"Orduda korrupsiyaya görə 43 nəfər tutulub"
Azərbaycan Silahlı Qüvvələrində korrupsiya hallarına yol vermiş 43 şəxs barəsində 25 cinayət işinin istintaqını tamamlayaraq baxılması üçün hərbi məhkəmələrə göndərilib.
"Xeberinfo.com": Məlumata görə, bu barədə Azərbaycanın hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev Respublika Hərbi Prokurorluğunda 2015-ci ilin birinci yarısının yekunlarına və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsində bildirib.
X. Vəliyev qeyd edib ki, “Korrupsiyaya qarşı mübarizə haqqında” qanunun və prezident İlham Əliyevin 2012-ci il 5 sentyabr tarixli sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın, eləcə də 2015-ci il yanvarın 10-da dövlətimizin başçısının sədrliyi ilə keçirilmiş Nazirlər Kabinetinin iclasında qarşıya qoyulan vəzifələrin icrası ilə əlaqədar hərbi prokurorluq orqanları mütəşəkkil cinayətkarlığın ən təhlükəli təzahürlərindən biri olan korrupsiyaya qarşı mübarizə sahəsində fəaliyyətini daha da gücləndirib. Bu da Silahlı Qüvvələrin qüdrətini zəiflədə biləcək cinayətlərin, o cümlədən mənimsəmə, israfçılıq, rüşvətxorluq, vəzifədən sui-istifadə etmə və digər cinayətlərin vaxtında aşkar olunmasına, cinayət törətmiş şəxslərin layiqli cəzaya məhkum edilməsinə şərait yaradıb.
Diqqətə çatdırılıb ki, Respublikanın hərbi prokurorluq orqanları tərəfindən 2015-ci ilin birinci yarımilində korrupsiya hallarına qarşı mübarizə sahəsində müvafiq işlər görərək bu xarakterli faktlar üzrə 43 şəxs barəsində 25 cinayət işinin istintaqı tamamlanaraq aidiyyəti üzrə baxılması üçün məhkəmələrə göndərilib.
Azərbaycan Prezidentinin “Dövlət və bələdiyyə əmlakının və vəsaitlərinin idarə olunması sahəsində korrupsiya ilə əlaqədar hüquqpozmalara qarşı mübarizənin gücləndirilməsi haqqında” 2009-cu il 22 iyun tarixli Fərmanında və dövlətimizin başçısının Nazirlər Kabinetinin bu il iyulun 13-də altı ayın yekunlarına dair iclasındakı nitqində korrupsiyaya qarşı daha da ciddi mübarizə aparılması, ictimai nəzarətin gücləndirilməsi barədə verdiyi tapşırıqların icrasının prokurorluğun üzərinə çox böyük məsuliyyət qoyduğunu qeyd edən Xanlar Vəliyev bildirib ki, bu qəbildən olan cinayətlərin aşkarlanması sahəsində struktur qurumlar tərəfindən görülən tədbirlərin səmərəliliyi və intensivliyi artırılmalıdır.
Xüsusi vurğulanıb ki, 2015-ci ilin birinci yarımilində hərbi prokurorluq orqanları tərəfindən bir çox ağır, mürəkkəb və çoxepizodlu cinayət hadisələri aşkarlanaraq qeydə alınıb və bu qəbildən olan bir sıra işlərin istintaqı tamamlanıb, ibtidai istintaqın keyfiyyətinin yaxşılaşdırılması, qüvvədə olan cinayət-prosessual qanunvericiliyin tələblərinə dəqiq əməl edilməsi üzərində nəzarət gücləndirilib.
Hesabat dövründə dövlət əmlakının külli miqdarda mənimsənilməsi ilə bağlı bir sıra cinayət işləri üzrə istintaq yekunlaşaraq günahkar şəxslər cinayət məsuliyyətinə cəlb edilib. Törədilmiş cinayətlər nəticəsində hüquqi və fiziki şəxslərə dəymiş maddi ziyanın 82,3 faizinin istintaq zamanı ödənilməsi təmin olunub.
Cari ilin altı ayında hərbi prokurorluq orqanları tərəfindən əməliyyat-axtarış tədbirlərinin yerinə yetirilməsi üzərində prokuror nəzarətinin gücləndirilməsi nəticəsində axtarışda olanlardan 34 nəfər tutularaq istintaqa cəlb edilib.
Təhqiqat orqanlarının fəaliyyətində qanunların icrasına dair 63 yoxlama keçirilib, nəticədə 1064 qanun pozuntusu aşkar edilib, qanun pozuntularını doğuran səbəb və şəraitin aradan qaldırılması üçün 98 təqdimat göndərilib, 125 nəfərə xəbərdarlıq edilib, 30 cinayət işi başlanıb, təhqiqat orqanlarının icraatında olan işlər üzrə 76 yazılı göstəriş verilib. Prokurorun təqdimatlarının baxılması nəticəsində 203 nəfər intizam məsuliyyətinə cəlb edilib.
Dövlət ittihamının müdafiəsi şöbəsi tərəfindən birinci instansiya məhkəmələrinin hökm və qərarlarından verilmiş 20 apelyasiya protestinin 46,2 faizi təmin olunub.
Cinayətkarlığın profilaktikası üçün məhkəmə qərar və hökmlərinin rolunun artırılması, məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə səyyar qaydada 78 məhkəmə prosesi keçirilib.
Cari ilin birinci yarımilində Azərbaycan Respublikasının hərbi prokurorluq orqanlarında vətəndaşların 793 müraciətinə baxılıb, 428 vətəndaş mərkəzi aparatda qəbul olub, ərazi hərbi prokurorluğunda 1491 vətəndaşın fərdi qəbulu aparılıb, bilavasitə hərbi hissə və birləşmələrdə 1206 nəfər qəbul edilərək müraciətləri üzrə müvafiq qərarlar verilib.
(APA)