Koronavirusun ikinci dalğasının vaxtı açıqlandı
COVID-19 virusunun yayılması ilə bağlı ikinci dalğanın payızda olacağı gözlənilir. Bu, təbii ki, ehtimallardır. Çünki hələ heç bir ölkədə payız-qış ayları üçün gözlənilən virusun yayılması ilə bağlı dalğa qeydə alınmayıb. Bunun necə olacağı barədə indidən heç kim konkret fikir bildirə bilməz.
Yenixeber.org: Bu fikirləri əməkdar həkim İlhamə Cabbarova bildirib.
Həkim vurğulayıb ki, COVID-19-un ikinci dalğasının payız-qış aylarında proqnozlaşdırılmasının səbəbi hər hansı bir virusun özünün xüsusi bir quruluşu və xarakteri ilə bağlı deyil.
Onun fikrincə, payız-qış aylarında, ümumiyyətlə mövsümi olaraq bu virus xəstəliklərinin artımı qeydə alınır: “Buraya qrip, kəskin respirator virus infeksiyalı xəstəliklər daxildir. Bu baxımdan bu da virus xəstəliyi olduğuna görə, COVID-19-un payız-qış aylarında daha çox yayılacağı, daha da kəskinləşəcəyi proqnozlaşdırılır. Ona görə də, COVİD-19-un yayılmasında ikinci dalğanın məhz nisbətən soyuq aylarda olacağı gözləniləndir”.
Əməkdar həkimin sözlərinə görə, nisbətən soyuq aylarda virusun zəif olacağı ilə bağlı səslənən fikirlər sadəcə olaraq subyektiv yanaşmalardır.
İlhamə Cabbarova qeyd edib, yayılan fikirlər virusun mutasiyaya uğraması, insanların orqanizminin artıq bu virusu tanıması ilə bağlıdır: “Amma hazırda virusun yayılmasında azalma qeydə alınır. Təbii ki, bütün xəstəliklərdə pik nöqtə olur və ondan sonra azalma baş verir. Ölkəmizdə də virusun yayılması öz pik həddinə çatdı və artıq azalmaya doğru gedir. Virusun lokallaşmasında karantinin böyük önəmi oldu. İnsanların bir yerə toplaşmasının, bir-birilə ünsiyyətdə olmasının qarşısı alındı. Ölkəmizdə də COVID-19-un yayılmasının qarşısını almaq üçün karantinin olması vacib idi. Çünki xaraktercə çılğın, istiqanlı, qonaqpərvər xalqıq. Karantin olmasa, kütləvi tədbirlərə icazə verilsə, proseslərə ciddi yanaşılmayacaq. Toy və yas mərasimlərində virusun yayılmasına açıq şərait yaratmış olacağıq. Ona görə də karantin rejiminin olması və davam etməsi önəmli şərtdir”.
Əməkdar həkim əlavə edib ki, sərt karantin rejiminə baxmayaraq müəyyən güzəştlərin olması da arzuolunandır: "Xüsusən çimərliklərin, açıq havada insanların daha çox qalması bu dönəmdə vacibdir. COVID-19-la müalicədə D vitaminindən istifadə olunur. Amma karantin dönəmində insanlar təbii D vitamini ala bilmirlər. Çimərliklər olmadan, dəniz sahilindən uzaq, günəşli havada məhdud şəkildə gəzmək orqanizmdə vitamin çatışmazlığına, xüsusən D vitaminin əmələ gəlməsinə səbəb olan günəş şüalarının alınmaması onun defisitinə gətirib çıxarır. Bu da payız-qış aylarında insanların immun sisteminin zəif olmasına, xəstəliklərə daha tez yoluxmasına, yoluxduqda da daha ağır keçəcəyinə şərait yaradır. Ona görə bu səbəbləri nəzərə alaraq mövcud karantin rejimi bir qədər yumşaldılsa, yaxşı olardı”.
İlhamə Cabbarova bildirib ki, insanların orqanizminin xəstəliyə davamlılığını artırmaq üçün mövsümi meyvə-tərəvəzlərdən daha çox istifadə edilməsi tövsiyə olunur:
“Yağlı qidalar, ət məhsulları, qızardılmış yeməklərdən uzaq durub daha çox təbii qidalara üstünlük verilməlidir. Mümkün qədər açıq havada daha çox qalmaq əsasdır. Eyni zamanda insanların müəyyən qədər günəş vannaları qəbul etmələri tövsiyə olunur. Hər hansı xroniki xəstəliyi olan şəxslərin daha diqqətli olmaları məsləhətdir”.
Həkim onu da vurğulayıb ki, bəzi insanlar lazımlı-lazımsız dərman preparatlarını qəbul etməyə tələsirlər: “Profillaktik məqsədlə müalicəvi dərmanların qəbul olunması xeyirdən çox zərər verə bilər. Həkim məsləhəti olmadan, insanlar kor-koranə özünü müalicə etməyə çox meyillidir. Mümkün qədər bu cür proseslərdən kənar dursunlar. Çünki hər bir dərmanın, vitaminin belə artıq dozada qəbulu böyük problemlər yarada bilər. İnsanların zərərsiz olduğunu düşündüyü vitaminləri belə həkim məsləhəti olmadan qəbul etməmələrini israrla tövsiyə edirəm”.(teleqraf)