Eldar Mahmudovu hansı cəza gözləyir?
Oktyabrın 17-də Eldar Mahmudov gözlənilmədən vəzifəsindən azad olunduqdan sonra nazirliyin 10-dək əməkdaşı məhkəmə qarşısına çıxarılıb və onlar barəsində həbs qətimkan tədbiri seçilib.
"Xeberinfo.com": Məlumata görə, onlar haqqında Respublika Baş Prokurorluğunda Cinayət Məcəlləsinin 302-ci (Əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 308-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) və 309-cu (Vəzifə səlahiyyətlərini aşma) maddələri ilə cinayət işi başlanıb. Eldar Mahmudovun da həbs olunması ilə bağlı xəbərlər yayılsa da, hələ ki rəsmi açıqlama yoxdur. Belə bir mühüm bir qurumun naziri həbs olunacağı təqdirdə onu qanunla nə gözləyir?
Hüquqşünas Müzəffər Baxışov AzNews.az-a açıqlamasında bildirib ki, Eldar Mahmudov 20 il müddətinə həbs oluna bilər: “Eldar Mahmudov 2004-cü ildə MTN-nin naziri təyin olunandan sonra qurumun girəcəyində ikimərtəbəli bir yer düzəldiblər. Sahibkarları həmin ikinci mərtəbəyə çağırıb orda onlardan pul tələb edirdilər. Sahibkarlardan həmin pullar bilavasitə MTN-nin rəhbərliyi altında yığılırdı. Vaxtilə “obexest” (Eldar Mahmudov vaxtilə Sosialist Əmlakın Oğurlanmasına Qarşı Mübarizə İdarəsinin rəisi olub. “Obexest” o işlərlə məşğul olanlara deyiblər – red) işləmiş Eldar Mahmudov bunu çox mükəmməl bacarırdı. O, nazir təyin olunandan sonra öz bacardığı funksiyasını həyata keçirməyə başladı. Ona görədə o, Cinayət Məcəlləsinin bir sıra maddələri - 180-cı (soyğunçuluq), 180.3.2-ci (küllli miqdarda soyğunçuluq), 180.3.1-ci (bir qrup şəxs tərəfindən soyğunçuluq), 181-ci (quldurluq), 181.3.1-ci və 180.1.3-cü (külli miqdarda quldurluq əməli), 302-ci (əməliyyat axtarış fəaliyyəti zamanı qanunsuzluğa yol vermə), 311.3.1-ci və 311.3.2-ci (rüşvət alma), 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə etmək) və 309.2-ci (Vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham oluna bilər. Onu bütün bu maddələrlə ittiham etməklə son nəticədə 20 ilə qədər müddətinə azadlıqdan mərhumetmə cəzası ilə məhkum etmək olar. Belə ki, onlar sahibkarlara qarşı külli miqdarda soyğunçuluq edirdilər. Hətta nazirliyin əməkdaşları vəzifələrindən sui-istifadə edərək bəzi obyektlərə silahlı hücum edib oradakı pulları götürürdülər. Əgər cinayət işinin istintaqı zamanı məlum olsa ki, onlar adam öldürmə cinayətlərini də həyata keçiriblər. O zaman onun cəzası daha ağır olacaq”.
Hüquqşünas qeyd edib ki, Eldar Mahmudovun dövlətə bağlı məlumatları xaricə ötürməsi məsələsi sübuta yetirilsə, o dövlətə xəyanətdə ittiham oluna bilər:“İstintaq dövründə Eldar Mahmudovun Azərbaycanın dövlət təhlükəsizliyi və ərazi bütövlüyü üçün təhlükə törədən bir sıra məlumatları xarici dövlətə verməsi ilə bağlı sübutlar olsa, o zaman, dövlətə xəyanət də ittiham oluna bilər. Hətta Cinayət Məcəlləsinin belə bir iddiası var ki, onun heç əməlini belə sübut etməyə ehtiyac yoxdur. Çünki hamıya bəlli olan halları sübut etmirlər. Onun da əməlləri hamıya məlumdur”.