Eldar Əzizovun icra başçısı olan kürəkəni binanın damını 90 min manata sökdürür
Yevlax Şəhər İcra Hakimiyyətinin elan etdiyi tenderin qalibi məlum olub
Yenixeber.org: Açıqlanan rəsmi məlumatlara görə tenderin qalibi “Ruslan Təmir-Tikinti” MMC olub.
“Ruslan Təmir-Tikinti” MMC Yevlax Şəhər İcra Hakimiyyətinin sifarişi əsasında H. Əliyev prospektindəki 55 saylı binanın 754 kv. metrlik dam örtüyünü sökəcək. MMC tender şərtlərində göstərilən işlərin həyata keçirilməsi üçün İcra Hakimiyyətindən 89 min 754 manat 95 qəpik alacaq.
Qeyd edək ki, Yevlax Şəhər İcra Hakimiyyətinin elan etdiyi tender müsabiqəsində iştirak etmək istəyən podratçılardan “Vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında arayış” tələb olunur. Lakin, tenderin qalibi olan “Ruslan Təmir-Tikinti” MMC-nin dövlət büdcəsinə 9 min 563 manat 81 qəpik vergi borcu var.
Onu da bildirək ki, hüquqi ünvanı Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev ev 81, m. 83-84 olan “Ruslan Təmir-Tikinti” MMC 2006-cı ildə dövlət qeydiyyatına alınsa da, bugünə kimi açıq internet resurslarda bu MMC haqqında heç bir məlumata rast gəlmək mümkün deyil.
Məlumat üçün bildirək ki, ötən ilin oktyabr ayından Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsini icra edən Anar Aqil oğlu Tağıyev Bakı Şəhər İcra hakimiyyətinin başçısı Eldar Əzizovun kürəkənidir.
Anar Tağıyev 2006-2008-ci illərdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin Gənclər Təşkilatları ilə iş sektorunda məsləhətçi vəzifəsində işləyib.
2008-2010-cu illərdə Nəsimi rayon İcra Hakimiyyətinin "İctimai təşkilatlar və siyasi partiyalarla iş" şöbəsinin, 2010-2011-ci ilədək isə "Ərazi idarəetmə və yerli özünü idraəetmə oraqanları ilə iş" şöbəsinin müdiri vəzifələrinə təyin olunmuşdur. 2011-2019-cu illərdə Nəsimi rayon İcra Hakimiyyəti Başçısının müavini vəzifəsində çalışıb.(yeniavaz)