700 miqrant Aralıq dənizində can verdi
Birləşmiş Millətlər Təşkilatının Miqrantlar Ali Komisarlığı Liviya sahillərində ardıcıl olaraq bir neçə qayığın batması nəticəsində 700 miqrantın ölməsi ehtimalı haqqında məlumat yayıb.
Xeberinfo.com: ANS PRESS-in məlumatına görə, qayıqların 25-27 may tarixlərində Liviyadan İtaliyaya keçmək istəyərkən batdığı bildirilir.
Komisarlığın mətbuat şöbəsinin nümayəndəsi Karlotta Sami mayın 25-də batan gəmidə 100 miqrantın itkin düşdüyünü söyləyib. Sami mayın 25-də Liviyadakı Sabrata limanından yola düşən və mayın 26-ı səhər saatlarında batan bir qayıqda 550 miqrantın da itkin düşməsi faktını təstiqləyib. O, mayın 27-də batan 3-cü gəmidə olan miqrantların 135-nin xilas edildiyini, 45 cəsədin sulardan çıxarıldığını, sayı tam dəqiqləşdirilməyən miqrantların isə itkin düşdüyünü vurğulayıb.
Xilas edilən miqrantlar İtaliyadakı Taranto və Pozzallo limanlarına gətirilib. İtalyan rəsmilər bildirib ki, Avropa İttifaqı gəmilərinin 26 may tarixində 600 dən çox miqrantı xilas etməsi ilə bir həftə ərzində xilas edilən miqrant sayı 13 minə çatıb. Avropa İttifaqı ilə Türkiyə arasında miqrant razılamasının dövrəyə girməsindən bu yana Liviya qaçaq yollarla Avropaya keçmək istəyən miqrantlar üçün keçilməz bir vəziyyətə gəlib.
Avropaya miqrant axınının artma səbəbi Yaxın Şərqdə və Şimali Afrikada baş verən silahlı münaqişələrdir. Müəyyən şəxslər bir miqdar pul müqabilində minqrantları kiçik rezin və ya taxta qayıqlarda Yunanıstana keçirməyə razılaşırlar.
Bu zaman qayıqlara həddindən artıq insan mindirilir ki, bu da faciə ilə nəticələnir.