“Vidadi Zeynalov yalan deyir” -SABİQ MTN GENERALI
Bir müddət əvvəl ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanovun istintaq zamanı verdiyi ifadə məlum olub.
Xeberinfo.com: APA-nın məlumatına görə, S. Qurbanov ona elan olunmuş ittihamlar üzrə özünü təqsirli bilməyib.
Lakin bəzi cinayət əməllərinin faktiki tərəfini və xidməti səlahiyyətlərinə aid olmayan fəaliyyətlə məşğul olmasını etiraf edərək göstərib ki, MTN-in Transmilli Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən vətəndaşların çağırılması, həmin şəxslərin qəbulu üçün nəzərdə tutulmuş otaqlara buraxılması və orada saxlanılmasına dair icazə bir qayda olaraq onun tərəfindən verilib.
O bildirib ki, axşam və gecə saatlarında vətəndaşların dəvət edilməsi və gətizdirilməsi barədə göstəriş verdiyini xatırlamır. Hər hansı şəxsin telefon nömrəsi ətrafında texniki əməliyyatın həyata keçirilməsi lazım olduqda o, icraatda olan materiallarla və ona təqdim edilən dinlənməyə dair tapşırıqla tanış olub, bir qayda olaraq icraçı həmin tapşırığı tərtib etdiyi zaman obyekt barədə lazım olan məlumatları daxil etməli olub. 4-cü Baş idarəsinin sabiq rəis müavini Fizuli Əliyev hər hansı şəxsin ətrafında əməliyyat tədbirlərinin həyata keçirilməsinə dair özü qərar qəbul edə bilməzdi, əməliyyat tədbirlərinin həyata keçirilməsinə dair ona məlumat verilməli idi, həyata keçirilməli əməliyyat tədbirləri barədə arayışlarda da qeydlər olmalı idi.
Konkret suallar üzrə dindirilərkən Sübahir Qurbanov bir neçə sahibkardan hədə-qorxu yolu ilə külli miqdarda pul almasına dair ittihamları qəbul etməyib, həmin sahibkarları tanımadığını deyib.
Rabitə və Yüksək Texnologiyaları Nazirliyindən hər ay rüşvət alması epizodu üzrə Sübahir Qurbanov istintaqa verdiyi ifadələrində bildirib ki, həmin Nazirlikdən ona heç vaxt hər hansı formada pul verilməyib. Vidadi Zeynalovun onun barəsində dediklərinin yalan olduğunu, sonuncu onun uzaq qohumu olduğu üçün ondan ad günü və toylar üçün hədiyyələr tapmasını xahiş etdiyini, sürücüsü Ramil Əliyevi onun yanına göndərib hədiyyələri aldığını, sonradan özü hədiyyələrin pullarını Vidadi Zeynalova verdiyini, heç vaxt və hər hansı şəxsdən hər hansı formada rüşvət qəbul etmədiyini göstərib.
2015-ci ilin aprel ayında «Araz» MMC-nin sahibi Saleh Səmədovun ətrafında qanunsuz olaraq əməliyyat tədbirinin keçirilməsi, MMC-nin digər əməkdaşlarının tutulması, qanunsuz olaraq nəzarət-buraxılış məntəqəsinə gətirilməklə orada saxlanılması, Saleh Səmədovun və onunla kommersiya əlaqələrində olan Mais Məhərrəmovun telefon nömrələri üzrə əməliyyat-texniki tədbirlərin keçirilməsi, həmçinin, Saleh Səmədovdan Fizuli Əliyev və Natiq Alıyev tərəfindən külli miqdarda pulun alınması barədə Sübahir Qurbanov göstərib ki, əməliyyat-texniki tədbirlərin həyata keçirilməsi ilə bağlı tapşırıqlar tərəfindən imzalansa da, həmin şəxslərə qarşı qanunsuz hərəkətlərin edilməsi ilə bağlı heç bir göstəriş verməyib. Ona ancaq belə tədbirlərlə bağlı tapşırıqları imzalamaq üçün müavini gətirib və belə tədbirin keçirilməsinin zəruriliyini məruzə edib.
2014-cü ilin dekabr ayında “Zaminbank” ASC-nin Səbail filialının müdiri Hüseynov Rauf Mais oğlunun külli miqdarda pul vəsaitini hədə-qorxu gəlməklə ələ keçirmək məqsədi ilə heç bir qanuni əsas olmadan tapşırıqları ilə MTN-in Monitorinq Mərkəzinin sabiq rəisi Teymur Quliyev və həmin mərkəzin sabiq baş mütəxəssisi Fərhad Atayev tərəfindən onun qanunsuz dinlənilməsinin təşkil edilməsi, 2015-ci ilin may ayında dəstə üzvü Fizuli Əliyev vasitəsilə verdiyi göstəriş əsasında dəstə üzvü Natiq Alıyev Rauf Hüseynovu MTN-nə çağıraraq Zaur Məmmədovla birlikdə sonuncunu gizli şəkildə xaricə pul köçürməkdə ittiham edib hədə-qorxu gələrək 100.000 manat pulunu tələb etmələri, zərər çəkmiş şəxsin 7 saat MTN-in vətəndaşların qəbulu otaqları olan binada saxlamaqla qanunsuz azadlıqdan məhrum edilməsi faktları üzrə Sübahir Qurbanov eyni ilə inkaredici ifadələr verib.
Sübahir Qurbanov özünü müdafiə xarakterli ifadələrini davam etdirərək uzun müddət ərzində bank sektorunda çalışmış Azad İbadovun telefon nömrəsi üzrə 2015-ci ilin avqust ayında qanunsuz əməliyyat-texniki tədbirinin keçirilməsi, həmin şəxsin və onunla əlaqə saxlamış Arif Nəcəfovun qanunsuz olaraq MTN-ə gətirdilməsi ilə əlaqədar göstərib ki, bunlardan məlumatı yoxdur. Əməliyyat-texniki tədbirlərin keçirilməsi ilə bağlı tapşırıqların tərəfindən imzalanmasını isə zəruri olması barədə məruzələr əsasında imzalayıb. Bütün qeyd olunan əməliyyat-tədbirlərin nəticəsi barədə arayışlar hazırlanıb. Lakin o, hazırda göstərilən bütün faktları xatırlamadığı üçün onların nəticəsi barədə də heç nə deyə bilməyəcəyini bildirib.
«Met-Ak» MMC-nin təsisçisi Alik Kərimovdan dəstə üzvləri tərəfindən külli miqdarda hədə-qorxu gəlməklə külli miqdarda pul tələb edib ələ keçirmək məqsədilə dəfələrlə həmin şəxsə və oğluna zəng edilməsi, Aydın Kərimovun saxlanılıb azadlığını və hərəkət sərbəstliyini məhdudlaşdırmaqla MTN-in nəzarət buraxılış məntəqəsinə gətirib saxlanılması barədə Sübahir Qurbanov özünün müdafiəsinə yönəldilmiş ifadələrini davam etdirərək bu faktları xatırlamadığını bildirib.
Həmçinin, Sübahir Qurbanov aldığı rüşvətləri inkar edərək göstərib ki, Moskva Dövlət Açıq Universitetinin Bakıdakı filialının prorektoru Ramazan Hüseynov adlı şəxsi tanımır və xatırlaya bilmir. Ramazan Hüseynovdan 340.000 manat rüşvət almağı barədə göstərilənlər həqiqətə uyğun deyil.