London Arbitraj Məhkəməsi Mübariz Mənsimovun əmlakına həbs qoydu - SOCAR-a 80 milyon dollar borca görə-ARAŞDIRMA
London Arbitraj Məhkəməsi Mübariz Mənsimovla SOCAR arasındakı mübahisəyə baxıb və iş adamının əleyhinə qərar verib.
Yenixeber.org: Redaksiyamıza bu məlumatı Mübariz Mənsimov tərəfindən aldadıldığını iddia edən və adının çəkilməsini istəməyən türkiyəli iş adamı verib.
İş adamının iddiasına görə, London arbitraj məhkəməsi iş adamının mülkiyyətinə SOCAR-a ödəməli olduğu borcu qaytarmayana qədər həbs qoyub. Bildirilir ki, SOCAR-a borcu tam ödənilməyənə qədər “Palmali” şirkətinə məxsus gəmilər beynəlxalq sularda hərəkət edə bilməyəcək.
Mənbəmiz “Palmali” şirkətinin SOCAR-a nə qədər borclu olduğu barədə dəqiq məlumata malik olmasa da bunun 80 milyon dollar civarında ola biləciyini deyir: “Eşitdiyimə görə, şirkətin SOCAR-a 80 milyon dollar borcu var. Bu borc “Palmali” şirkətinin alıb satdığı neftin pulunun ödənilməməsindən yaranıb. Məsələ burasındadır ki, SOCAR digər neft şirkətləri kimi fyuçers müqaviləsi əsasında alış-veriş aparmır. O, ya Türkiyənin Ceyhan, ya da İtaliyanın Augusta limanında gündəlik qiymətinə satılır. Bunun üçün Bakı nefti SOCAR-ın etibarını qazanmış nəqliyyat firmalarından birinə nisyə verilir, həmin məhsul Türkiyə və İtaliyaya daşınır, satıldıqdan sonra pulu hasilatçı şirkətə ödənilir. “Palmali” şirkəti isə bir çox əməliyyat həyata keçirsə də, SOCAR-ın haqqını ödəməyib. Nəticədə 80 milyon dollar borc yaranıb”.
İş adamının fikrincə, yalnız SOCAR bu fırıldaqla üzləşməyib: “Eyni qaydada Rusiyanın bəzi neft şirkətləri də aldadılıb. Rusiya məhkəməsi də məcbur olub “Palmali”nin iki gəmisinə əl qoyub”.
İş adamı Mübariz Mənsimovun Türkiyədə həbsində SOCAR-ın rolunun ola biləcəyinə də inanmır. Onun fikrincə, əksinə, Mübariz Mənsimovun həbs olunmaması SOCAR-ın marağına daha çox uyğun idi: “Çünki London Arbitraj Məhkəməsinin bu gün çıxaracağı hökmlə SOCAR-ın öz pulunu geri qaytarması daha asan başa gələrdi. İndisə Türkiyə məhkəməsi də onun mülkiyyətinə əl qoyarsa, SOCAR-ın pulunun geri qaytarılması təhlükəyə düşə bilər”.
Həmsöhbətimizin iddiasına görə, Mübariz Mənsimovu Türkiyə hüquq mühafizə orqanlarına “satan” onun keçmiş ortaqlarından biri olub. Həmin ortağı ilə yollarını ayıran və xeyli miqdarda ona ziyan vuran Mübariz Mənsimovun bu hərəkətindən qəzəblənən iş adamı əllərindəki bütün ifşaedici faktları Türk ədliyyə orqanlarının qarşısına qoyub. Bu da Mübariz Mənsimovun həbsiylə nəticələnib: “Onun barəsində əsas ifşaedici fakt isə Fəthullah Gülənlə əlaqələri olub”.
Azərbaycanda bəzi çevrələrin Mübariz Mənsimovun azadlığa buraxılmasını tələb etdiklərini anlamadığını deyən Türk iş adamı bunun Türkiyə məhkəmə sisteminə basqı olduğuna inanır: “Türkiyə hüquqi dövlətdir. Mübariz Mənsimovun barəsində həbsini gərəkdirəcək ciddi faktlar olmasa, Türk ədaləti onu cəzalandıra bilməz. Həbs edibsə, deməli ortada təkzibolunmaz faktlar var. Ədalət sisteminin normal işləməsinin qarşısının alınmasına yönələn bu tələblər anlaşılmazdır”.
Əldə etdiyimiz məlumatlar araşdırılır.(ovqat.com)