü edilərək qeydə alınmışdır. Bundan sonra cəmiyyətin vəzifəli şəxsləri tərəfindən guya Ü.Nuriyevin həmin bankdan təmir işləri adı ilə bir ay müddətinə 45.0 min manat məbləğində kredit götürməsi barədə bankla qanunsuz müqavilə bağlanmış və qeyd edilən ipoteka ilə yüklü mənzil girov qoyulmaqla sonradan həmin müqavilə üzrə yaranmış borcun ödənilməsindən ötrü mənzilin hərrac yolu ilə satılması barədə məhkəmədə iddia qaldırılmışdır. Bununla da dövlətin və vətəndaşların qanunla qorunan mənafelərinə mühüm zərər vurulmuşdur. Bu fakt Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanmısına səbəb olmuşdur.
Ancaq bu da son deyil. Bir müddət əvvəl Sumqayıt şəhərinin sakinlərindən biri Oqtay Ağayarovun ciddi bank qanunsuzluğu ilə üzləşməsi haqqında məlumat yayılmışdı. Belə ki, Oqtay Ağayarov ictimai fəaliyyəti, Sumqayıtda mədəni tədbirlərin keçirilməsi ilə əlaqədar üç il öncə “Rabitəbank”ın Sumqayıt filialından 57 min manat kredit götürüb. Kredit onun həyat yoldaşı Zülfüqarova Gövhər Kazım qızının adına götürülüb. Kreditin müqabilində banka xanımının adına olan Sumqayıt şəhəri 3-cü məhəllə, ev 23/5 mənzil 2 ünvanındakı evi girov qoyulub. 3 il ərzində O.Ağayarov banka 80 min manat pul ödəyib və bütün öhdəliklərini yerinə yetirib. Lakin bir neçə ay bundan öncə onu müəmmalı şəkildə banka çağıraraq, onlara daha 20 min manat borclu qaldığını bildiriblər. Bununla razılaşmayan Ağayarov bank rəhbərliyi – Müşahidə Şurasının rəhbərləri Zakir Nuriyev, Kamal Mədətovla görüşməyə və məsələni aydınlaşdırmağa çalışsa da, ona bu imkan yaradılmayıb. Nəticədə bankın Sumqayıt Şəhər Fililalı məhkəməyə müraciət edib. Cavabdehin xəbəri belə olmadan məhkəmə prosesi keçirilib. Bu müddətdə qanunsuz olaraq O.Ağayarovun ailə üzvləri onun həyat yoldaşının adına olan mənzildən qeydiyyatdan çıxarılıb və mülk hərraca çıxarılıb. Təxminən 150 min manat dəyəri olan evi bank öz yaxın adamına 43 min manata – dəyər-dəyməzinə satıb.
Bu və buna oxşar ittihamlara isə “Rabitəbank”ın rəhbərliyi şablon ifadələrlə özünə bəraət qazandırmağa çalışır. Məsələn, “Rabitəbank” ASC beynəlxalq təcrübəyə malik menecerlər komandası tərəfindən idarə olunur və bank yüksək korporativ idarəetmə standartlarının tətbiqi üzrə uzunillik təcrübəyə malikdir. Beynəlxalq maliyyə strukturları ilə uğurlu əməkdaşlığı “Rabitəbank”-ın şəffaflığının və beynəlxalq standartlara uyğunluğunun bariz göstəricisidir. “Standard & Poor’s” reytinq agentliyi tərəfindən 2010-cu ildə aparılmış araşdırmanın nəticələrinə əsasən, “Rabitəbank” Azərbaycanın 5 ən şəffaf bankları siyahısına daxil edilmişdir. 2012-ci ildə “Ekonomist” jurnalının hazırladığı şəffaflıq üzrə ölkə banklarının reytinqində “Rabitəbank” birinci yeri tutmuşdur.
Əgər doğrudan da “Ekonomist” jurnalının hazırladığı şəffaflıq üzrə ölkə banklarının reytinqində “Rabitəbank” birinci olmuşdursa və yuxarıda qeyd edilən faktlar da Azərbaycan hüquq mühafizə orqanlarının rəsmi məlumatlarıdır, bu zaman çox qəribə ziddiyət yaranır. Ölkə vətəndaşı haqlı olaraq bu suala cavab tapmaq istəyir. Bizim ən şəffa bankımız “Rabitəbank”dırsa, bəs qeyri-şəffa bankımız hansıdır?
“Rabitəbank”ın Ağcabədi filialı ilə bağlı da “xeberinfo.com”ya ciddi məlumatlar daxil olub. Həmin məlumatları araşdırırıq. Qısaca olaraq onu qeyd edək ki, “Rabitəbank”ASC-nin Ağcabədi rayon filialından kredit götürmək istəyən rayon sakinindən rüşvət tələb olunub. Həmin vətəndaş isə hüquq mühafizə orqanlarına müraciət edib. Məlumata görə həmin müraciət hal-hazırda Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırılır.
Bir mətbuat orqanı olaraq biz də jurnalist araşdırması aparırıq. Araşdırmamız hazır olan kimi, oxucularımızla tanış edəcəyik.
Onu da qeyd edək ki, yazı hazırlanarkən biz "Rabitəbank"ın rəhbərliyinin də mövqeyini öyrənmək istədik. Təəssüf ki, bu istiqamətdəki çabalarımız nəticəsiz qaldı.
Kamandar