15 Sentyabr–Türklərin tarixi birlik imkanının gerçəkləşməsi idi
"Xeberinfo.com": Tarixdən, zamandan uca olmadan ulusa gərəklik mümkün deyil. Uca işlər gerçək tarixdən öncə insanlığın ləyaqət tarixinə yazılır. Bu baxımdan 1918-ci ilin 15 sentyabrı Azərbaycan türklərinin tarixində ən önəmli günlərdən biridir. Hələ də bu günün önəmini gərəyincə dəyərləndirə bilməmişik.
Hər şeydən qabaq 15 Sentyabrın siyasi önəmi vardı. Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti 1918-ci ilin 15 sentyabrına kimi Gəncədə fəaliyyət göstərirdi. Özəlliklə Sovet Rusiyası gənc cümhuriyyəti yıxmaq üçün hər sayaq fitnəyə əl atırdı. Bu olaylardan bir neçə ay öncə – 1918-ci ilin martında Bakıda ən dəhşətli qırğınlardan biri törədilmişdi: 2-3 günün içində 12 min soydaşımız öldürülmüşdü.
Belə bir çağda gənc cümhuriyyətin ayaqda qalması, millətimizin siyasi iradəsini təsdiq etməsi üçün Bakı kimi strateji baxımdan önəmli mövqedə yerləşmiş, əhalinin daha çox yaşadığı, sənayenin inkişaf etdiyi, zəngin neft mədənlərinin olduğu ərazinin paytaxt kimi tanınması Azərbaycanın halal, tarixi torpaqları uğrunda mübarizəsinin, dövlət quruculuğunun yeni səviyyədə təsdiqlənməsi olacaqdı. Bu anlamda Bakının azad olunmasının iqtisadi önəmi ilə bağlı geniş danışmağa gərək qalmır. Xarici dövlətlər, eləcə də Rusiya Bakı neftini ələ keçirmək uğrunda ölüm-dirim savaşına qalxmışdılar.
***
Belə bir çağda qəhrəman türk ordusunun Azərbaycana yardıma gəlməsi hadisələrin sonrakı gedişində Azərbaycan Xalq Cümhuriyyətinin müəyyən dönəmdə də olsa, özünə gəlməsinə, müstəqil dövlət olaraq tanınmasına ciddi təkan verdi. Başqa yandan da bu hadisə türk xalqının mənəvi birliyinin sübutu oldu. 15 Sentyabr - tariximizin öyünüləsi uca məqamlarından biridir. Tariximizin şanlı məqamlarına sevinmək, fəlakətli məqamlarına kədərlənməklə yanaşı, həm də yanlışlarımızdan dərs götürməliyik. Özəlliklə o dönəmdə Rusiya imperiyasının caynağından qurtulub çıxmış Quzey Azərbaycanda milli dövlət quruculuğunu həyata keçirmək olduqca çətin idi.
Hər bir xalqın yaşamasında, var olmasında onun fərdlərinin oynadığı rol çox önəmlidir.
Mahiyyətcə hər bir fərd özü Vətəndir. Vətən səviyyəsinə yüksəlmək, yəni fərdlərin bir yerdə vətəni təmsil etməsi asan başa gəlmir. Uzun illər dəyişməz əqidəçilikdə qalmaq, torpağı müqəddəsləşən yurd saymaq, yurdun yaşaması uğrunda hər sayaq əzaba dözmək sonucda Vətənə layiqliyi təsdiq edir.
***
Belə bir gündə Azərbaycanın bir çox bölgələrini erməni yırtıcılığından, qaniçənliyindən qurtaran qəhrəman Nuru Paşa haqqında ürəkdolusu danışılmağa haqqı olanlardandır. Sovet dönəmində Nuru Paşaların haqqında danışmaq yasaq idi. İmperiya türklük duyğusunu öldürürdü ki, antitürk meyilləri, türkün yağılarını xalqımıza xilaskar kimi sırısın.
Bakıya hücum ərəfəsində Nuru Paşanın tabeliyində 14 min nəfər döyüşçü vardı: 8 minini Türkiyə, 6 minini isə Azərbaycan türkləri təşkil edirdi. Türk qoşunları Bakının azad olunması zamanı 1130-dan artıq şəhid verdi. Ortaya sual çıxır ki, əgər Bakı 1918-ci il sentyabrın 15-də azad olunmasaydı, Azərbaycan Xalq Cümhuriyyətinin aqibəti necə olacaqdı? Yaxud da Azərbaycan Sovet imperiyasının tərkibinə parçalanmış vəziyyətdə qatılsaydı, SSRİ dağılanda onun müstəqil dövlətçiliyə iddia imkanı olacaqdımı? Azərbaycan Xalq Cümhuriyyətinin tarixi taleyi faciə ilə sonuclansa da, bütün hallarda 15 Sentyabr tariximizin uca məqamlarından biridir.
Bütün dönəmlərdə dövlətlər çoxlu təhlükələrlə, fəlakətli məqamlarla üzləşiblər. 1918-ci ilin 15 sentyabrından sonra Bakının paytaxt olması, Azərbaycanın daha ardıcıl və ciddi addımlar atması gənc dövlətin yağılarını qayğılandırmaya bilməzdi. Başqa yandan da bu şanlı hadisə Güney Azərbaycandakı soyqırımın da qarşısının alınmasında böyük rol oynadı.
1918-ci il sentyabrın 23-də Osmanlı dövləti qüvvələrini Azərbaycandan çıxarmaqla bağlı öhdəlik götürməyə məcbur oldu.
Hər halda bundan sonra Azərbaycan Xalq Cümhuriyyəti, 15 sentyabr və başqa bu kimi mövzularda yeni, ciddi əsərlərin yaradılması son dərəcə gərəklidir. Sovet dönəminin öz mövzuları vardı, ideologiya yalnız həmin mövzularda əsər yaratmağı tələb edirdi. Sovet dövləti çalışırdı ki, belə mövzular yaddaşlardan silinsin.
***
Qəhrəman türk qardaşlarımızın obrazının ədəbiyyatda, ümumiyyətlə, incəsənətin bütün janrlarında yaradılması ilə bağlı yaradıcı adamlarımız ciddi düşünməlidirlər. 70 ildə Azərbaycan Xalq Cümhuriyyəti də daxil olmaqla həmin dövrün milli dövlətçiliyini, türk millətinin xilasını, rifahını sevənlər ədəbiyyatda lənətlənib.
15 Sentyabr – Türklərin tarixi birlik imkanının gerçəkləşməsi idi.
Bu imkanın üfüqlərini genişləndirmək gərək:
Ulusal özümlüyə, təmənnasızlığa, fədakarlığa əsaslanan, hər cür özgəliklərə qarşı dura bilən, öncəki səhvləri təkrar etməyən belə birliyin bundan sonra olmasına indi daha çox gərək var.
İşıqlı Atalı
Mütləqə İnam Ocağının Yükümlüsü