Olland “dərviş”in adını çəkməkdən niyə qorxdu?
Elə ədəbi əsərlər və filmlər var ki, orada gələcəklə bağlı təsvir olunan hadisələrin müəyyən qismi uzun illər keçdikdən sonra təxmini də olsa, özünü doğruldur, reallığa çevrilir. Çünki fantastika janrında olan həmin əsərlərdə və filmlərdə insan təxəyyülünün gücü ön plana keçir. Məsələn, uçan dəmir quş kimi təsvir olunan təyyarələrin, insanın kosmosa səyahətinin və onlarla digər təxəyyül məhsulunun reallığa çevrilməsi inkaredilməz faktdır.
Xeberinfo.com: Bu baxımdan, Fransa paytaxtında baş vermiş son hadisələrdən sonra Mirzə Fətəli Axundovun "Müsyö Jordan və Dərviş Məstəli Şah" klassik komediyasının motivləri əsasında çəkilmiş “Dərviş Parisi partladır” filmi yada düşür. Çünki bu filmdə baş verənlər az qala eynilə təkrarlanmış kimi görünür.
Məsələ ondadır ki, filmdə bir dərvişin Azərbaycanda oturub, guya Parisi dağıtmaq üçün fırıldaqçılıqla oyun qurduğu təsvir edilir. Və sonra məlum olur ki, Parisdə həqiqətən də dağıdıcı hadisələr baş verib.
Ötən həftənin cümə günü də Parisdə qorxunc partlayışlar törədildi. Dünya sarsıldı. Terrorun nə qədər dəhşətli bir fəlakət texnologiyası olduğu növbəti dəfə üzə çıxdı. Və yəqin ki, bu qəddar bəşəri cinayət öz təsirini hələ uzun müddət insanlıq üzərində saxlayacaq.
Təbii ki, hər kəs bu terror aktlarını törədənləri qınayır. Və hər bir qınaq müəllifi də tamamilə haqlıdır.
Ancaq bir önəmli məqam da var ki, onun “görməməzliyə vurulması” təəssüf doğurur. Həmin məqam da bu tipli hadisələrin haradan qaynaqlanması, dünyanın hansı səbəbdən bu hala gəlməsidir.
Axı, səhnəarxasında indi Parisdə baş verənləri sifariş edən bir “dərviş” mütləq var. Bu “dərviş” dünyanın belə qorxunc hala gəlməsi üçün illərlə hiyləgər oyunlar qurub və hələ də qurmaqdadır.
Məsələ ondadır ki, səhnəarxasındakı həmin “dərviş” Nyu-Yorkda əkiz qüllələrin vurulmasıyla öz hiyləgər planını reallaşdırılma mərhələsinə keçirdi. Bu qorxunc hadisənin ardınca dünya ikiyə bölünməyə başladı. Qərb dünyasında islamafobiya gücləndi və sivilizasiyalar arasında yaradılan uçurum daha da dərinləşdi.
Sonrakı mərhələdə “əkiz qüllə” bəhanəsi üzərindən ABŞ və Qərbin vasitəsiylə İslam dünyasının siyasi sistemi dağıdıldı. Yaxın Şərqdə planlı şəkildə formalaşdırılan xaos diktaturası bu məkanda terrorizmin hökmranlığını ortaya çıxartdı.
Amma təəssüf doğuran bir məqam da odur ki, həmin məkandakı terrorizmin hakimiyyəti Qərbdən idarə olunur. Bir müddət öncə “Qərbin Avropada partlayan “demokratiya bombaları”ndan yazarkən bu məqama geniş şəkildə yer ayırmışdım. Çünki dünyanın nəhəng dövlətləri Yaxın Şərqdə xaosun yaradılmasında birbaşa iştirakçıdırlar.
Məsələ ondadır ki, ABŞ və Qərbin terrorizmə münasibətində ikili standartlar ön planda yer alır. Belə ki, Qərb dövlətlərinin hər birisinin “öz terror təşkilatları” var. Bu dövlətlər öz beynəlxalq rəqiblərinə problem yaradan terror təşkilatlarını az qala milli azadlıq hərəkatı kimi təqdim edirlər. Özlərinə problem yaradanlar isə birmənalı şəkildə terror təşkilatlarının siyahısına salınır.
Buna misal olaraq, Suriyada Bəşər Əsəd rejiminə qarşı vuruşan qeyri-qanuni silahlı qruplaşmalara ABŞ və Qərbin münasibətini göstərmək olar. Və bu, olduqca önəmli məsələdir. Çünki hazırda bütün dünyanı sarsıdan, bəşəriyyəti qorxu içərisində saxlayan hadisələr də elə məhz bu qeyri-adekvat münasibətdən qaynaqlanır.
Parisdə partlayışlar törədiləndən bir müddət sonra Fransa prezidenti Fransua Olland ölkənin tarixində ilk dəfə olaraq, fövqəladə vəziyyət elan etməli oldu. Və ardınca da bəyanat verdi ki, Parisdəki partlayışlar ölkə xaricində planlaşdırılıb və idarə edilib.
Təbii ki, o, haqlıdır. Və belə görünür ki, baş verənlərin əsl səbəblərini çox dəqiq bilir. Sadəcə, onun planı quran sifarişçi haqqında açıq mətnlə danışmağa cəsarəti çatmadı.
Əks halda, cənab Olland Suriyada terrorçuların mövqelərini vurmalı olan ABŞ və Qərb dövlətlərinə məxsus təyyarələrdən atılan bombaların dinc insanların yaşadığı kəndlərə boşaldıldığını da deməliydi. Eyni zamanda, həmin ölkələrin təyyarələrindən atılan və dinc əhali üçün nəzərdə tutulmuş humanitar yardımların səmada necə hərbi sursata “çevrilərək”, terrorçuların mövqelərinə töküldüyünə də aydınlıq gətirməliydi.
Bəli, F.Olland bunların heç birisini demədi. Çünki bu halda, təsadüfən “dili sürüşüb”, Parisi vurduran səhnəarxasındakı həmin o “dərviş” haqqında danışmalı, onu da suçlamalı olardı. Üstəlik, “qaza gəlib”, vurğulaya bilərdi ki, həmin o “dərviş” ABŞ və Fransa da daxil olmaqla, bütün nəhəng dövlətləri, qısacası isə bütün dünyanı idarə edir. Bəşəriyyətin başına gələn bütün bəlalar da elə həmin o hər şeyi bir-birinə qatan hiyləgər “dərviş”in “sehirli çubuğu”ndan qaynaqlanır.
Əlbəttə ki, F.Olland bütün bunları deyə bilmədi. Çünki Parisdə tökülən qanlara görə özünün və ölkəsinin də günahkar olduğunu yaxşı bilir. Çox yaxşı bilir ki, həmin o “dərviş”in sifarişi ilə Fransa da “terrorçuların bəslənməsi”ndə rol alıb. Çünki Fransanın da milli azadlıq hərakatı hesab etdiyi terrorçu təşkilatlar olub və elə indi də var.
Məsələn, ötən əsrin 70-ci illərində erməni terror təşkilatı olan ASALA-nın ən əsas himayədarı məhz Fransa idi. Həmin dövrdə ASALA Türkiyə diplomatlarını qətlə yetirirdi, Fransa isə bu erməni terrorçularını milli azadlıq hərakatının iştirakçıları kimi təqdim edirdi.
Ancaq sonra ASALA elə Fransanın başına bəla oldu. Belə ki, Fransanın bəzi siyasi dairələri ilə ziddiyyət içərisinə girən ASALA bu ölkədə də terror aktları törətdi. Nəticədə Fransa kəşfiyyatı ASALA-nı məhv eləmək əmri aldı və bunu yerinə yetirdi. Və o vaxtdan haqqında əfsanələr dolaşsa da, ermənilər artıq məhv edilmiş ASALA-nın əvəzinə yeni terror təşkilatları yaratmalı oldular.
Əgər, bu ikiliil standartlar zehniyyawәti dəyişməzsə, dünyada terrorzim “at çapmaqda” davam edəcək. Halbuki indi Avropada yaxşı bilirlər ki, Parisin vurulması yalnız Fransanın hədəfə alınması anlamı daşımır. Burada hədəf əslində, Fransanın əsas söz sahiblərindən biri olduğu Avropa Birliyidir. Çünki Avropa Birliyinin hədəfləri o “dərviş”in maraqlarına problem yaradır.
Deməli, Parisdəki terror üzərindən bütün dünyaya, o cümlədən də, Avropa Birliyinə qorxunc bir mesaj verildi. Ola bilsin ki, dolların və neftin qiymət ayarlarıyla oynanılması, dünyada süni maliyyə böhranının yaradılması, müxtəlif bioloji silahların (heyvan mənşəli qrip növlər və s.) birbaşa insanlar üzərində açıq şəkildə sınaqdan keçirilməsi, Yaxın Şərqdə qalanan “tonqal”ın Avropanın “yandırılması” üçün nəzərdə tutulması və s. bu kimi xəbərdarlıq mesajlarının şifrələri doğru çözülmədi.
Nəticədə ola bilsin ki, bu səbəbdən də “dərviş” – “Dərin Dünya Konseyi” daha açıq şəkildə mesajlar vermək niyyətinə düşüb. Çünki dünyada baş verən heç nə təsadüfi deyil. Və heç bir terror təşkilatı dünyada hər şeyi birbaşa nəzarətdə saxlayan, bəşəriyyəti “öz qanunları”, maraqları çərçivəsində idarə edən bu “beyin mərkəzi”nin qərarı olmadan hərəkət edə bilməz. Xüsusilə də, Avropanın ən önəmli paytaxtlarından birində belə bir qorxunc hadisənin icazəsiz törədilməsinin mümkünlüyünə inanmaq sadəlövhlük olardı.
Musavat.com