Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

İNHİSARÇILAR VƏ İDXAL İNFLYASİYASI QİYMƏTLƏRİ BAHALAŞDIRIR – Süni qiymət artımına qarşı tədbirlər görüləcəkmi?

Rəsmi rəqəmlərə görə, bu ilin yanvar- may aylarında qiymət artımının səviyyəsi 4.2 faizə yüksəlib. Qeyd edək ki, əmtəə qiymətlərinin yüksəlməsi son dövrlər bütün dünyadan ötrü xarakterikdir. Birləşmiş Millətlər Təşkilatının (BMT) Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə, FAO Qida Qiymət İndeksi bu ilin mayında aprellə müqayisədə 4.8 faiz, ötən ilin may ayı ilə müqayisədə isə 39.7 faiz yüksək olub.

Yenixeber.org: Qurum qiymət indeksinin yüksəlməsini, əsasən, bitki mənşəli yağların, şəkər və taxılın qiymətlərindəki qlobal artıma bağlayıb. Ərzaq məhsullarının təminatında idxalın özəl payının yetərincə yüksəkliyi daxili amillərlə yanaşı, xarici amillərin də qiymətlərin bahalaşmasına təsirini danılmaz edir.

Azərbaycanda pandemiyaya görə məhdudiyyətlər ötən ilin martından bəri tətbiq edilir. Karantin rejimi iqtisadiyyata təsirsiz ötüşməyib. Ötən il ölkədə orta aylıq əməkhaqqı və əhalinin gəlirlərində azalma, işsiz sayında çoxalma qeydə alınıb. Bəs karantin rejimi başlayandan bəri ölkədə məhsulların qiyməti necə dəyişib? Ən çox hansı məhsullar bahalaşıb?

Un və un məhsulları Azərbaycanda insanların qida rasionunda önəmli yer tutur. Rəsmi rəqəmlərə görə, pandemiya başlayandan bəri ölkədə 1 kiloqram buğda ununun orta qiyməti 1 manat 9 qəpikdən 1 manat 20 qəpiyə, qarışıq undan çörək (1kq) 1 manat 4 qəpikdən 1 manat 13 qəpiyə, çovdar çörəyi (1 kq) 1 manat 18 qəpikdən 1 manat 25 qəpiyədək bahalaşıb. Vermişel və makaronun orta qiyməti isə həmin vaxt ərzində 1 manat 84 qəpikdən 2 manat 2 qəpiyə yüksəlib. Başqa deyimlə, 18 qəpik və ya 10 faiz bahalaşıb.

Dövlət Statistika Komitəsinin məhsulların orta qiyməti ilə bağlı hesablamalarından görünür ki, 2020-ci ilin martında Azərbaycanda uzun düyünün 1 kiloqramı 3 manat 52 qəpiyə, yumru düyünün 1 kiloqramı isə 2 manat 6 qəpiyə satılıb. Hazırda bu göstəricilər, uyğun olaraq, 3 manat 82 qəpik və 2 manat 25 qəpikdir. Beləliklə, pandemiya dönəmində ölkədə uzun düyünün qiymətində 30 qəpik (9 faiz), yumru düyünün qiymətində isə 19 qəpik (10 faiz) artım gözə çarpıb.

 

 

Rəsmi rəqəmlərə görə, pandemiya dövründə mal ətinin orta qiymətində nisbi azalma sezilib. Pandemiya başlayan ərəfədə sümüklü mal ətinin 1 kiloqramının orta qiyməti 10 manat 58 qəpik idisə, hazırda bu göstərici 10 manat 39 qəpiyə enib. Sümüksüz mal ətinin orta qiyməti də həmin dövr ərzində 12 manat 48 qəpikdən 12 manat 42 qəpiyə geriləyib.

Qoyun və toyuq əti isə, mal ətindən fərqli olaraq, pandemiya dövründə bahalaşıb. Ötən ilin martında ölkədə bir kiloqram qoyun ətinin orta qiyməti 11 manat 67 qəpik idisə, hazırda bu rəqəm 11 manat 81 qəpikdir. Toyuq ətinin qiyməti də həmin müddətdə 4 manat 54 qəpikdən 4 manat 69 qəpiyə yüksəlib. Ən çox artım müşahidə edilən ərzaq məhsullarından biri kolbasadır. Pandemiya müddətində hisə verilmiş 1 kq kolbasanın qiyməti 11 manat 64 qəpikdən 13 manat 90 qəpiyədək - 1 manat 26 qəpik bahalaşıb. Suda bişmiş kolbasanın qiymətindəki artım məbləği isə 80 qəpikdir.

Ağartıda da artım tempi ara verməyib. Pandemiya dövründə pasterizə olunmamış üzlü südün 1 litrinin orta qiyməti 89 qəpikdən 93 qəpiyə, sterilizə olunmuş üzlü südün qiyməti 2 manat 11 qəpikdən 2 manat 28 qəpiyə yüksəlib. Qatıq da bahalaşıb. Əvvəllər kilosu 1 manat 90 qəpiyə satılan qatıq 2 manat 11 qəpikdən satılmağa başlanıb.

Uşaq qidaları da bahalaşma dalğasından kənarda qalmayıb. Pandemiya dövründə yarma, un və ya nişastadan hazırlanmış uşaq qidalarının 500 qramının orta qiyməti 9 manat 26 qəpikdən 10 manat 52 qəpiyə yüksəlib. Yəni, bahalaşma 1 manat 26 qəpiyə və ya 14 faizə yaxın olub. Uşaq qidası üçün quru süd qarışığının 1 kiloqramının qiyməti isə həmin vaxt ərzində 33 manat 17 qəpikdən 35 manat 11 qəpiyə yüksəlib, yəni, 2 manata yaxın bahalaşıb.

Bəzi yağ növlərində, özəlliklə günəbaxan və qarğıdalı yağlarının qiymətlərində ciddi bahalaşma gözə çarpır. Ötən ilin martından bəri günəbaxan yağının 1 litrinin orta qiyməti 2 manat 89 qəpikdən 3 manat 95 qəpiyə, qarğıdalı yağının qiyməti isə 4 manat 30 qəpikdən 5 manat 31 qəpiyə yüksəlib. Yəni, bu məhsulların qiyməti təxminən 1 manat -müvafiq olaraq 37 faiz və 24 faiz.

Ölkədə sürətli qiymət artımının səbəblərinə gəlincə, ekspertlər bildirlər ki, burada ilin əvvəlin yanacağın, suyun tariflərinin bahalaşdırması mühüm rol oynayıb. Kənd təsərrüfatı məhsullarının şəhərlərə daşıma xərcləri təxminən 30-40 faiz artıb ki, bu da maya dəyərinə ciddi təsir göstərir.

Ərzaq və gündəlik tələbat mallarındakı qiymət artımının bir səbəbi dünyada ərzağın bahalaşması ilə bağlıdır. Məlumdur ki, Azərbaycanın illik 12-13 milyard dollara çatan idxalının əsas hissəsini ərzaq, qida əlavələri, taxıl məhsulları təşkil edir. Nəticədə idxal infilyasiyası baş verir və bu da ölkədə kəskin qiymət dəyişkənliyinə gətirib çıxarır.

İkinci mühüm səbəb isə gömrük rüsumlarının yüksək olması, ərzaq və gündəlik tələbat malları bazarının cəmi bir neçə şirkətin inhisarında olması ilə bağlıdır. Azərbaycanda illik 38-40 milyard daxili dövriyyənin əsas hissəi bu şirkətlərin kassalarından keçir. Onlar həm idxal, həm topdan, həm də pərakəndə satış həyata keçirirlər. Son illərdə iri şirkətlərin genişlənən market şəbəkələri kiçik mağazaları sıradan çıxarmağa başlayıb. Beləliklə, idxal və satış monopolistlərin əlində cəmləşdiyinə görə, onlar istədikləri qiyməti diqtə edə bilirlər.

 

 

Qeyd edək ki, ölkədə istehsal olunan müəyyən ərzaq məhsulları da monopolist şirkətlərin nəzarətindədir. Kiçik müəssisələr, zavodlar, emal sənayesinin hazırladığı əmtəə həm daxili bazarlarda satılır, həm də ixrac olunur.

Nəzarətedici qurumlar isə inhisarçıların qarşısında ya acizdirlər, ya da onlarla sövdələşərək bazardakı hökmran mövqelərini daha gücləndirməyə yardım edirlər. Qeyd edək ki, Azərbaycanda "Antiinhisar fəaliyyəti haqqında" Qanun ölü doğulmuş qanunlar sırasında ilk mövqedə dayanır. Bu qanunun tətbiq olunmasında məsul olan Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti də əhalinin maraqlarını qorumaq üçün nəzərəçarpan fəaliyyəti məlum deyil. Habelə 20 ildən çoxdur, ölkədə "Rəqabət Məcəlləsi" qəbul edilmir. 

Beləliklə, istehlakçılar obyektiv və daha çox subyektiv amillərdən baş verən qiymət artımından əziyyət çəkir. Pandemiyanin ölkədə yaratdığı sosial-iqtisadi çətinliklərdən dolayı əhalinin gəlirlərində müəyyən azalmalar baş verib. Pandemiya ilə əlaqədar olaraq bəzi sahələrin uzun müddət fəaliyyətinin dayandırılması xeyli sayda vətəndaşın iş yerinni və və gəlirini itirməsinə səbəb olub.

Belə bir şəraitda inhisarçıların yaratdığı bahalıq ölkədə həyat səviyyəsinin aşağı düşməsinə səbəb olur. Bunun qarşısını almaq üçün hökumətin süni qiymət artımına qarşı ciddi tədbirlər görməsi zəruridir. Əlbəttə, bu addımlar ənənəvi mövsümi kampaniya şəkilində aparılacaqsa və ancaq bazarlardakı satıcılara qarşı yönələcəksə, onun heç bir nəticəsi olmayacaq.(azpolitika)

E. Rüstəmli


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam