“Real Madrid” UEFA Çempionlar Liqasının qalibi oldu
Mayın 28-də futbol üzrə UEFA Çempionlar Liqasının 2015 2016-cı il mövsümünün final görüşü oynanılıb.
Xeberinfo.com: Finalda Madridin iki komandası – “Real” və “Atletiko” qarşılaşıb. Həlledici oyunda qalib gələn “Real Madrid” 11-ci dəfə UEFA Çempionlar Liqasının qalibi adını qazanıb.
Milanın məşhur “San-Siro” stadionunda keçirilən final görüşünü ingiltərəli Mark Klattenberq idarə edib.
Qarşılıqlı hücumlar şəraitində keçən görüşdə hesabı oyunun 15-ci dəqiqəsində kral klubunun futbolçuları açıblar. Kriştiano Ronaldonun cərimə zərbəsindən ötürdüyü topu Beyl başla Serxio Ramosa yönəldib. Kapitan isə dəqiq zərbə ilə komandasının ilk qolunu vurub – 1:0.
Bundan sonra hesabı bərabərləşdirmək üçün irəli atılan “Atletiko” futbolçuları bir neçə təhlükəli vəziyyət yaratsalar da, istəklərinə nail ola bilməyiblər. Belə ki, 39-cu dəqiqədə “Atletiko”nun fransalı legioneri Qrizmanın 30 metr məsafədən vurduğu topu qapıçı Keylor Navas məharətlə dəf edib. Qrizman dörd dəqiqə sonra daha bir zərbə vursa da, top qapı dirəyindən bir neçə santimetr aralı keçib. Qalan dəqiqələrdə bir neçə təhlükəli vəziyyət yaransa da, hesab dəyişməyib və ilk hissə “Real”ın 1:0 hesablı üstünlüyü iə başa çatıb.
İkinci hissəyə sürətli hücumlarla başlayan “Atletiko” futbolçuları 11 metrlik cərimə zərbəsi vurmaq hüququ qazanıblar. Oyunun 47-ci dəqiqəsində “Real”ın futbolçusu Pepenin cərimə meydançasında Fernando Torresə qarşı kobud oyununa görə hakim kral klubunun qapısına penalti təyin edib. Lakin Qrizmanın güclü zərbəsi qapı tirindən qayıdıb. Yeddi dəqiqə sonra künc zərbəsindən “Real”ın cərimə meydançasına ötürməni “Atletiko”nun üç hücumçusundan heç biri dəqiq tamamlaya bilməyib.
Matçın 70-ci dəqiqəsində “Atletiko”nu əks-hücumla yaxalayan “Real”ın forvardı Kərim Benzema qapıçı ilə təkbətək qalsa da, topu düz qolkiperin üstünə vurub.
Oyunda hesab 79-cu dəqiqədə bərabərləşib. “Atletiko”nun sağ cinahdan başlatdığı hücumda Xuanfranın gözəl ötürməsini Karrasko dəqiq zərbə ilə tamamlayıb – 1:1.
Matçın əsas vaxtı bu hesabla da başa çatıb.
Oyunun əsas vaxtında qalib müəyyənləşmədiyindən 15 dəqiqəlik iki əlavə hissə oynanılıb. Əlavə vaxtda da qalib müəyyənləşmədiyi üçün 11 metrlik cərimə zərbələri yerinə yerilib. Cərimə zərbələri seriyasında 5:3 hesabı ilə qalib gələn “Real Madrid” çempion adını qazanıb.
Beləliklə, matçın qalibi olan kral klubu 11-ci dəfə bu kuboka layiq görülüb. “Atletiko” isə tarixi ərzində UEFA Çempionlar Liqasında üçüncü final oyununda da məğlub olub.
Qeyd edək ki, hər iki ispan komandası iki il əvvəl də Çempionlar Liqasının finalında qarşılaşmışdı. Həmin oyunda “Atletiko” 1:0 hesabı ilə irəlidə olsa da, son dəqiqələrdə məhz Serxio Ramos hesabı bərabərləşdirmişdi. Oyunun əsas vaxtına əlavə edilən dəqiqələrdə isə “Real” əlavə üç qol vuraraq həmin mövsümdə çempion adını qazanmışdı.
Bu qələbə “Real”ın baş məşqçisi Zinəddin Zidan üçün də əlamətdar olub. Z.Zidan baş məşqçi kimi ilk mövsümdə UEFA Çempionlar Liqasının qalibi olmaqla adını tarixə yazdırıb(azərtac).