İsveçrə XİN Emin Hüseynovla bağlı məsələyə aydınlıq gətirdi
“Hazırda Azərbaycan vətəndaşı Emin Hüseynov İsveçrənin Bakıdakı səfirliyindədir.”
"Xeberinfo.com": Məlumata görə, bunu Trend-ə İsveçrə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ursina Şmit deyib.
Onun sözlərinə görə, o, 2014-cü il avqustun 18-də səfirliyə müraciət edib: “Bundan sonra İsveçrə ona humanitar səbəblərə görə qalma icazəsi təqdim edib. Həmin vaxtdan İsveçrə müraciət edən vətəndaşın maraqlarına uyğun olaraq bu məsələnin həlli üzrə Azərbaycan hakimiyyəti və hökuməti ilə danışıqlar aparır”.
Qeyd edək ki, Azərbaycan Respublikasının vətəndaşı E.Hüseynov barəsində Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 192.2.2 (qanunsuz sahibkarlıq), 213.2.2 (vergi ödəməkdən yayınma) və 308.2-ci maddələrində nəzərdə tutulan ittiham elan olunmaqla, 19 avqust 2014-cü il tarixdə məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilərək axtarış elan edilib.
Trend xəbər verir ki, bunu mətbuata açıqlamasında Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.
Azərbaycan XİN rəsmisi qeyd edib ki, məhkəmə qərarı əsasında aparılmış araşdırmalar nəticəsində E.Hüseynovun “Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu” ictimai birliyinin sədri kimi qeydiyyata alınmayan qrant müqavilələri üzrə qanunsuz sahibkarlıq fəaliyyətini həyata keçirərək 1.575.956 manat məbləğində külli miqdarda gəlir əldə etdiyi və dövlət büdcəsinə ödənilməli olan 247.551 manat məbləğində xeyli miqdarda vergiləri ödəməkdən yayındığına dair əsaslı şübhələr müəyyən edilib: “7 iyul 2014-cü il tarixindən etibarən Emin Hüseynov dəfələrlə ünvanına çağırış vərəqələri göndərilməklə istintaqa dəvət edilsə də, qaçaraq İsveçrə Konfederasiyasının Azərbaycan Respublikasındakı səfirliyində gizlənib”.
H.Hacıyev deyib ki, Azərbaycan Respublikasının Konstitusiyasına əsasən, hər bir vətəndaşın təqsirsizlik prezumpsiyası hüququ var.
Hazırda Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.