Bu gün 7 idmançımız Rio Olimpiadasında mübarizə aparacaq
2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında bu gün Azərbaycanın 7 təmsilçisi mübarizə aparacaq.
Xeberinfo.com: Məlumata görə, onlardan 5-i müxtəlif vaxtlarda dünya çempionu olub.
İlk olaraq kanoe üzrə 4 qat dünya və 4 qat Avropa çempionu Valentin Demyanenko start xəttinə çıxacaq. 33 yaşlı idmançı 1 nəfərlik qayıqla (C-1) 200 metr məsafəyə yürüşlərə qatılacaq. Bakı vaxtı ilə saat 16:37-də başlanacaq seçmə yürüşdə Demyanenkonun rəqibləri bolqar Angel Kodinov, italiyalı Karlo Taççini, “Bakı 2015″ I Avropa Oyunlarının qalibi, litvalı Henrikas Justautas, iranlı Adel Mojallalimoğadam və avstraliyalı Ferents Şekşardi olacaq.
Reqlamentə əsasən, 4 seçmə yürüşdə ilk 5 yerin sahibi və 6-cı yeri tutanlar arasında ən yaxşısı həmin gün saat 17:42-dən etibarən başlanacaq yarımfinala yüksələcəklər. Bu mərhələdə isə 3 yürüşün yekununa əsasən, ilk 2 yerin sahibi və 3-cü yeri tutanlardan 2 ən yaxşısı finala vəsiqə qazanacaq. Həlledici yürüşün startı avqustun 18-də saat 16:23-də veriləcək.
Saat 17:00-da taekvondoçu Patimat Abakarova dayanq üzərinə çıxacaq. 49 kq. çəki dərəcəsində yarışacaq Abakarovanın 1/8 finaldakı rəqibi 2016-cı ilin Avropa çempionu, eləcə də 2015-ci il dünya çempionatı və I Avropa Oyunlarının vitse-çempionu Tiyana Boqdanoviç olacaq.
Saat 17:19-da kayakçı İnna Osipenko-Radomskaya 1 nəfərlik qayıqla (K-1) 500 metr məsafəyə seçmə yürüşə çıxacaq. Onun rəqibləri slovak Martina Kohlova, serb Dalma Ruziçiç Benedek, polşalı Evelina Vojnarovska, avstriyalı İvonne Şurinq, avstraliyalı Naomi Flud və rusiyalı Yelena Anyuşina olacaq. Yürüşü ilk “6-lıq”da başa vuranlar yarımfinala vəsiqə qazanacaqlar. Saat 18:17-dən etibarən başlanacaq növbəti mərhələ yürüşlərində isə ilk 2 yeri tutanlar və 3-cü yerin sahibləri arasında 2 ən yaxşısı finala adlayacaq. Həlledici mərhələ yürüşü avqustun 18-də saat 17:11-də başlanacaq. Osipenko-Radomskaya ötən gün 200 metr məsafəyə yürüşdə bürünc medal qazanıb. İndi o, daha bir medal uğrunda mübarizə aparacaq. O, Ukrayna yığmasının heyətində çıxış etdiyi vaxt 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında və 2010-cu il dünya çempionatında qızıl medalı məhz 500 metr məsafəyə yürüşdə qazanıb.
Saat 17:05-də atlet Hayle İbrahimov 5000 metr məsafəyə qaçış yarışında iştirak edəcək. Reqlamentə əsasən, ümumilikdə 51 atlet 2 qrupa (25+26) bölünəcək. Yekunda onlardan ən yaxşı nəticə göstərən 15 atlet avqustun 21-nə keçən gecə saat 04:30-da başlanacaq finala vəsiqə qazanacaq.
Saat 17:48-də Azərbaycanın qadın güləşçilərindən dünya və beşqat Avropa çempionu, eləcə də “Bakı 2015″ I Avropa Oyunlarının qalibi Mariya Stadnik 48 kq. çəki dərəcəsində ilk görüşünü keçirəcək. Onun 1/8 finalda rəqibi Patrisia Alexandra Bermudes olacaq. Saat 17:56-da isə daha bir dünya və Avropa çempionu Yuliya Ratkeviç 58 kq. çəkidə 1/8 final qarşılaşmasında çıxış edəcək. O, ukraynalı Oksana Herhellə üz-üzə gələcək.
Nəhayət, saat 22:30-da boksçu Elvin Məmişzadə 52 kq. çəki dərəcəsində özbək Şaxobidin Zoirovla 1/4 final görüşündə üz-üzə gələcək. 2015-ci ilin dünya çempionu və I Avropa Oyunlarının qalibi olan Məmişzadə qələbə qazansa, yarımfinala yüksələrək, ən azı bürünc medalı özünə təmin edəcək.