Ekspertlər erməni və azərbaycanlı ziyalılar arasında əlaqələrin mümkünlüyü barədə-ŞƏRH
Yenixeber.org: Humanitar Araşdırmalar Cəmiyyətinin rəhbəri Əvəz Həsənov Azərbaycan və Ermənistan ziyalılarının görüşlərinin keçirilməsini və birgə humanitar tədbirlərin reallaşmasını mümkün hesab edir.
O, Ermənistan və Azərbaycan ziyalıları arasında görüşlərin arzuedilən olması ilə bağlı RF XİN-in nümayəndəsi Mariya Zaxarovanın sözlərini agentliyimizə şərh edərkən ötən illərdə belə təcrübəsinin olmasını və Rusiya tərəfinin fəal rolunu xatırladıb,
Bir neçə ay bundan öncə Moskvada Azərbaycan, Ermənistan və Dağlıq Qarabağdan olan fəalların iştirakı və Rusiya İctimai Şurasının dəstəyilə “dəyirmi masa” keçirilib. Sülhyaratma əməliyyatı Rusiya qüvvələri tərəfindən həyata keçirildiyi bir vaxtda Moskva ermənilərlə azərbaycanlıların qarşılıqlı səfərlərinin təşkilində maraqlıdır.
Lakin Rusiya QHT-ləri ABŞ və ya Qərb ölkələrinin təcrübəsinə malik deyil, onların Azərbaycan və Ermənistan QHT-ləri ilə birbaşa əlaqələri yoxdur. Ona görə də böyük səmərəlilik və ya davamlı dialoq gözləməyə dəyməz, Ə.Həsənov hesab edir.
Qərb QHT-ləri yerlərdə dayanıqlı QHT-ləri seçir, onları gücləndirir, daha sonra əməkdaşlıq edirlər, Ə.Həsənov qeyd edib. O, üç Cənubi Qafqaz ölkəsi QHT-lərinin iştirakı ilə Georgi Vanyanın Tekali prosesini nümunə göstərib. Bu, Qərb QHT-ləri tərəfindən dəstəklənib.
Bununla yanaşı, Ə.Həsənov təkcə vətəndaş cəmiyyətinin görüşünü deyil, həm də birgə bazarların, resurs mərkəzlərinin təşkilini vacib sayır. Ağdam, Ağdərə, Şuşa, Xankəndi, Əsgəran və digər rayonlarda belə əlaqələr mümkündür. Belə əlaqələr təhlükəsizlik risklərini azaltmağa kömək edəcək, ekspert bildirib.
Öz növbəsində, Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov hesab edir ki, iki ölkə ziyalılarının görüşü siyasi münasibətlərə təsir göstərə bilər.
"Ermənistanda revanşist çağırışlar səslənir və siyasi elita tənqidi əhval-ruhiyyədədir. Ola bilsin ki, bu cür görüşlər nəticəsində onlar qonşularına qarşı münasibətdə daha rasional davranışa yenidən baxacaqlar və ya inkişaf etdirəcəklər. Ona görə də belə görüşlər əhəmiyyətli ola bilər", T.Zülfüqarov deyib.(turan)