Yenixeber.org: Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) dövlət başçısının 2018-ci ildə imzaladığı fərmanla Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin strukturu əsasında formalaşıb.
AKİA güzəştli şərtlərlə kənd təsərrüfatı kreditlərinin, texnikaya və damazlıq heyvanlara güzəştlərin verilməsini həyata keçirir. Eyni zamanda sözügedən qurum fermerlərə subsidiyaların verilməsini, layihələrin idarə edilməsini və kənd təsərrüfatına investisiyaların cəlb olunması ilə də məşğuldur.
Bu ilin aprel ayının 14-də Prezident İlham Əliyevin koronavirus pandemiyası şəraitində və sonrakı dövrdə kənd təsərrüfatı məhsulları istehsalçılarının mikrokreditlərlə təminatının yaxşılaşdırılması üçün vəsait ayrılması haqqında imzaladığı sərəncamla koronavirus pandemiyası şəraitində və sonrakı dövrdə kənd təsərrüfatı məhsulları istehsalçılarının maliyyə vəsaitinə ehtiyacının qarşılanması məqsədilə aqrar sektorda təminatsız mikrokreditlərin verilməsi üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə 30 milyon manat ayrılıb.
Ötən ay ölkə başçısının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi haqqında Əsasnamənin təsdiq edilməsi haqqında 23 iyul 2015-ci il tarixli fərmanına dəyişiklik edilməsi haqqında imzaladığı fərmanla yeni səlahiyyət əldə edən Agentlik aqrar sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərin, ailə-kəndli təsərrüfatlarının müvəkkil kredit təşkilatları vasitəsilə aldıqları mikrokreditlər üzrə risklərə qismən təminat verilməsini həyata keçirəcək.
Fəaliyyətində öz Əsasnaməsini və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin hüquqi aktlarını rəhbər tutan AKİA müstəqil olaraq bir sıra dövlət satınalmalarının sifarişçisi olub.
Agentliyin sifarişçi olduğu satınalmalar üzərində növbəti araşdırmalar aparmışıq.
Öncə onu qeyd edək ki, Agentliyin sifarişçi olduğu tenderlərdə şübhəli məqamların olması barədə əvvəllər də araşdırma yazılar dərc etmişik. Məsələn, ötən ilin oktyabr ayında "Yeni yaranan agentliyin milyonluq tenderlərini kimlər udub?" başlığı adı altında dərc etdiyimiz yazıda qurumun sifarişçi olduğu 1.278.977 manatlıq tenderin qalibi olan şirkətin Agentliyin tabeliyində fəaliyyət göstərən AMAL-ın (Aqrar Məşğulluğun Artırılması Layihəsi) rəhbəri Nəbiyev Elvin Bahəddin oğluna məxsus olduğunu yazmışdıq.
Eyni yazıda qurumun sifarişçi olduğu 97.900 manatlıq digər tenderin qalibi olan "İMV.Media" Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisinin də Nəbiyev Elvin Bahəddin oğlu ilə əlaqəli şəxs olduğunu yazır, iddiamızı AMAL və İMV.MEDİA-nın web domenlərinin İMV.MEDİA-nın qanuni təmsilçisi İqbal Məsiyevin adına olması ilə əsaslandırırdıq.
Yerli mediada Kənd Təsərrüfatı Nazirliyinin sifarişçi olduğu satınalmalar barədə dərc edilən araşdırma yazılarda vurğulanan məqamlarda biri də nazirliyin və onun tabeliyində olan qurumların sifarişçi olduğu tenderlərdə vəzifəli şəxslərin kurasiya etdiyi şirkətlərin qalib elan edilməsidir.
AKİA-nın 2019-cu ilin iyul ayında sifarişçi olduğu satınalmalar üzərində Arqument.az-ın apardığı araşdırma bir sıra maraqlı məqamı üzə çıxarıb.
Agentlik 2019-cu ilin iyul ayının 25-də sifarişçi olduğu "Sərgi və tədbirlərin təşkili" lotu üzrə tenderə yekun vurub. Smetası 98.710 (doxsan səkkiz min yeddi yüz on) manat olan tenderin qalibi "Exclusive Business Advisers" adlı Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) olub.
AKİA bu tenderdən 4 gün sonra daha bir satınalma həyata keçirib. "Kollektiv inkişaf təlimləri və ixtisasartırma kurslarının təşkili" lotu üzrə sifariş olunan satınalmanın smetası 19.600 (on doqquz min altı yüz) manat, qalibi isə "Universitas-İnternational" MMC olub.
Agentliyin eyni ayda 4 gün fərqi ilə sifarişçi olduğu satınalmanın qalibi olan MMC-lərdən biri "Exclusive Business Advisers" MMC 2013-cü ilin aprel ayında təsis edilib. On manat nizamnamə kapitalı olan şirkətin reyestrinə 2017-ci ilin avqust ayında dəyişiklik edilib. AKİA-nın sərgi və tədbirlərini təşkil edəcək "Exclusive Business Advisers" MMC-nin hüquqi ünvanı Binəqədi rayonu, Həmzə Babaşov küçəsi 9 ünvanında olan qeyri yaşayış sahəsi, qanuni təmsilçisi isə Əkbərova Cəmilə Gündüz qızıdır.
Cəmilə Əkbərova Şəki şəhər sakinidir.
Qurumun kollektivinə inkişaf təlimləri və ixtisasartırma kursları təşkil edəcək "Universitas-İnternational" MMC 2017-ci ilin may ayının 17-də dövlət reyestrində qeydiyyata alınıb. Bu şirkətin də nizamnamə kapitalı 10 manatdır. "Universitas-İnternational" MMC-nin hüquqi ünvanı Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi ev 13A ünvanı, qanuni təmsilçisi isə Paşayev Araz Nadir oğludur.
Araz Paşayev də AKİA-nın digər tenderinin qalibi olan "Exclusive Business Advisers" MMC-nin rəhbəri Cəmilə Əkbərova kimi Şəki şəhər sakinidir. Əlbəttə, ilk baxışdan AKİA-nın sifarişçi olduğu bu satınalmalarda qeyri-adi və yaxud şübhəli məqamlar görünməyə bilər.
Agentliyin dörd gün fərqi ilə sifarişçi olduğu satınalmanın qalibi olan MMC-lərin sahiblərinin Şəki şəhərində qeydiyyatda olması da sırf təsadüf ola bilərdi. Lakin əldə etdiyimiz məlumata görə, bu şirkətlərin arxasında Rüfət Mahmud adlı məmur dayanır.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Beynəlxalq əlaqələr və informasiya texnologiyaları şöbəsinin müdiri vəzifəsində çalışan Rüfət Mahmud eyni zamanda "Maarifçi Tələbə Kredit” Fondunun İcraçı direktorudur. Onun Kənd Təsərrüfatı Nazirliyində və eləcə də digər qurularda yüksək vəzifəli şəxslərlə yaxın münasibətinin olduğu deyilir.
Yuxarıda qeyd olunan şirkətlərin AKİA-nın sifarişçi olduğu satınalmaların qalibi olmasında Rüfət Mahmudun şəxsi əlaqələri hesabına reallaşdığı iddia olunur.
Mayın 19-da satınalmalarla bağlı Aqrar Kredit və İnkişaf Agentliyinə göndərdiyimiz rəsmi sorğuya hələ də cavab verilməyib.(arqument.az)