"İranın belə bir silahdan istifadə etməsi haramdır"
“Dünən çox mühüm hadisə baş verdi. İranla 5+1 ölkələri arasında İranın nüvə probleminə dair danışıqlar sona çatdı. Bu, həm İran, həm də dünya ictimaiyyəti üçün çox mühüm hadisədir”.
"Xeberinfo.com": APA-nın xəbərinə görə, bu sözləri İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin keçirdiyi mətbuat konfransında deyib.
Səfir bildirib ki, qarşı tərəf 13 ildən artıq İranın atom bombası istehsal etmək istəməsi bəhanəsi ilə dünyada İran əleyhinə təbliğat aparıb və İrana qarşı iqtisadi sanksiyalar tətbiq edib: “Lakin İran sübut etdi ki, heç vaxt nüvə silahı istehsal etmək niyyətində olmayıb. Ali dini rəhbərin fətvasına görə, İranın hərbi strategiyasında belə bir silahdan istifadə etmək haramdır. Bizim diplomatlarımız bu müzakirələrdə sübut etdilər və qarşı tərəfi əmin etdilər ki, İran dövləti heç vaxt nüvə silahı istehsal etmək niyyətində olmayıb. Dünənki razılaşma sübut etdi ki, müzakirələr aparmaqla müəyyən işləri həll etmək mümkündür. Qarşı tərəf bizi müharibə ilə hədələyirdi, lakin biz bu məsələni müzakirələr yolu ilə həll etmək niyyətində idik. Sübut etdik ki, bizim yolumuz düzgün idi və danışıqlar yolu ilə məsələni həll etmək olar”.
Diplomat İranın müzakirələr çərçivəsində müəyyən hədəflərə çatmaq istədiyini və həmin məqsədlərə çatdığını söyləyib: “Bizim danışıqları davam etdirməyimizdə məqsədlərimizdən biri bu idi ki, nüvə proqramımızı davam etdirək və qoruyaq. Biz buna nail olmuşuq. İkinci hədəfimiz İrana qarşı tətbiq olunan sanksiyaların aradan qaldırılması idi və biz buna da nail olduq. Saziş icra olunduqdan sonra bütün sanksiyalar ləğv ediləcək. Sonrakı məqsədimiz bu idi ki, İran dosyesi BMT Təhlükəsizlik Şurasından götürülsün. Bu məsələ də öz həllini tapacaq”.
M. Pak Ayin bəyan edib ki, bu razılaşmadan hər iki tərəf udub: “Biz heç vaxt istəməmişik ki, bu razılaşmalardan kimsə uduzsun, çünki belə razılaşma uzun müddət sürə bilməz. Bu müzakirələrdə qərblilər anladılar ki, İranla təhdid dili ilə danışmaq olmaz və İran xalqına ehtiramla yanaşılmalıdır. İranın dünən əldə etdiyi qələbə yalnız İranın deyil, bizi sevən digər ölkələrin də qələbəsidir. Bu qələbə İranla qonşu ölkələr arasında iqtisadi münasibətlərin daha da genişlənməsinə imkan verəcək. İran güclü dövlətdir və biz bu gücümüzü regional təhlükəsizliyin təmin olunmasına sərf edəcəyik. İran iqtisadi cəhətdən də güclüdür və bu səbəbdən sanksiyalar dövründə hər şeyə tab gətirdi, inkişafdan qalmadı. Sanksiyalar götürüldükdən sonra bu inkişaf davam edəcək. Hal-hazırda dünyanın və regionun ən böyük problemi terror problemidir. Düşünürəm ki, gələcəkdə bununla mübarizədə daha yaxşı fürsətlər əldə olunacaq. Mən Azərbaycan xalqına öz təşəkkürümü bildirirəm ki, dünənki qələbəmiz münasibətilə bizi müxtəlif üsullarla təbrik etdilər. Müqəddəs Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edirəm”.