ASAPES-də 1-ci karyera sərgisi keçirilib-FOTOLAR
Gənclərin məşğulluğunu artırmaq məqsədilə mayın 25-də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında tələbə və məzunlar üçün karyera sərgisi təşkil olunub. Sərginin keçirilməsində əsas məqsəd tələbə və məzunların müəssisə və təşkilat nümayəndələri ilə birbaşa təmasına imkan yaratmaq və onların işlə təmin olunmasına dəstək verməkdir.
Yenixeber.org: Müxtəlif idman federasiyaları, dövlət qurumları və təşkilatların, eləcə də Akademiya ilə sıx əməkdaşlıq edən idman müəssisələrinin nümayəndələrinin iştirak etdiyi tədbiri açıq elan edən ASAPES-in rektoru Fuad Hacıyev karyera sərgisinin əhəmiyyətinə toxunub. Rektor bildirib ki, sərgi tələbə və məzunların karyera imkanlarını artırmaq, məşğulluqlarını inkişaf etdirmək, əmək bazarında ixtisaslarına uyğun şirkətlərlə əlaqə yaratmaq və real iş imkanlarından yararlanmaq məqsədilə təşkil olunub. Fuad Hacıyevin sözlərinə görə, idmanda məşqçilik, tibbi reabilitasiya, menecment və jurnalistika sahələri üzrə kadr hazırlığını həyata keçirən Akademiyanın əsas missiyası həm də gənc mütəxəssislərin ixtisasları üzrə işlə təmin olunmasına şərait yaratmaqdır.
Tələbə və məzunlara iş axtarışında uğurlar arzulayan ASAPES Karyera Mərkəzinin direktoru Elnarə Mirzoyeva bildirib ki, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası ölkəmizin idman sahəsi üçün kadr hazırlığında önəmli rol oynayan ali təhsil müəssisəsidir və qurumlar üçün Akademiya ilə əməkdaşlıq, məzunların işə cəlb olunması böyük əhəmiyyət kəsb edir.
Tədbirin ikinci hissəsi Azərbaycan Yelkən Federasiyasının vitse–prezidenti Burcu Algon Giorgianni və Azərbaycanın ilk idman geyim brendi olan “MESHQUE”nin təsisçisi Zülfiyyə Əliyevanın təqdimatı ilə davam edib.
400-dən çox tələbə və məzunun iştirak etdiyi sərgi iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Nümayəndələr təmsil etdikləri müəssisələrdəki vakansiya və təcrübə proqramları haqqında tələbə və məzunlara ətraflı məlumat veriblər. İş axtarışında olan gənclər isə şirkətlərin insan resursları üzrə mütəxəssisləri ilə ünsiyyət quraraq özlərinə uyğun vakansiyalar üzrə CV-lərini təqdim ediblər.
ASAPES-in rəhbər heyəti və müəlllimlər sərgidə nümayiş olunan stendləri gəzərək müəssisələrin nümayəndələri ilə ünsiyyətdə olub və vakansiyalarla maraqlanıblar.