Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Müəllim və valideynlərdən nazirin qərarına etiraz

 

Nərimanov rayonunda yerləşən Pişəvəri adına Humanitar Fənlər Gimnaziyasında növbəti ildən ibtidai sinfə qəbul ləğv ediləcək. Təhsil naziri Mikayıl Cabbarovun əmrinə əsasən, növbəti ildən gimnaziyaya qəbul 5-ci sinifdən xüsusi imtahanla həyata keçiriləcək.

 

"Xeberinfo.com":  Məlumata görə, bu qərar müəllimlərin və valideynlərin etirazına səbəb olub. Bu gün səhər saatlarında müəllimlər sinifdə dərsi yarımçıq qoyub, valideynlərlə birlikdə məktəbin qarşısına toplanıb, qərarın ləğvini tələb ediblər.

 

Qeyd edim ki, məktəbdə təxminən 1200 şagird təhsil alır, onlara 140-a yaxın müəllim dərs keçir.

 

Biz məktəbə çatanda valideyn və müəllimlər məktəbin həyətinə toplaşmışdı. Təhsil Nazirliyindən gələn nümayəndə isə direktor və bəzi müəllimlərlə görüş keçirirdi.

 

Bu arada biz narazı valideyn və müəllimlərlə söhbətləşdik. Valideynlər işlədiklərinə görə, məktəbdə tədris prosesinin onlar üçün sərfəli olduğunu deyir. Çünki burada tədris alan uşaqların əksəriyyəti bir valideynli ailələrin övladlarıdır. Valideynlər işdən çıxana qədər uşaqları məktəbdə qalır, dərsdən sonra tərbiyəçilər onlarla məşğul olur. Müəllimlərin sözlərinə görə, ibtidai sinfin ləğv olunması 30-dan çox müəllimin işsiz qalması deməkdir.

 

5-ci sinif müəlliməsi Leyla Abbasova deyir ki, bu qərar barədə onlara dünən məlumat verilib.

 

“Qərar ibtidai siniflərlə bağlı olsa da, biz də narahatıq. Çünki gələcəkdə məktəbin  bağlanacağını düşünürük”.

 

20 ildən çoxdur məktəbdə ibtidai sinif müəlliməsi işləyən Gülmira Musayeva bu qərarın azı 32 müəllimin taleyini sual altına qoyduğunu deyir:

 

“Buradakı uşaqlar əsasən tək valideyni olan uşaqlardır. Bu gimnaziyada iş rejimi elə qurulub ki, dərsdən sonra şagirdlərlə tərbiyəçilər məşğul olur. Həmçinin onların əksəriyyəti məktəbin yataqxanasında qalır. Məktəbdə uşaqların əksəriyyəti rayonlardan gəlir. Bundan başqa, tədrisin keyfiyyəti yüksək olduğuna görə, valideynlərin də marağı yüksəkdir. Hər il yüz nəfər birinci sinfə qəbul edilməlidirsə, 300-dən artıq ərizə qəbul edirik. Şagirdlərin seçimi müsabiqə yolu ilə aparılır. Məktəbdə 16 ibtidai sinif var,  3 ildən sonra məktəbdə ibtidai sinflər tamamilə ləğv  olunacaq, 16 ibtidai sinif müəllimi və 16 tərbiyəçi isə işsiz qalacaq. Bu da bizi çox narahat edir. Istedad liseyi yaratsınlar, buna etiraz etmirik. Həmin uşaqları birinci sinifdən qəbul etsinlər, biz də həmin uşaqları yetişdirək”.

Məktəbin riyaziyyat müəllimi Zahid Həsənov bu qərarın onlar üçün qaranlıq olduğunu dedi:

 

“Sovet dövründə bu məktəb internat tipli olub və əsasən rayondan gələn uşaqlar burada qalıblar. Daha sonra burada yataqxana da fəaliyyət göstərib. Bu ilin sentyabrında yataqxananın bağlanacağını dedilər. Yəni artıq rayondan gələn uşaqlar burada təhsil ala bilməyəcəklər. Daha sonra söhbət dayandırıldı. Üç gündür ki, ibtidai sinflərin ləğv olunması gündəmə gəlib. Belə görünür ki, tədricən məktəbi tamamilə bağlayacaqlar. Burada müəllim işlədiyimə görə demirəm, müəllimlər həqiqətən işlərinə vicdanla yanaşır, yüksək təhsil verir. Bu qədər müəllimin işsiz qalması neçə ailənin həyatına təsir edəcək, bunu düşünmək lazımdır”.

 

“İbtidai sinfi ləğv edəcəkdilərsə, bizi nə üçün imtahan etdilər. Mən tənha qadınam, işsiz qalsam, mənə kim baxacaq?” – bu sözləri ömrünü müəllimliyə həsr etmiş  Sona Hacıyeva deyir.

 

“Bundan əlavə, 4 gimnaziya da bağlanacaq. Axı hansı əsasla bizi işimizdən edirlər? İndi direktorla danışırlar, axı nə dəyişəcək?”

35 ildir ki, bu məktəbdə müəllimə işləyən Həyat Feyzullayeva bu il dördüncü sinfə dərs keçir, növbəti ildən qəbulun dayandırılmasına ən çox narahat olanlardandır.

 

“Mənə deyirlər ki, yaşadığın ərazi üzrə uyğun məktəbdə yerləşdirəcəyik. Amma bu real deyil. Yaşadığım ərazidə 35 saylı məktəbdə bir sinif var, onun da müəlliməsi var, 42 saylı məktəbdə də müəllimlərin sayı yetərincədir. Məni harada yerləşdirəcəklər? Yəqin ki, ən ucqar məktəbə göndərəcəklər. Yaşımın elə vaxtıdır ki, bundan sonra hansı məktəbə uyğunlaşa biləcəm? İbtidai sinfi ləğv ediblər, amma bizi hara yerləşdirəcəklərini demirlər”.

 

Övladı birinci sinifdə təhsil alan İlhamə Abdullayeva bildirir ki, buradakı valideynlərin əksəriyyəti kimi o da işləyir. Valideynlərin bu məktəbi seçməsinin əsas səbəbi budur.

 

“Bu məktəbdə təhsilin səviyyəsi çox yüksəkdir. Bakıda ən yaxşı ibtidai təhsil məhz bu məktəbdədir. Bu il uşağım birinci sinifdə oxuyur. Amma növbəti il digər övladımı bu məktəbə qoya bilməyəcəm. O zaman mən nə etməliyəm? Uşağımın hərəsi bir məktəbdə oxumalıdır? Birinci sinfə qəbul olmasa, gələcəkdə kontingent aşağı düşəcək, bu da məktəbin bağlanması təhlükəsini yaradır”.

 

Təkbaşına övladına baxmalı olan  Afət Yusifova işlədiyinə görə bu məktəbi seçib.

 

“Bu gün məktəbə gələndə müəllimə növbəti ildən ibtidai sinfə qəbulun ləğv ediləcəyini dedi. Buradakı valideynlərin əksəriyyəti tək qadınlardır. Onlar övladlarına baxmaq üçün işləməlidirlər. Bundan sonra bizim vəziyyətimiz necə olacaq?”

 

Valideynlər deyir ki, bir müddət əvvəl Təhsil Nazirliyinin nümayəndələri məktəbə gələrək, yataqxananın bağlanacağı barədə xəbərdarlıq ediblər. Valideynlərə isə uşaqların 2 saylı internat müəssisəsinə yerləşdiriləcəyini deyiblər.

 

Təhsil Nazirliyinin Təhsilin inkişaf proqramları şöbəsinin müdir müavini Emin Əmrullayev direktor və müəllimlərlə görüşündən sonra onu gözləyən valideynlərin və müəllimlərin qarşısına çıxdı.

 

“Aşağı yaş qruplarında istedadı müəyyən etmək çox çətindir. Ona görə də, istedadlı uşaqların 5-ci sinifdən qəbul edilməsi barədə qərar qəbul edilib. Növbəti ildən məktəbə qəbul xüsusi imtahanla 5-ci sinifdən həyata keçiriləcək. Bakıda bu cür məktəblər var, bu, ilk qərar deyil. Bu məsələnin valideyn və müəllimlərlə qabaqcadan müzakirəsi fiziki olaraq qeyri-mümkündür.  Əlbəttə, insanların narazılığı başa düşüləndir. Bu proses nəticəsində heç kim işini itirməyəcək, heç kim aşağı kateqoriyalı işlə təmin edilməyəcək. Bütün müəllim və tərbiyəçilər digər məktəblərdə qanunvericiliyə uyğun yerləşdiriləcək. Hələ ki, yerləşdirmə barədə qərar verilməyib. Həm müəllimlərə və valideynlərə vaxt vermək üçün prosesə indi başlamışıq. Tədris ili bitəndən sonra hər bir müəllimlə fərdi qaydada söhbət edəcəyik. Onların ehtiyaclarını nəzərə almaqla məktəblərə yerləşdirəcəyik. Buradakı müəllimlərə Təhsil Nazirliyi ən öncül müəllimlər kimi baxır. Hesab edirik ki, bu müəllimlərin potensialından digər məktəblərdə də istifadə edə bilərik”.

 

Valideynlərin yataqxananın ləğv edilməsi ilə bağlı narahatlığına  gəldikdə, nazirlik rəsmisi bununla razılaşmadı. O, nazirlik tərəfindən belə qərarın olmadığını dedi.

 

Valideyn və müəllimlər nazirlik rəsmisinin sözləri ilə razılaşmadı. Onlar bunu sadəcə söz xatirinə deyilmiş sözlər kimi dəyərləndirdilər.

 

Məktəbin direktor müavini Afaq Poladzadə də məktəbin ibtidai sinfinə qəbulun dayandırılmasının şagirdlərin sayına təsir edəcəyini dedi.

 

“Bir müddət əvvəl yataqxananın may ayında təmirə bağlanacağı barədə bizə məlumat verdilər. Yəqin ki, təmir yeni tədris ili başlanana qədər bitər. Hələ ki, bu barədə yekun qərar yoxdur. Amma ibtidai sinfin ləğv edilməsi məktəbə müraciətə təsir edəcək. Bir vaxtlar bu məktəbdə oxumuş rayon sakinləri indi də öz övladlarını bu məktəbə gətirirlər. Amma bundan sonra bu qədər müraciət olmayacaq. Çünki valideyn hər iki övladının eyni məktəbdə oxumasını istəyir, ibtidai sinif yoxdursa, yəqin insanların marağı azalacaq. Şagirdlərin azalması tədricən sinflərin bağlanması, məktəbin fəaliyyətinin dayandırılması ehtimalını yaradır”.

Publika.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam