Çərxi-fələk fırlanır, illər ötür, yaş gəlir
Əsgərli Amin Vüqar oğlu 13 avqust 2005-ci ildə Bakı şəhərində anadan olub. Xırdalan şəhər 2 saylı tam orta məktəbi,eyni zamanda Xırdalan şəhər 11 illik musiqi məktəbində təhsil alıb. Həmçinin Asəf Zeynallı adına Milli Konservatoriya nəzdində musiqi kollecinin məzunudur.
Yenixeber.org: Hal-hazırda Azərbaycan Milli Konservatoriyasında vokal ixtisası üzrə təhsil alır. Musiqi ilə yanaşı, onun klassik poeziyaya və xüsusən əruz vəzninə olan sevgisi ona qəzəl və şeir yazma istedadını da bir uzə verib.
Bu gün Aminin 20 yaşı tamam olur. Biz də bu gənc vokalçını, yazarı təbrik edir, yep-yeni yaradıcılıq uğurları arzulayırıq.
Yaş gəlir
Tanrı yeni yaş verir,töhfə hər il ömrümə;
Xatirələr tək olur doğma xəlil ömrümə;
İyirmi qapı döymədən keçdi qəfil ömrümə;
Day nə deyim mən ona,tazə yaşım xoş gəlir!
Çərxi-fələk fırlanır,illər ötür,yaş gəlir.
Bəzən olur yetməyir arzu, amallarımız;
Onda minir qüvvəyə qüssəli hallarımız;
Qəlb evinin sakini köhnə xəyallarımız..
Getməyə cəhd etsə də,amma axır baş gəlir;
Çərxi-fələk fırlanır,illər ötür,yaş gəlir.
Ömrümüzü vaxt-zaman tezcənə qarmaqlayır;
Təkcə ötən günlərə şair özün bağlayır;
Yadə uşaqlıq düşür,xatirələr çağlayır;
Bir gecənin yarısı çeşmə qonaq yaş gəlir.
Çərxi-fələk fırlanır,illər ötür,yaş gəlir.
Haqqın hökm sürməsini görmək inamındayıq;
Ölməyib ümmid yetər vəslə,məramındayıq;
Gör,xəraba dövranın hansı məqamındayıq;
Tacdarın taxtına hansısa fərraş gəlir.
Çərxi-fələk fırlanır,illər ötür,yaş gəlir.
Dərd eləmə, çöhrənə bəxt güləcək,səbr elə,
Yep-yeni problemlərin köhnələcək, səbr elə,
Amin,ömür süfrənə gün gələcək, səbr elə..
Bişmədədir,az qalıb dolma,kabab,aş gəlir!
Çərxi-fələk fırlanır,illər ötür,yaş gəlir.
Mavi dəniz
Elə sakitliyi qəlbimdə əkir mavi dəniz,
Danışır gizli mənə, gör nə çəkir mavi dəniz.
Süzülür dalğalarından o ki var cövr-cəfa,
Günü-gündən soyuyur, sanki çökür mavi dəniz.
Yaşa dolmuş qocanın rəngi də solmuş, deyəsən,
Son zamanlar nəsə naxoş görükür mavi dəniz.
Sən demə daxilini qan götürüb yarəsini..
Hamıdan gizli yosunlarla tikir mavi dəniz.
Nəzər etsən ona, bəlkə sənə gümrah görünər,
Öz içində amma göz yaşı tökür mavi dəniz.
Bəşər övladı, hazır dur! Dəli paytaxt Bakını,
Bir də gördün əsəbi halda sökür mavi dəniz.
Duyub Amin dənizin sözlərini, yazdı necə,
Çəkir hər gün gecə təklikdə fikir mavi dəniz.
Sandım
İlk dəfə görərkən səni, gövhər kimi sandım,
Ol vaxt özümü dəhrdə zərgər kimi sandım.
Cismimdə qərib eşq savaşı üsyan edərkən..
Hüsnündəki qaşlarını xəncər kimi sandım.
Şövq saçmış idi ətrafa zülfündəki tellər,
Yel vurduğu an titrədi, məxmər kimi sandım.
Gülzarda durub, ətri ilə gülləri bir-bir
Məğlub eləyən zülfünü ənbər kimi sandım.
Mövsümləri çox seyr elədim ömrü boyunca,
Tək hüsnünü yaz fəslinə bənzər kimi sandım.
Şahzadə kimi kürsüdə rahat oturandan,
Qəlb taxtıma yalnız onu rəhbər kimi sandım.
Amin, o yarı hər gecə röyada görəndən,
Tək böyrümə layiq səni dilbər kimi sandım.
Yorğun Bakı
Bu yorğun Bakıdan gileylənmə gəl..
Qocalıb,yaşlanıb,taqətdən düşüb.
Küləklər dərdini göydə vəsf edir,
Dalğalar xəzərin gözündən düşüb.
Küçələrindəki yanan işıqlar,
İnamla parlayan ümiddir sanki,
Bu qədim torpaqda yatır arzular..
Onuda ayaqla əzirik hər gün.
Çiçəklər baharda bitir səbr elə,
Suvarsan torpağı,bitər qönçələr.
Səsləsən,gələcək yağışlar dilə..
Bu yorğun Bakıdan gileylənmə gəl!