Bakıda 3 prokuror intizam məsuliyyətinə cəlb edilib
Bu gün Bakı şəhər prokurorluğunda mərkəzi aparatın və ərazi rayon prokurorluqları əməkdaşlarının iştirakı ilə 2017-ci ildə qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclası keçirilib
Yenixeber.org: Bu barədə Bakı şəhər prokurorluğundan məlumat verilib.
İclasda məruzə ilə çıxış edən Bakı şəhər prokuroru İlqar Abbasov bildirib ki, hesabat dövründə şəhər prokurorluğu tərəfindən cinayətkarlığa və hüquq pozuntularına qarşı mübarizə sahəsində şəhərin digər hüquq mühafizə orqanları ilə əlaqəli şəkildə fəaliyyət göstərərək müsbət nəticələr əldə edilib.
Qeyd olunub ki, hesabat dövründə 2016-cı illə (11940) müqayisədə 182 fakt artaraq 12122 hadisə qeydə alınmış, onların açılma faizi 4,1% artaraq 80%, ağır və ya xüsusilə ağır cinayətlərin sayı 120 hadisə və ya 3,4% azalaraq 1890 olub.
2016-cı illə müqayisədə hesabat ilində qəsdən adam öldürmə cinayətlərinin sayı 3 fakt azalaraq 59 olub, həmin hadisələrdən 1-i istisna olmaqla, o cümlədən qeyri-aşkar şəraitdə törədilmiş qəsdən adam öldürmə cinayətlərinin və 38 qəsdən adam öldürməyə cəhd cinayətinin hamısının açılması təmin edilib.
2017-ci ildə 2016-cı ilə nisbətən 13 quldurluq hadisəsi az baş verməklə, hadisələrin sayı 68 olub, onlardan 8-i bağlı qalıb.
Ölümlə nəticələnən 203 yol-nəqliyyat hadisəsi qeydə alınmış və həmin hadisələrdən 1-i bağlı qalıb.
Şəhərin prokurorluq orqanlarının icraatında olmuş 1047 işdən 563-ü, daxili işlər orqanlarının istintaq şöbələrinin icraatında olan 14432 cinayət işindən 5003-nün istintaqı tamamlanıb.
Hesabat dövründə baş vermiş cinayətlər nəticəsində prokurorluqda, o cümlədən şəhər prokurorluğunun İstintaq idarəsində aparılan cinayət işləri üzrə fiziki və hüquqi şəxslərə vurulmuş 2 milyon 437 min manat maddi ziyandan 18,1%-i, yəni 443 min manatı, polis orqanlarında aparılan işlər üzrə isə vurulmuş 30 milyon 194 min manat maddi ziyandan 85,7%-i, yəni 25 milyon 880 min manatı istintaq zamanı ödətdirilib.
Müşavirədə hesabat dövründə əldə edilmiş müsbət nəticələrlə yanaşı yol verilmiş nöqsanlar da diqqətə çatdırılıb. Bildirilib ki, quldurluq cinayətlərinin sayının azalmasına baxmayaraq onlardan 8 cinayət faktının, bağlı qalmış 1 qəsdən adam öldürmə cinayətlərinin tezliklə açılması və təqsirkar şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi üçün intensiv istintaq və əməliyyat-axtarış tədbirlərinin aparılmasının, cinayət nəticəsində vurulmuş ziyanın istintaq zamanı ödətdirilməsi sahəsində dönüş yaradılmasının zəruriliyi vurğulanıb. İstintaq və təhqiqat fəaliyyətində aşkar edilmiş nöqsanlar, qanun pozuntuları, süründürməçilik halları konkret misallarla göstərilməklə təhlil edilib onların aradan qaldırılması tələb edilib.
Xüsusi qeyd olunub ki, vətəndaşların müraciətlərinə xüsusi diqqət və həssaslıqla yanaşılmasının hər bir dövlət orqanının və məmurunun mühüm vəzifələrindən olması barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tələbi rəhbər tutularaq müraciətlərin obyektiv araşdırılması, vətəndaşların mütəmadi olaraq qəbullarının keçirilməsi daim diqqət mərkəzində saxlanılmış, şikayətləri doğuran səbəblərin aradan qaldırılmasına, qanunauyğun və ədalətli qərarların qəbul edilməsinə nəzarət və tələbkarlıq gücləndirilib.
Hesabat dövründə şəhər prokurorluğu orqanlarında vətəndaşların 26266 müraciətinə baxılmış, həmin müraciətlərdən 5259-na baxılaraq həll edilmiş, o cümlədən 1744 müraciət təmin edilib. Həmin dövr ərzində 4597 vətəndaş qəbul edilmiş, rayon prokurorları tərəfindən 2010 nəfər, Bakı şəhər prokurorluğunda 2348 nəfər, onlardan da 448-i şəhər prokuroru tərəfindən qəbul olunib.
Əməliyyat müşavirəsində bildirilib ki, hesabat dövründə xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi, fəaliyyətlərində qanunsuzluq hallarına və prokurorluq işçisinə yaraşmayan hərəkətlərə yol verən işçilərə münasibətdə tələbkarlıq artırılmışdır. 2017-ci ildə müxtəlif xətalar törətdiklərinə görə 19 prokurorluq əməkdaşı, o cümlədən 3 rayon prokuroru intizam məsuliyyətinə cəlb edilmiş, onlardan 5 nəfər tutduğu vəzifədən azad olunmuş, 1 nəfər isə prokurorluq orqanlarından xaric edilib.
Tələb edilmişdir ki, şəhər prokurorluğunun bütün struktur qurumlarında xidməti, icra və əmək intizamının möhkəmləndirilməsi, tapşırılan işə görə əməkdaşların məsuliyyət hissinin və neqativ təzahürlərə münasibətdə prinsipiallığının artırılması üçün ən qəti tədbirlər görülsün.
Bakı şəhər prokurorunun müavini Azər Əsgərov, Bakı şəhərinin rayon prokurorları hesabat dövründə görülmüş işlər, yol verilmiş nöqsanlar və qarşıda duran vəzifələr barədə müşavirə iştirakçılarına ətraflı məlumat veriblər.
Müşavirədə işin səmərəliliyinə mənfi təsir göstərən problemlərin aradan qaldırılması istiqamətində qarşıda duran konkret vəzifələr müəyyənləşdirilmiş və şəhər prokurorluğunun əlaqədar struktur qurumlarına müvafiq tapşırıqlar verilib.
Əməliyyat müşavirəsində inam ifadə olunub ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə həyata keçirilən yeni məzmunlu dövlətçilik siyasətini hərtərəfli dəstəkləyən şəhər prokurorluğu orqanları bundan sonra da digər hüquq mühafizə orqanları ilə əlaqəli şəkildə Bakı şəhərində ictimai-siyasi sabitliyin və əmin-amanlığın qorunması, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, dövlət müstəqilliyinin, insan və vətəndaş hüquq və azadlıqların etibarlı müdafiəsi üçün zəruri tədbirlərin görülməsini təmin edəcək.