ADI “SƏNAYE BANKI”, ÖZÜ İSƏ... -Gozalın bankı həm kiçilib, həm də qazancı 3 dəfə azalıb
Bank sektorunda böyüklüyünə görə ilk altılığa daxil olan və “Azersun Holdinq” MMC-nin maliyyə bazarı üzrə törəmə sərmayəçi şirkəti sayılan “Anadolu İnvestment Kompani” MMC-yə məxsus “ASB Bank”-ın cari ilin ilk 9 ayına aid hesabatları göstərir ki, bank bir qədər kiçilib.
Yenixeber.org: “ASB Bank”-ın həm aktivləri, həm müştərilərdən cəlb edilən vəsaitləri, həm kreditləri, həm də kredit faizlərindən gəlirləri xeyli azalıb.
Bununla yanaşı, Abdulbari Gozalın bankı kimi tanınan bu bank adındakı “sənaye” sözünə baxmayaraq, istehsal sahələrinə vəsait ayırmaq əvəzinə, daha çox digər banklara vəsait yerləşdirərək, qazanc götürməklə məşğuldur. Bu isə bankın nə adına, nə də ümumilikdə dövlətin və ölkənin bank sektorunun maraqlarına uyğun deyil. Bununla bağlı “marja.az” bildirir ki, sözügedən bank "Azərbaycan Sənaye Bankı" adını "Azərbaycan Depozit Bankı"na dəyişsə daha məqsədəuyğun olar.
"Azərbaycan Sənaye Bankı"nın cari ilin 9 ayının yekunları üzrə maliyyə hesabatları göstərir ki, 30 Sentyabr 2021-ci il tarixində “ASB”-nin banklar da daxil olmaqla, maliyyə institutlarındakı depozitləri cəmi 481 milyon 800 min manat təşkil edib. Bu isə bankın cəmi aktivlərinin 55,6%-dir. Eyni zaman kəsiyində müştərilərə verilən kreditlərsə cəmi 226 milyon 744 min manat olub, bu da cəmi aktivlərin 26,2%-dir. Deməli, digər banklarda yerləşdirilən depozitlər müştərilərə verilən kreditlərdən 2 dəfə çoxdur. Belə olan təqdirdə, bunun nəyi “sənaye bankı” oldu?
Həmçinin, 2020-ci ilin sonu ilə müqayisədə "Azərbaycan Sənaye Bankı"nın digər banklardakı depozitləri 37 milyon 762 min manat artıb, müştərilərə verilmiş cəmi kreditlər isə 90 milyon 247 min manat azalıb. Bu göstərici də bankın hansı istiqamətdə “çalışdığını” ortaya qoyur.
“ASB” 2021-ci ilin 9 ayını 1 milyon 716 min manat xalis mənfəətlə başa vursa da bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 dəfə azdır. Belə ki, bank 2020-ci ilin 9 ayını 5 milyon 130 min manat xalis mənfəətlə bağlamışdı. Xalis mənfəətin azalması bankın kredit portfelinin azalmasıyla və nəticədə kreditlər üzrə faiz gəlirlərinin də düşməsi ilə əlaqədardır.
O cümlədən, Bankın 9 aylıq faiz gəlirləri 3 milyon 876 min manat və ya 15,6% azalaraq 20 milyon 920 min manata düşüb. Həmçinin, “ASB”-nin 2020-ci ilin 9 ayı ilə müqayiədə əməliyyat mənfəəti 2,1 dəfə azalıb. Bankın kreditlər üzrə faiz gəlirləri isə 23,3% və ya 3 milyon 576 min manat azalaraq 11 milyon 748 min manat, banklardakı depozitləri üzrə faiz gəlirləri isə 3,3% və ya 309 min manat azalaraq 9 milyon 160 min manat təşkil edib.
2020-ci ilin sonu ilə müqayisədə “Azərbaycan Sənaye Bankı” tərəfindən müştərilərə verilmiş cəmi kreditlər 90 milyon 248 min manat və ya 28,5% azalaraq 226 milyon 743 min manata düşüb, digər banklara yerləşdirilmiş depozitlər isə 37 milyon 762 min manat və ya 8,5% artaraq 481 milyon 800 min manata yüksəlib. Nəticədə bankın digər banklardakı depozitləri kredit portfelindən 2,1 dəfə çoxdur.
Onu da qeyd edək ki, “ASB” 30 Sentyabr 2021-ci il tarixində 866 milyon 645 min manat cəmi aktivlərə malik olub ki, bu da ötən ilin sonu ilə müqayisədə təxminən 45 milyon manat azdır.
Bütün bu göstəricilər “ASB”-nin əvvəlki dövrlə müqayisədə bir qədər kiçildiyini və aktiv kredit siyasətindən uzaqlaşdığını göstərir.
Xatırladaq ki, “Azərbaycan Sənaye Bankı”nın səhmdarları “Anadolu İnvestment Kompani” MMC(“Azersun Holdinq” MMC-nin törəməsi), “Azərbaycan Sənaye Lizinq” MMC (0.5748%) və Abdulla Gozalın qızı Leyla Gozaldır (1%). “AzPolitika.info”