Yenixeber.org: Bayıl-20-ci yaşayış sahəsinində neft mədəninin ərazisində o qədər qanunsuz evlər tikilib ki, artıq burada gecəqondulardan ibarət qəsəbə yaranıb. Yəqin ki, belə getsə, 1-2 ildən sonra burada boş torpaq sahəsi qalmayacaq. Neftçıxarma sahəsi olan bu cür yerlərdə məskunlaşan insanlar üçün xərçəngə səbəb olan yüksək radiasiya fonu başda olmaqla müxtəlif təhlükələr mövcuddur. Neft mədənlərində geniş vüsət almış torpaq oğurluğundan ilk növbədə məhz bu imkansız insanlar və onların uşaqları zərər çəkir. Çünki bəziləri bu insanların çarəsizliyini fürsət biliblər. Beləliklə ölkəmizdə neft mədən ərazilərinin zəbt olunması artıq uzun müddətdir ki, gəlirli “biznes”ə çevrilib.
Qanunsuz tikilmələrinə baxmayın, hamısı “icazəsi” alınaraq tikilib. Məlum məsələdir ki, kimsə icazəsiz daşı daş üstə qoya bilməz. Əks təqdirdə həmin əraziyə baxan polis əməkdaşlarından tutmuş, bələdiyyə, icra hakimiyyəti orqanlarına kimi hamısı dərhal icazəsiz tikilinin qarşısının alınması üçün tədbir görərdi. Bəs Bibiheybətdəki bu qanunsuzluqların qarşısı niyə alınmır?
Jurnalistika hara, “maklerlik” hara
Sualımıza cavab tapmaq üçün “Bibiheybətneft” Neft-Qazçıxarma İdarəsinin (NQÇİ) mədən ərazilərində qanunsuz tikilən evlərlə bağlı araşdırma apardıq. Məlum oldu ki, bu ərazidəki evlərin əksəriyyətini “maklerlər” tikərək satıb. Neft buruqlarının ətrafındakı boş torpaq sahələrini zəbt etməklə özünə “biznes” quranlardan biri də Şirəliyev Rövşən İlyas oğludur. Özünü jurnalist kimi təqdim edən bu şəxs “Sizin media” qəzetinin təsisçisi olduğunu deyir.
Ətrafda yaşayan insanların dediyinə görə, o bir neçə il ərzində “20-ci sahə”də onlarla qanunsuz ev tikib satıb. Həmin qanunsuz tikintilərlə bağlı bir neçə faktı təqdim edirik.
03.03.2018-ci il tartixdə, “Bibiheybətneft” NQÇİ-nin 3 saylı mədən ərazisində, 3716 nömrəli neft quyusunun təqribən 30-35 metrliyində, Səlyan yolu, döngə 2-də həyata keçirilən qanunsuz tikinti 24.12.2019-cu il tarixdə, “Bibiheybətneft” NQÇİ-nin 2 saylı mədən ərazisində, Elçin Əzizov küçəsində qanunsuz olaraq tikilən 18×8 metr ölçülərində yaşayış evi
07.02.2020-ci il tarixdə “Bibiheybətneft” NQÇİ-nin 3 saylı mədən ərazisində, Salyan yolu dalan 2 ünvanında, 2134 nömrəli işlək neft quyusunun təqribən 15 metrliyində qanunsuz olaraq tikilən yaşayış evi 06.05.2020-ci il tarixdə Lomonosov küçəsində,”Bibiheybətneft” NQÇİ-nin 3 saylı mədən ərazisinin zəbt olunması
Ətrafında qanunsuz dəstə yaradıb
Mühafizəçilər tərəfindən sənaye təyinatlı torpaqların zəbt edilməsi aşkarlanarkən Rövşən Şirəliyev müxtəlif taktikalara əl atır. O dərhal ətrafına topladığı radikal Vəhabi təriqətinə mənsub şəxsləri mühafizəçilər ilə münaqişəyə girməsi üçün təlimatlandırır. Polis əməkdaşlarının gözü önündə öz xidməti vəzifəsini yerinə yetirən “Etalon Security” MMC-nin əməkdaşları söyülüb təhqir edilir, öldürməklə hədələnir, hətta bəzi məqamlarda onlara qarşı zor tətbiq edilir. Təsəvvür edin, radikal düşüncəli bu şəxslər mühafizəçilərin üzərinə hücum çəkərkən “yoldaşlarından” halallıq alaraq “şəhid” olmağa getdiklərini bildirirlər.
Bundan başqa Rövşən Şirəliyev qadınlara qarşı güc tətbiq edilməyəcəyini bildiyi üçü “ağır döyüşlərə” ətrafına topladığı qadınları da göndərir. Sakinlər deyir ki, buna görə o hər bir qadına 10-15 manat pul verir.
Karantin rejimini fürsətə çevirib
Ölkədə koronavirus pandemiyası ilə əlaqədar tətbiq olunan sərt karantin rejimi dövründə də Rövşən Şirəliyev qanunsuz əməllərini davam etdirir. O, Elçin Əzizov küçəsində “Bibiheybətneft” NQÇİ-nin mədən ərazisinin zəbt olunmasında Əzizov İbrahim Elxan oğluna vasitəçilik edib. Belə ki, ərazidə tikinti aparılması üçün müəyyən qurumlardan icazələrin alınmasını Rövşən Şirəliyev təşkil edib. Nəticədə mühafizəçilər tərəfindən dəfələrlə xəbərdarlıq olunmasına, qanunsuz tikilinin sökülməsinə baxmayaraq İbrahim Əzizov aprelin 1-də gecə evin dam örtüyünü tamamlayaraq əlaqədar qurumları fakt qarşısında qoyub. Belə ki, inşası başa çatdırılmış evin sökülməsi üçün artıq məhkəmə qərarı olmalıdır. Bundan sonra o zəbt etdiyi ərazini bir qədər də genişləndirmək qərarına gəlib. Mühafizəçilər müdaxilə edən zaman oğlu yenə də “icazənin” alındığını deyib.
Bir neçə gün əvvəl, iyulun 4-də də Rövşən Şirəliyev Salyan yolu dalan 2 ünvanında, “Bibiheybətneft” NQÇİ-nin 3 saylı mədən ərazisində 2137 nömrəli işlək quyunun cəmi bir neçə metrliyində yerləşən 6 sota yaxın boş torpaq sahəsi zəbt etməyə cəhd edib. (Daha ətraflı bu linkdə https://report.az/hadise/karantin-zamani-neft-medeninin-erazisini-zebt-etmek-istediler/)
Rövşənə kimlər havadarlıq edir?
Bəs Rövşən Şirəliyev bu qədər qanunsuz əməli necə törədə bilir? Araşdırmalarımız zamanı məlum oldu ki, Rövşən Şirəliyevin Səbail rayonunda prokurorluq orqanlarından tutmuş, polis idarəsinə, icra hakimiyyətinə kimi bir sıra qurumlarda yaxın münasibətdə olduğu insanlar var. Heç şübhəsiz həmin tanışları Rövşən Şirəliyevə “krışalıq” edir. Qanunla müəyyən olunmuş qaydada torpaqdan istifadə hüququ olmadığı halda özbaşına tikinti işləri aparmasına, eləcə də törətdiyi xuliqanlıq əməllərinə görə məsuliyyətə cəlb olunmaması Rövşən Şirəliyevin daha ağır cinayətlər törətməsinə zəmin yaradır.
Qanunun tələbləri
Qeyd edək ki, qüvvədə olan normativ-hüquqi aktlara əsasən neft quyuları üçün müəyyən olunmuş mühafizə zonası 300 metr, neft kəmərləri üçünsə 25-50 metr təşkil edir. Mühafizə zonasında hər hansı şəxsi tikinti işlərinin aparılması qanunla qadağan edilir. Bu normalar neft və qaz kəmərləri, habelə neft quyuları kimi mühüm strateji əhəmiyyətli obyektlərin təhlükəsizliyinin təmin olunması, zəruri hallarda müvafiq təmir-bərpa işlərinin aparılması, ən əsası isə vətəndaşların təhlükəsizliyinin qorunması baxımından həyati əhəmiyyət kəsb edir.(qaynarinfo.az)