Yenixeber.org: İki il öncə Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın itkin düşməsi, 47 gün sonra isə yandırılmış meyitinin tapılması ilə bağlı müəmmalar hələ də aradan qalxmayıb. Bu cinayəti törətməkdə ittiham olunaraq həbs edilən kənd sakini İlkin Süleymanovun işi üzrə məhkəmə prosesi davam etdikcə şübhələr daha da artır. Bu şübhələrə əsas verən isə uşağın valideynlərinin ifadələrindəki ziddiyyətlər, cinayət işinin materiallarında bir-birinə uyğun gəlməyən çoxsaylı məqamlardır.
Cinayət işi Gəncə Ağır Cinayətlər Məhkəməsində araşdırılır. İlkin Süleymanova Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə) və 144.3 (adam oğurluğu) maddələri ilə ittiham elan edilib.
Cinayət işinin materiallarında yazılıb ki, 1973-cü il təvəllüdlü İlkin Süleymanov Nərminin atası Şərif Quliyevin sinif yoldaşı olub. İlkinin özünün ailəsi və övladları olmadığına görə keçmiş sinif yoldaşı və həmkəndlisi olan Şərifi qısqanıb. Onun övladını oğurlayıb və 46 gün həyətlərində olan digər evdə saxlayıb. Daha sonra onu öldürüb, sonra meyiti yandırıb.
Meyit Süleymanovların evinin yanında yanarkən aşkarlanıb. Bu barədə başqalarına, o cümlədən hüquq-mühafizə orqanlarına da İlkin Süleymanov xəbər verib. O bildirib ki, evdən çıxarkən yaxınlıqda nəyinsə yandığını görüb. Yaxınlaşanda insan olduğunu bilib və ətrafdakıları çağırıb.
İlkin Süleymanov özünü təqsirli bilmir. O deyib ki, yanvarın 6-da yanmış meyit tapılandan sonra onu Polis Şöbəsinə aparıb, ağlasığmaz işgəncələr veriblər. Bu işgəncələrə 4 gün dözə bilib. Yanvarın 10-da artıq dözə bilməyib və istənilən ifadəyə imza atmağa razı olduğunu söyləyib. Onun sözlərinə görə, Nərmini qətlə yetirməsi haqda ilkin etiraf ifadəsi də bu yolla ortaya çıxıb.
İlkin Süleymanovun saxlandığını 2020-ci il yanvarın 6-da müxtəlif media orqanları yazsa da, cinayət işinin materiallarında onun yanvarın 10-da tutulduğu göstərilib.
Şübhəli məsələlərdən biri də azyaşlının valideynlərinin davranışıdır. Uşaq sonuncu dəfə evdən çıxıb, təxminən 700 metrlik məsafədə yerləşən əmisigilə gedib. Orada qısa müddət dayanandan sonra evlərinə qayıtmaq adıyla çıxıb və ondan bir daha xəbər tutmaq mümkün olmayıb…
Şərif Quliyev məhkəmədə bildirib ki, qızı evdən çıxanda əynində şalvar vardı. Anası Aynurə İsmayılova isə övladının həmin vaxt məktəbdən qayıtdığını, əynində ətək, ağ köynək, ağ kalqotka olduğunu deyir. Oktyabrın 20-də məhkəmədə dindirilən əmisi Arif Quliyev isə bildirib ki, həmin gün uşağı bir dəqiqə ərzində görüb, çünki Nərmin onlarda çox dayanmayıb. Amma əmisi azyaşlının əynində olanların hamısını məhkəmədə təsvir edib: cins şalvar, boğazlı qırmızı köynək, idman ayaqqabısı… Əmisinin sözlərinə görə, təxminən bir saat sonra qardaşının böyük qızı Şəbnəm gəlib, bacısının orada olub-olmadığını soruşub, deyib ki, Nərmin evə gəlməyib. Maraqlıdır ki, günorta saatlarında uşaqdan xəbər çıxmadığı halda, axşam saat 18.00 radələrində Şərif Quliyev qardaşıgilə gəlib, oradan da qonşu kəndə – qohumlarının toy öncəsi keçirdiyi “ciyər axşamı”na gediblər.
Arif Quliyev sualları cavablandırarkən vəkillər ondan yas mərasimi zamanı Nərminin anası Aynurə ilə Tovuzun o vaxtkı polis rəisi Şirzad Əsgərov arasında nə baş verdiyini soruşanda şahid sualı sonadək dinləmədən “onlar dalaşanda mən olmamışam” cavabını verib. Sonradan isə fikrini dəyişərək, onların dalaşmadığını bildirib. “Mən axı “dalaşmaq” sözünü işlətmədim. Siz hardan bilirsiniz ki, mən bunu soruşacaqdım?”, – deyə vəkil Əlibaba Rzayev soruşub.
Cinayət işinin materiallarındakı ifadələrdən aydın olur ki, yandırılmış meyit tapılandan sonra yas mərasimində Aynurə İsmayılova polis rəisinin yaxasından tutub, uşağın ölümünə görə onu ittiham edib.
Ümumiyyətlə, Arif Quliyevin istintaqa ifadəsi ilə məhkəmədə dedikləri arasında ziddiyyətlər olduğuna görə növbəti məhkəmə iclasında onun dindirilməsinin davam etdirilməsi, istintaqdakı ifadəsinin tədqiq olunmasına qərar verilib.
Məhkəmədən sonra təqsirləndirilən İlkin Süleymanovun qardaşı Adil Süleymanov azyaşlının yaxınlarının məhkəmədə səmimi ifadələr vermədiyini, bir çox məsələləri gizlətdiklərini bildirib:
“Təəssüf ki, onlar həqiqətin üzə çıxmasını istəmirlər, bunun üçün çalışmırlar. Əksinə, cinayətin günahsız bir adamın üstündə qalmasına yardım edirlər. Həqiqətləri gizlətdikcə də ziddiyyətlər çoxalır. Məsələn, uşağın anası dindiriləndə demişdi ki, Nərminin əynində axırıncı dəfə yubka, ağ kalqotka olub. Əmisi isə deyir ki, cins şalvar olub. Ona görə ki, yandırılmış meyitin əynində cins şalvar olub. Bu işə kənardan nəzarət edənlər ziddiyyətlərin ortaya çıxdığını görürlər, onları aradan qaldırmaq üçün istiqamətləndirirlər. Yoxsa, necə olur, Arif Quliyev Nərminin bütün geyimlərini yadında saxlayıb, amma qardaşı Şərifin, onun böyük qızının həmin gün əynində olanları xatırlamır?”
Onun sözlərinə görə, iş materiallarında daha ciddi ziddiyyətlər var. Nərmin Quliyevanın qan qrupu ilə meyitin qan qrupu fərqlidir: “Uşağın şəxsiyyət vəsiqəsində də, tibb məntəqəsindən verilmiş arayışda da onun qan qrupu göstərilib. Eyni zamanda, cinayət işində meyitə aid qan qrupu haqda ekspert rəyi var. Fərqli qrupdur, Nərminin qan qrupu deyil. İş materiallarında meyitin ölçüləri olmalıydı, ekspert mütləq bunu yazmalıydı. Amma meyitin boyunun uzunluğu yoxdur. İşdəki fotoşəkillərdən görünür ki, həmin meyitin ölçüsü 10 yaşlı uşağa uyğun deyil, daha uzundur. Fotoşəkil əsasında kompüter vasitəsilə aparılan mütəxəssis tədqiqatı da bunu ortaya qoyub”.
İlkin Quliyevin ailə üzvləri prezident və vitse-prezidentə müraciət edərək, bu işin obyektiv araşdırılması üçün yardım istəyiblər.
“Biz bu ölkənin vətəndaşıyıq. İmkan verməyin ki, bizi əzsinlər. Günahsız bir insanın dəmir barmaqlıqlar arasında çürüməsinə, bir körpənin qanının batırılmasına izn verməyin, biz inanaq ki, ölkə rəhbərliyi xalqın yanındadır. Əgər həqiqət üzə çıxsa, ədalət bərqərar olsa, əminik ki, İlkin azadlığa çıxacaq. Qorxduğumuz budur ki, bu işin üzərində oyun gedir. Prezident və vitse-prezidentdən bu oyuna son verilməsi üçün kömək istəyirik”, – deyə İlkin Süleymanovun bacısı İlhamə Süleymanova müraciətində bildirib.(pressklub)
Gülər