Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

Jurnalistlər Evlərinin qanunsuz sakinləri köçürülə bilər

 

Yenixeber.org: Ötən il Bakının Səbail rayonunda 16 mərtəbəli iki Jurnalistlər Evinin sakinləri mənzil əldə etmələrinin qanuniliyi haqqında ifadə vermək üçün Baş Prokurorluğa dəvət edilmişdilər. Jurnalistlər özləri və prezidentin fərmanı ilə pulsuz mənzil alan digər sakinlər haqqında suallara cavab veriblər. Yanvarın 15-də Baş Prokurorluğun iki evin tikintisinə və mənzillərin paylanmasına görə məsul olan KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun keçmiş icraçı direktoru Vüqar Səfərlinin və Portos MMC-nin direktoru Nadir Məhərrəmovun həbsi haqqında rəsmi məlumat dərc etməsindən göründüyü qədər, təhqiqat başa çatıb. Onlar 2013-2019-cu illərdə mətbuatın ehtiyacları üçün ayrılmış altı milyon manatdan çox dövlət vəsaitini mənimsəməkdə, habelə digər qanun pozuntularında ittiham olunurlar.

Həmin rayonda jurnalistlər üçün üçüncü yaşayış evi 2020-ci ildə tikilib və hələ məskunlaşmayıb. “Mən birinci binada yaşayıram, burada prinsipcə hər şey normaldır, baş redaktorlara mənzilləri müsabiqəsiz, şəxsən prezidentin adından veriblər. İkinci bina ilə bağlı fırıldaqlar olması, mənzillərin jurnalistlərə deyil, məsul məmurların qohumlarına, yaxınlarına, katibələrinə verilməsi barədə şaiyələr var. Hətta geri qaytarmaq şərtilə. Ötən il ikinci evin sakinlərinin əksəriyyəti prokurorluğa dəvət ediliblər və ifadə veriblər”, deyə bu evdə yaşayan jurnalistlərdən biri Turan-ın sualına cavabda bildirib.

“Yayda məni bir dəfə Baş Prokurorluğa çağırdılar. İndi, yəqin ki, 15-20 sakini çağıracaqlar”, deyə ikinci Jurnalistlər Evində mənzil alan digər jurnalist bildirib.

Hər ikisi sualları anonim qalmaq şərti ilə cavablandırıblar.

Bəzi saytlarda dərc edilən məqalələrin müəllifləri istintaqın prezidentdən hədiyyə almaq üçün qanuni əsası olmayan 20 nəfərin mənzil aldığını üzə çıxardığını iddia edirlər. Mənzil alanlar siyahısına yenidən baxılacağı gözlənilir, qanunsuz sakinlər binalardan çıxarılacaqlar.

Jurnalistlər Fərqanə Allahverdiqızı, Elnurə Abışova və digərləri FB-də aşkar edilmiş 20 pozuntunun çox az olduğu, qanunsuz mənzil alanların əslində daha çox olduğu barədə replikalar paylaşıblar. İkinci evdə mənzillərin təxminən yarısı kirayə verilir, yəni bu mənzilləri alanların onlara ehtiyacı yoxdur, deyə jurnalistlər bildiriblər.

F.Allahverdiqızı: “İkinci binada mənzillərin yarısından çoxu qanunsuz yolla hədiyyə olaraq alınıb. Araşdırma dərinləşdirilməlidir”.

Rumiyyə Miraslan birinci evdə jurnalist Fariz Vəliyevə ayrılmış mənzillə bağlı biabırçı hadisədən bəhs edir. 2017-ci ildə mənzili alan şəxs xərçəngdən dünyasını dəyişib və həmin vaxt Səfərli onun üçotaqlı mənzilini mənimsəyib.

 

Baş Prokurorluqdan Turan-ın sorğusuna cavabda bildiriblər ki, istintaqın davam etməsi ilə əlaqədar məlumat verə bilmirlər.

Turan-ın mənbələri mənzil paylanarkən KİV-ə Dövlət Dəstəyi Fondu tərəfindən müəyyən edilmiş KİV-də 3 (gündəlik qəzetlər), 6 (sayt və agentliklər) və 10 (televiziya və radio) və daha artıq iş stajı olan jurnalistlərin mənzil almaq hüququ haqqında qaydanın pozulduğunu bildirirlər. Əslində heç vaxt KİV-də işləməyənlər belə mənzil alıblar. Həmçinin, məhkumluğu və Mətbuat Şurasından töhməti olan jurnalistləri prezidentin hədiyyəsini almaq hüququndan məhrum ediblər. Amma, Reallig.info-nun baş redaktoru İkram Rəhimovun sözlərinə görə, hakimiyyətin xoşuna gəlməyən jurnalistlər hakimiyyətə xoş olmayan nəşrlərə görə həbs edilir, mühakimə edilir və töhmət alırdılar, onlar ölkə prezidentinin köməkçisi Əli Həsənovun istəyi ilə repressiyaya məruz qalırdılar. Beləliklə, onlar ağır yaşayış şəraitinə baxmayaraq, mənzil əldə etmək hüququndan məhrum edilirdilər. İ.Rəhimov fırıldaqlarda Mətbuat Şurasının sədri Əflatun Amaşovu və Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərlini də ittiham edirlər. Ələsgərli “Siyasi meydan” internet forumunda açıq müzakirə zamanı Rəhimovun ittihamlarını qəbul etmədiyini bildirib.

Turan İnformasiya Agentliyi mənzillərdən imtina edən yeganə KİV olub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam