Ermənistanda bunt qaldıran əsgərləri Qarabağa sürgün etdilər-Anaları etiraz aksiyası keçirib...
Ermənistanda martın 17-də qiyam qalxan hərbi hissənin əsgərlərinin bir qrupunu cəza olaraq Qarabağa sürgün ediblər.
Yenixeber.org: “Kavkazskiy uzel” xəbər verir ki, buna etiraz olaraq əsgərlərin valideyinləri və yaxınları martın 23-də Yerevanda hökumət binası qarşısında aksiya keçiriblər.
Aksiya iştirakçıları Müdafiə Nazirliyinin hərbi hissədəki iğtişaşın iştirakçılarını bu cür cəzalandırmasından hiddətləndiklərini bildiriblər. Əsgər analarının bildirdiyinə görə Mehridəki hərbi hissədə baş vermiş insidentin günahkarı Qasparyan familiyalı zabitdir və onun hərəkətlərinə görə yüzlərlə əsgər hərbi hissəni tərk etmək istəyib. Müdafiə Nazirliyinin mətbuat katibi Artsurun Ovanisyan isə deyib ki, insidentə görə həm zabitlər, həm əsgərlər cəzalandırılıb.
Xatırladaq ki, Mehridəki hərbi hissədə zabitlər və əsgərlər arasında baş vermiş qarşıdurma zamanı yüzlərlə çağırışçı əsgər hərbi hissəni tərk etmək istəyib. Yolda onların qarısında polk komandiri çıxıb və əsgərləri dilə tutaraq geri qaytarmağa nail olub.
“Həmin gün gecə yarısı əsgərləri sıraya düzüblər. Onların arasından 20-ni seçiblər, hərbi formalarını cırıblar, telefonlarını əllərindən alıblar və avtobusla Qafandakı Hərbi polis bölməsinə göndəriblər. Oradan isə bir qismini Stepanakertə (Xankəndi-red.) aparıblar”-aksiya iştirakçılarından biri deyib.
Onun bildirdiyinə görə insident əsgərlərdən birinin Qasparyan familiyalı zabitə yaxınlaşıb onu başqa rotaya keçirməyi xahiş etməsindən sonra başlayıb. Zabit bu xahişə görə əsgəri söyüb, onu alçaldıb, bu zaman polkun bütün əsgərləri həmin əsgəri müdafiə edib. “Yüzlərlə əsgər hərbi hissəni tərk edib. Yolda onları polk komandiri qarşılayıb və hərbi hissəyə geri qaytara bilib”-aksiya iştiraçısı bildirib.
Qadın deyir ki, insident və oğlunun başına gələnlər haqda ancaq oğlu Dağlıq Qarabağdan ona zəng vuranda eşidib. Digər aksiya iştirakçısı isə deyib ki, özü hərbi hissəyə zəng vurub və oğlunun yerini soruşub. Oradan isə deyiblər ki, əsgərin yerini bilmirlər, ola bilsin Qafanda, hərbi polisdədir.
“Mən Gümrüdən Qafana getdim. Maraqlandım. Məlum oldu ki, oğlum orada yoxdur, soruşuram, bəs haradadır? Deyirlər yəqin Qarabağa göndəriblər”-həmin qadın bildirir.
Hökumət binası qarşısında aksiyadan sonra əsgər valideyinləri Müdafiə Nazirliyinin qarşısına gediblər və orada etirazlarını bildiriblər.
Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisinin rəhbəri Artur Sakunts isə hesab edir ki, hərbi hissədəki insidentlə bağlı vətəndaş cəmiyyəti fəallarının iştirakı ilə komissiya yaradılmalıdır. “Əsgrlərin başqa hərbi hissəyə göndərilməsinə yol vermək olmaz. Bu, baş verənlərin üstünü ört-basdır etməyə xidmət edir”-o bildirib.(virtualaz)