“Mən həbs olunmamışam”
Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov mayın 19-da paytaxtın Azadlıq prospektində yerləşən binanın yanmasına görə məsuliyyətə cəlb olunacağı barədə yayılan məlumatlara münasibət bildirib.
"Xeberinfo.com": İcra başçısı H.Abutalıbov Publika.az-a eksklüziv açıqlamasında deyib ki, bu barədə yayılan məlumatlar doğru deyil: “Hazırda siz mənimlə danışırsınız. Heç həbsdə olan adamla danışmaq mümkün olar? Bütün bunların hamısı yalan və böhtan tipli məlumatlardır. Mən həbs olunmamışam”.
Yanğınla əlaqədar yaradılan Dövlət Komissiyasının ötən gün Azərbaycan Prezidentinin rəhbərliyi ilə keçirilən ilk iclasına da toxunan H.Abutalıbov sözügedən iclasda Azərbaycan Prezidenti tərəfindən verilən tapşırıqların vaxtında və tam yerinə yetiriləcəyini söyləyib: “Cənab Prezidentin verdiyi bütün tapşırıqlar yüz faiz icra olunacaq. Buna tam əmin ola bilərsiniz. Hazırda mən Prezidentin tapşırığı ilə həmin yanan binanın təmiri ilə əlaqədar olaraq müvafiq komissiya yığmışam. İndi yenidən yanan bina ərazisinə gedirəm və biz tezliklə o binanın təmirinə başlayacağıq. Təmir işlərinə şənbə günündən nəzərdə tutulsa da, artıq bu gündən başlanılacaq. 1-2 saata fəhlələr həmin binada təmir işlərinə başlayacaq. Bina tam təmir olunacaq və mebellə təmin ediləcək, yaşayış üçün bütün zəruri işlər həyata keçiriləcək. Daha sonra mənzilləri həmin binada yaşayan ailələrə təhvil verəcəyik. Bununla bağlı narahatçılığa heç bir əsas yoxdur. Bu gün yaralılara və dünyasını dəyişənlərə də müavinətlərin verilməsi barədə müvafiq məlumat veriləcək”.
H.Abutalıbov yanan bina ilə bağlı istintaqın gedişi barədə də məlumat verib: “Hazırda yanan bina ilə bağlı istintaq gedir, nəticələri isə istintaqı aparan qurumlar özləri verəcəklər. Cənab Prezidentimizin tapşırığına uyğun olaraq hər bir təşkilat öz işini davam etdirir. Hər bir təşkilat hər hansı nəticə əldə etdikdə cənab Prezidentimizə məlumat verir. Sözsüz ki, yekunda hər kəs istintaqın nəticəsini biləcək. Ötən gün cənab Prezident bəyan etdi ki, tez bir zamanda bu hadisə ilə bağlı araşdırmalar aparılıb yekun qərar verilməlidir.
Mən bir daha dünyasını dəyişənlərə Allahdan rəhmət, yaralı insanlara şəfa, sağ qalanlara isə səbir və dözüm arzu edirəm. Allah hamımıza kömək olsun”.