“Dövlət büdcəsi kəsirlə icra olunub”
Kəsir cari ilin yanvarın 1-ə olan dövlət büdcəsinin vahid xəzinə hesabının qalığı və özəlləşdirmədən daxilolmalar hesabına örtülüb
"Xeberinfo.com": 2015-ci ilin I yarısında dövlət büdcəsinin mədaxili 7 mlrd. 807,2 mln. manat, xərcləri 8 mlrd. 577,9 mln. manat olub, 700,7 mln. manat məbləğində büdcə kəsiri (defisit) yaranıb.
“APA-Economics” xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin yaydığı 2015-ci ilin 6 ayı üzrə dövlət büdcəsinin icrasına (operativ) dair məlumatında deyilir.
Məlumata əsasən, cari ilin altı ayında dövlət büdcəsinin mədaxili 7,717 mlrd. manat proqnoza qarşı 7 mlrd. 807,2 mln. manat və yaxud 1,2% çox olub.
Vergilər Nazirliyi tərəfindən mədaxil proqnozu 100,2% icra edilməklə dövlət büdcəsinə 3 mlrd. 328,8 mln. manat vəsait təmin edilib.
Həmin vəsaitin 68,3%-i və yaxud 2,275 mlrd. manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür ki, bu da 2014-cü ilin müvafiq dövrünə nisbətən 11,4 faiz-bənd çoxdur.
2015-ci ilin altı ayında Dövlət Gömrük Komitəsi proqnoza 100,3% əməl edərək büdcəyə 765,3 mln. manat vəsait təmin edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4,4% və yaxud 32,5 mln. manat çoxdur.
Dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmaları 110,1 mln. manat təşkil edib.
Sair daxilolmalar üzrə büdcəyə 41,4 mln. manat vəsait daxil olub.
Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə 3 mlrd. 561,6 mln. manat vəsait transfert edilib.
2015-ci ilin altı ayında dövlət büdcəsinin xərcləri proqnoza nisbətən 85% və yaxud 8 mlrd. 577,9 mln. manat icra olunub, qarşıya qoyulan bütün əsas öhdəliklər yerinə yetirilib.
Cari ilin altı ayında dövlət büdcəsi xərclərinin 4 mlrd. 423,2 mln. manatı və yaxud 51,6%-i cari xərclərə yönəldilib. Cari xərclər əsasən büdcə təşkilatlarında çalışanların əmək haqqını, təqaüdlər və sosial müavinətləri, kommunal və kommunikasiya, abadlaşdırma xidmətləri haqqının ödənilməsini və digər zəruri xərcləri əhatə edir.
Dövlət büdcəsi xərclərinin 3 mlrd. 855,3 mln. manatı və yaxud 44,9%-i əsaslı xərclərə yönəldilib. Əsaslı xərclər ölkədə həyata keçirilən sosial və infrastruktur layihələrin, əsas vəsait, qurğu və avadanlıqların, xüsusi dövlət alışlarının və digər əsaslı ödənişlərin maliyyələşdirilməsinə sərf edilib.
Ümumi xərclərin 299,4 mln. manatı və yaxud 3,5%-i dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə (ödəniş vaxtı çatmış dövlət borcları və faizlər üzrə ödənişlər) yönəldilib.
Cari ilin altı ayında dövlət büdcəsində 770,7 mln. manat kəsir olub. Kəsir “Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında” Qanuna müvafiq olaraq 2015-ci il 1 yanvar tarixə dövlət büdcəsinin vahid xəzinə hesabının qalığı və özəlləşdirmədən daxilolmalar hesabına örtülüb.
2015-ci ilin ikinci rübündə (aprel-iyun aylarında) dövlət büdcəsinin mədaxili 3 mlrd. 868,4 mln. manat, xərcləri isə 4 mlrd. 388, mln. manat icra olunub.
Cari ilin altı ayında icmal büdcənin gəlirləri 9 mlrd. 35,4 mln. manat, icmal büdcənin xərcləri 9 mlrd. 907,1 mln. manat icra olunub.