Zeynal Nağdəliyevin oğlu şərikinin payını əlindən almaq istəyir?-MƏHKƏMƏ
Hikmət Nağdəliyev şəriki Arif Mamedovu məhkəməyə verib
Yenixeber.org: Prezident İlham Əliyev iki il əvvəl - 2018-ci il iyunun 5-də Goranboyda öz köməkçisi Zeynal Nağdəliyevin oğluna məxsus şirkətin – "Region Agro” MMC-nin açılışında iştirak etmişdi. Bu şirkət Goranboyda taxıl və qarğıdalı istehsalıyla məşğul olan aqropark yaradıb. Şirkətdə 50 faizlik paya sahib olan Hikmət Nağdəliyev qalan yarı hissəni də şərikinin əlindən almaq istəyir. Əldə etdiyimiz məlumata görə, şirkətdə qalan 50 faizlik payın sahibi Arif Məmmədovdur: "Region Agro” MMC yaradılanda nizamnamə kapitalında Hikmət Nağdəliyev və Arif Məmmədovun hər birinin 50 faiz payı olub. İndi Hikmət Nağdəliyev Arif Məmmədovun payını da almaq istəyir. Bu ya könüll şəkildə olmalıdır, ya da məhkəmə yoluyla. Könüllü olmadığına görə Hikmət Nağdəliyev iki ay əvvəl onu məhkəməyə verib və Arif Məmmədovun təsisçilər sırasından çıxarılması, onun şirkətdə iştirakına xitam verilməsi barədə iddia qaldırıb”.
Mənbənin sözlərinə görə, iddia Bakı Kommersiya Məhkəməsində qaldırılıb. Amma bu məhkəmə Prezidentin köməkçisinin oğlu ilə şəriki arasındakı qalmaqala baxmaqdan imtina edib: "Qərar verilib ki, bu işə Nəsimi Rayon Məhkəməsində baxıla bilər. Ona görə də cavabdeh qismində tanınan Arif Məmmədov bu rayonun ərazisində qeydiyyatdadır”. Bu barədə Azadlıq Radiosu da məlumat yayıb.
Əldə etdiyimiz məlumata görə, H.Nağdəliyev bu işin Nəsimi Rayon Məhkəməsinə göndərilməsi barədə qərardaddan apelyasiya şikayəti verib. Yaxın günlərdə Bakı Apelyasiya Məhkəməsi şikayətə baxıb, Kommersiya Məhkəməsinin qərarının düzgün olub-olmadığına qiymət verəcək. İ.Əliyevin "Region Agro” MMC-nin açılışında iştirakı haqda rəsmi xəbər prezidentin rəsmi saytında da yer alıb https://president.az/articles/28950 . Elə həmin yazıdan məlum olur ki, Prezident açılış mərasimindəki çıxışında dövlətin bu aqroparkın yaradılmasına 35 milyon manat vəsait ayırdığını deyib.
Bu ilin martında da "Region Agro” MMC Prezidentin 19 mart 2020-ci il tarixli sərəncamıyla yaradılmış Koronovirusla Mübarizə Fonduna 100 min manat vəsait köçürüb. Dövlət Vergilər Xidmətinin reyster məlumatlarında isə şirkətin qanuni təmsilçisi kimi Xatirə Fərman qızı Məmmədova göstərilir.
Adıçəkilən şəxslərlə əlaqə saxlaya bilmədik. Ancaq Bakı Apelyasiya Məhkəməsindən yaxın günlərdə sözügedən şikayətə baxılacağını təsdiqləyiblər.(Meydan TV)