Gənc fəala 3 illlik həbs cəzası istənildi
Şamil Beydulla: “Hakim sanksiyanın ən yuxarı həddini istədi”
Orxan Əyyubzadənin növbəti məhkəmə prosesi keçirilib
Ona qarşı təcridxanada təzyiqlər var
"Xeberinfo.com": Oktyabrın 9-dan həbsdə olan gənc siyasi məhbus Orxan Əyyubzadənin növbəti məhkəmə prosesi keçirilib.
Binəqədi Rayon Məhkəməsində keçirilən prosesdə gənc fəalın yaxınları, müsavatçı və NİDA-çı gənclər iştirak ediblər. Şahidlər son ifadələrini veriblər.
Məhkəmə zamanı çıxış edən prokuror gənc fəala qarşı irəli sürülən 315.1 maddəsi üzrə maksimum nəzərdə tutulan 3 illik həbs cəzası istəyib. Orxan Əyyubzadənin gənc olması, ilk dəfə mühakimə edilməsi nəzərə alınmayıb.
Bu barədə musavat.com-a Orxan Əyyubzadənin Hüquqlarını Müdafiə Komitəsinin sədri Şamil Beydulla məlumat verib: “Bu gün Orxanın növbəti məhkəmə prosesi baş tutdu. Məhkəmədə Orxanın özü də iştirak edirdi. Prosesdə onun ailə üzvləri, müsavatçı və üzvü olduğu NİDA Vətəndaş Hərəkatının üzvləri iştirak edirdilər. Zərərçəkmişlər də iştirak edirdilər. Müdafiə tərəfinin şahidi Taleh Rzaxanov çıxış etdi. O, bildirdi ki, Orxan polislərə əl qaldırmayıb. Əksinə, ona qarşı təzyiqlər olub. Ardınca əlavə olaraq, Tural Abbaslı şahid qismində dindirildi. O, Talehin dediklərini təsdiq etdi. Daha sonra zərərçəkmişlər fikirlərini dedilər. Hakim ekspert rəylərini oxudu. Təsdiq etdi ki, Orxanın qollarında qandal izi olub. Həmçinin zərərçəkmişlər barədə ekspert rəyləri oxundu. Bundan sonra məhkəmə istintaqı bitmiş hesab olundu”.
Şamil Beydulla prokurorun gənc fəala 3 il həbs cəzası istədiyini bildirib: “Prokuror çıxışında istintaq materialları ilə Orxanın cinayətinin sübuta yetirildiyini iddia etdi. Ona irəli sürülən maddə üzrə maksimum hədd olan 3 il iş istədi. Yüngülləşdirici amil olmadığını qeyd etdi. Baxmayaraq ki, Orxan gənc idi. İlk dəfə cinayətə cəlb olunmuşdu. Bunlar nəzərə alınmadı. Sanksiyanın ən yuxarı həddini istədi”.
Komitə sədri növbəti məhkəmə prosesinin oktyabrın 15-nə təxirə salındığını da qeyd edib: “Prokurorun çıxışından sonra Orxanın vəkili Əsabəli Mustafayev çıxış etdi. O da müdafiə çıxışını etmək üçün məhkəmədən bir həftə vaxt istədi. Növbəti məhkəmə oktyabrın 15-i saat 11:00-a təxirə salındı. Orxanın əhval-ruhiyyəsi yaxşı idi. Özünü normal hiss edir. Saxlandığı 1 saylı Bakı İstintaq Təcridxanasında ona qarşı təzyiqlərin olduğunu bildirdi. Ona fərqli münasibət bəslənir. Orxana və onun olduğu kameraya…”
Qeyd edək ki, Orxan Əyyubzadə bu il mayın 6-da NİDA-çılara oxunan hökmə etiraz etdiyinə görə Bakı Ağır Cinayətlər Məhkəməsinin önündə həbs edilərək, 20 sutka inzibati həbs cəzası almışdı.
Lakin mayın 26-da cəza müddəti bitən gənc fəal azadlığa buraxılmamışdı. O, Binəqədi Rayon Məhkəməsinə aparılaraq, barəsində 315.1 maddəsi ilə (hakimiyyət nümayəndəsinə müqavimət göstərmə) cinayət işi açılmışdı.