AMERİKALI XEYRİYYƏÇİ İRANLI EKOLOQLARI NECƏ BADA VERDİ? –Vəhşi təbiəti qoruma istəyi və casusluq ittihamı
Mürtəza Hüseyn
“The Intercept”, 27.11.2019
2017-ci ilin sentyabrında İran Vəhşi Təbiət İrsi Fondu ilə Asiya çitasını (gepard) qorumağa çalışan bir qrup ekoloq həyəcan keçirdi. Çünki incəsənət kolleksiyası ilə tanınan milyarder, qiymətli metalların investoru olan Tomas Kaplan Nyu-Yorkda “United Against Nuclear Iran”-ın (UANI – “Birləşmiş Nüvə İranı Əleyhinə”) illik konfransında sürpriz şəkildə göründü. İranlı ekoloqlar Kaplanın qeyri-siyasi xeyriyyə fondlarının birindən yardım aldıqları üçün narahat idilər: Kaplan ölkələrinə son dərəcə düşmən olan bir qrup qarşısında çıxış etmişdi.
Yenixeber.org: Onlar narahat olmaqda haqlı idilər. Bir neçə ayda qrupun bəzi üzvləri dəmir barmaqlıqlar arxasına düşdü və İranın bədnam məhkəmə orqanları tərəfindən casusluq ittihamı ilə üzləşdilər.
Keçən həftə qapalı bir məhkəmə iclasında 8 müttəhim “düşmən dövlət”lə işləmək ittihamı ilə təqsirkar sayılıb. 8 nəfərdən altısı 6 illə 10 il arasında həbs cəzasına məhkum edilib, qalanları üçün isə cəzalar hələ də açıqlanmayıb.
Məhkəmə qərarına, ehtimal ki, apelyasiya şikayəti veriləcək. Amma təsirkarlar 2 il əvvəl başlayan bir hekayətin personajları kimi görünürlər.
Kaplanın “Nüvə İranı Əleyhinə” Birliyi ilə əlaqələri 2017-ci ildəki konfransda peyda olana qədər ekoloqlar üçün aydın deyildi. 2008-ci ildə qurulan UANI İranla nüvə sazişinə qarşı kampaniyaya rəhbərlik edən və ABŞ-ın İrana qarşı təcavüzkar siyasətini təbliğ edən “quzğun” təbliğat qrupudur. Kaplanın UANI ilə əlaqələri geniş məlum deyil. Lakin 2017-ci ildə Manhettandakı “Ruzvelt” otelində təşkil edilən konfransda Kaplan təşkilatın əsas maliyyələşdiricilərindən biri kimi rolunu açıqlayıb.
Keçmiş CIA direktoru və ABŞ hərbi komandanı Devid Petreus, Səudiyyə Ərəbistanının keçmiş kəşfiyyat rəhbəri şahzadə Turki əl-Feysəl və ABŞ-Yaxın Şərq üzrə keçmiş sülh danışıqçısı Dennis Ross kimi, Kaplan da qısa məruzə ilə müasir İranı antik Fars Ölkəsinin ekspansiya imperatorları ilə müqayisə edib. Çıxışında, o, Tehranı obrazlı şəkildə Yaxın Şərqin digər ölkələrini udan “piton” olaraq səciyyələndirib. İranın şiə müsəlman inanclarının həqiqi imperial məqsədləri gizlətməyə imkan verən “təqiyyə” adlandırıb.
Yığıncaq Donald Trampın İslam Respublikasına qarşı mövqeyi sərtləşmək vədi verdiyi prezident seçkilərindən təxminən bir il sonra keçirilib. UANI tədbirində görünmək Kaplan kimi varlı bir xeyriyyəçi üçün əhəmiyyətli siyasi aksiya idi. İranla qarşıdurmaya təkan verən bir qrupu dəstəkləmək onu ABŞ-dakı ən həssas xarici siyasət məsələlərindən birinin içinə qoyub. Lakin İran daxilində Kaplanın çıxışı geosiyasi oyunla heç bir əlaqəsi olmayan bir qrup insanı təşvişə salıb.
İran hökuməti ekoloqlara qarşı hərəkətlərinə görə məsuliyyət daşısa da, onların tutulması və mühakimə olunma hekayəti dünyanın digər o biri başında siyasi nitqin potensial təhlükə effekti verə biləcəyini göstərir.
“İnsanlar ehtiyatsız sözlərinin dünyanın o biri başındakı insanların həyatına təsirini başa düşmürlər”. Bunu atası dəmir barmaqlıqlar arxasında ölən Kavus Seyyid-İmaminin oğlu Ramin deyib. “Halbuki onlar İranda çox həssas şəraitdə yaşayan insanlara ciddi zərər verə bilərlər”.
Kaplan tərəfindən təsis edilən təşkilat – “Panthera” dünyada vəhşi pişik növlərini qorumaq üçün layihələrə dəstək verir. “Panthera”-nın bir çox yerli QHT tərəfdaşlarından biri, Vəhşi Təbiət İrsi Fondu İranda fəaliyyət göstərir və nəsli kəsilməkdə olan çita üçün texniki dəstək və məsləhətlər verir.
Ekoloqlar aldıqları kənar yardımlarla əlaqədar İran hökumətini daim məlumatlandırıb. Lakin UANI konfransından qısa müddət sonra Fond rəsmiləri “Panthera”-ya məktub göndəriblər. Məlum çıxışdan bir neçə həftə sonra göndərilən məktubda Kaplanla bağlı açıq şəkildə narahatlıq dilə gətirilib. “Təsisçiniz və sədriniz cənab Tom Kaplanın son çıxışı və açıqlamaları, eyni zamanda, bir məqalə narahatlığımıza səbəb olub”, – deyə Vəhşi Təbiət İrsi Fondunun rəhbəri Məhindoxt Dehdaştian “Panther”-a prezidenti Luk Hanterə yazıb. – Onun ölkəmizlə bağlı iddiaları tamamilə əsassızdır, ifadələri ölkəmizə və xalqımıza təhqirdir. Şəxsi siyasətinin qorumaya mənfi təsir etdiyinə görə çox təəssüf edirik, amma bu, qeyri-adi vaxtlardır”.
Bu şərhlər İran ekoloqlarının “Panthera” kimi Kaplan tərəfindən maliyyələşdirilən bir təşkilatdan uzaqlaşma cəhdini açıq şəkildə əks etdirir. Məsələnin müzakirə olunmasını istəməyən Vəhşi Təbiət İrsi Fonduna yaxın mənbələr, eləcə də “Böyük pişik” xeyriyyə təşkilatının keçmiş işçiləri “Panthera”-nın məktuba cavab vermədiyini söyləyirlər.
Ekoloqların səyləri faciəli şəkildə gecikib. UANI konfransından bir neçə ay sonra, 2018-ci ilin yanvarında İran hakimiyyəti digər 8 mühafizəçi ilə birlikdə Vəhşi Təbiət İrsi Fondunun qurucusu Morad Təhbazı həbs edib.
İranlı məhbus ekoloqlar islahatçılar və eyni zamanda, rejim tərəfdarları arasında mübahisə mövzusuna çevrilib. Onların hekayəti ətraf mühit məsələlərinin siyasiləşdirilməsi nümunələrindən biridir. Bununla bərabər, geosiyasi fırtınanın mərkəzində duran bir milyarderin hekayətidir. Kaplanın pulu bütün dünyada səyahət edib, siyasi və ekoloji aktivliyi, nəhayət, toqquşub.
İranın Ətraf Mühit Departamenti rəhbərinin keçmiş müavini və indi Yel Universitetinin əməkdaşı olan Kavə Mədəni deyib: “Həbsxanada olan ekoloqlarla tam olaraq nə baş verdiyini bilmirəm. Amma dindirmələr zamanı dəfələrlə eyni sualla qarşılaşdıqlarını güman edirəm: “İran əleyhinə bir təşkilatı maliyyələşdirən amerikalı yəhudi milyarder niyə çitaları qorumaq üçün bu qədər qayğı göstərir? Həm də İranda?.. Ətrafda ehtiyatsız siyasi və təhlükəsizlik oyunları oynamaq səmimi və qanuni hərəkətləri, hətta günahsız ekoloqların həyatını təhlükə altına qoyur”.
Nəticələr həbsdə olan ekoloqlar üçün fəlakətli olub. İran və Kanadada ikili vətəndaşlığı olan Seyyid-İmami bir ay həbsdə olduğu müddətdə Tehranın bədnam Evin həbsxanasında 63 yaşında vəfat edib. Hökumət ölümün intihar olduğunu iddia edir. Ölümündən qısa müddət sonra Seyyid-İmaminin oğlu Ramin “İnstaqram”da açıqlama yayıb: “Atamın intihar etdiyini təsəvvür etmək mümkün deyil. Deyirlər ki, o intihar edib. Hələ də buna inana bilmirəm”.
Həbs olunan ətraf mühit müdafiəçiləri dəmir barmaqlıqlar arxasında pis rəftarla qarşılaşdıqlarını söyləyiblər. Hökumət mediasında isə ekoloqların İranın gizli hərbi poliqonlarını izləməyə kömək etdiyi bildirilib. Rəsmi informasiya saytlarındakı xəbərlərdə ekoloqları casusluqla əlaqələndirməyə çalışılıb və Kaplanın özü ilə münasibətlər haqqında möhtəkirlik nəzərə çarpıb. Hökumət “Vəhşi Təbiət” üzvləri tərəfindən çitaları izləmək üçün qurulan kameraların ölkədəki gizli raket buraxılış yerlərində kəşfiyyat toplamaq üçün istifadə edildiyini iddia edib.
Kanadanın Britaniya Kolumbiyası Universitetinin ekoloqu Koul Barton bu ilin avqust ayında heyvanların hərəkətlərini çəkmək üçün hazırlanan kameraların belə məlumatların toplanması üçün faydalı vasitə olacağını ehtimal etmədiyini söyləyib.
Həbsdən sonra beş ekoloq İranın məhkəmə orqanları tərəfindən milli təhlükəsizlik pozuntularında – ölüm cəzası verilə biləcək cinayətlərdə ittiham edilib. Onların məhkəməsi işgəncə ittihamları və prosedur qaydalarına əməl edilməməsi ilə sona çatıb. 2019-un fevralında keçirilən məhkəmə iclasında həbs olunanlardan biri – Nilufər Bayani casusluq ittihamlarını rədd edib və həbsdə işgəncələrə məruz qaldığını deyib. “Əgər sizə də halüsinogen dərmanlar iynəsi vurulsaydı, etiraf tələbini qəbul edərdiniz”.
Kaplanın xeyriyyə çeşməsi – “Panthera” Latın Amerikasından Çinə qədər vəhşi pişik növlərini qoruyan layihələri dəstəkləyir. Onun sərt geosiyasi maraqları ilə “əyləncəsi” arasında əlaqəyə dair heç bir dəlil yoxdur. Amma İran kimi bir hökumətin paranoyalı, avtoritar təhlükəsizlik xidmətləri üçün yerli QHT ilə “Panther”-a kimi bir təşkilat arasındakı hər hansı bir əlaqə asanlıqla sui-qəsd kimi görünə bilər.
İran hökumətinin Kaplanı güclü düşmən olaraq görmək üçün əsasları var. UANI-nin işi Vaşinqtonda İrana qarşı aparılan təbliğatdan daha uzaqlara gedib çıxır. Qrupun idarə heyətinə ABŞ və İsraildəki kəşfiyyat və milli təhlükəsizlik orqanlarından bir sıra keçmiş yüksək vəzifəli şəxsləri daxildir. UANI-nin Amerikanın Milli Təhlükəsizlik Agentliyi ilə də əlaqəsi var: 2015-ci ildə federal bir hakim qrupa qarşı mülki iddia qaldırıb, amma ABŞ hökuməti dövlət sirlərini qorumaq üçün prosesə müdaxilə edib.
Kaplan, həmçinin İranın geosiyasi düşmənləri, xüsusən də Fars körfəzi monarxiyalarının rəsmiləri ilə əlaqəyə malikdir. Bu ilin fevral ayında Birləşmiş Ərəb Əmirliklərinə məxsus bir media orqanının məqaləsində Kaplan Əmirlikləri və rəhbərlərini “arvadından başqa, həyatımda hər kəsə nisbətən ən yaxın yoldaş” olaraq xarakterizə edib. “New York Times” bu günlərdə yazıb ki, Kaplan İngiltərənin keçmiş baş naziri Toni Bler və sabiq Fransa prezidenti Nikola Sarkozi ilə birlikdə keçən ilin dekabr ayında Abu Dabidəki illik salonda “Panthera”-nı maliyyələşdirən BƏƏ vəliəhd şahzadəsi Məhəmməd bin Zaidin qonağı olub.
“Panthera”- nın özü də İsrail və ABŞ-ın milli təhlükəsizlik aparatlarındakı şəxslərlə əlaqələrə malikdir. Təşkilatın veb saytında Mühafizə Şurasına Devid Petreus, həmçinin, İsrailin “Şin Bet” daxili məxfi xidmətinin keçmiş rəsmisinin daxil olduğu bildirilir. UANI ilə əlaqəli şəxslər Şura üzvləridir, baxmayaraq ki, bu mənsubluqlar saytda göstərilmir. BƏƏ-nin yüksək vəzifəli şəxsləri də siyahıdadır, o cümlədən BƏƏ-nin ABŞ-dakı səfiri Yusif əl-Utəybə və ABŞ səfiri Lana Nusseybeh. İyun ayında Kaplanın “Panthera”-sı Səudiyyə vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın ərəb bəbirinin qorunması təşəbbüsü ilə bağlı saziş imzalayıb. 2018-ci ildə “Washington Post”-un köşə yazarı Camal Xaşuqcinin bin Salmana yaxın Səudiyyə əməliyyatçıları tərəfindən öldürülməsindən bir neçə ay sonra, Kaplan Ər-Riyad kənarında keçirilən avtomobil yarışında tacdar şahzadə ilə birgə görünüb.
“Panther”-a və Kaplan bu məqalə ilə bağlı şərh istəklərinə cavab verməyib. İrandakı yerli tərəfdaşlarının həbsi ilə bağlı heç bir açıqlama olmayıb. UANI şərh istəyinə cavab verməyib. Nyu Yorkdakı İran konsulluğuna da.
Kaplanın İran əleyhinə təbliğatı isə sürətlə davam edib. UANI-nin sentyabr 2018-ci il tarixli konfransında, İran ekoloqları həbsxanada yatarkən, Kaplan yenə ortaya çıxıb. “Amerikanın Səsi”nin Fars Dili Xidməti onun çxışını yayımlayıb. Kameralar qarşısında, İranın valyutasının devalvasiyasına kömək etmək üçün etdiyi səylərə görə Kaplana çərçivəyə salınmış İran rialı hədiyyə edilib.
Ekoloqların işi bütün dünyadakı həmkarları arasında narahatlığa səbəb olub. Lakin İranda və başqa yerlərdə ekoloji problemlərin təhlükəli siyasiləşməsinə də qəzəb yaradıb. İran ekoloqları ilə ünsiyyət quran “Panthera”-nın keçmiş bir işçisi Kaplanın siyasətinin İrandakı tərəfdaşlarını ehtiyatsızlıqla məhv etdiyini düşünür. 6 il “Panthera”da işləmiş Tanya Rozen “The Intercept”-ə bildirib: “Son vaxtlara qədər heç kim müəyyən donorların kimliyinə əhəmiyyət verməyib”.
“Panthera”-da işlədiyi müddətdə təşkilatın Orta Asiyadakı qar bəbiri proqramına rəhbərlik etmiş Rozen hazırda həbsxanada olan İran ekoloqlarla əlaqələndirici olub. Həbsdən əvvəl Rozen İran Təbiətşünaslıq İrsi Fondu ilə birlikdə İran çaylarının qorunmasına yönəlmiş bir zirvə toplantı layihəsi üzərində işləyib.
Ətraf mühit məsələlərinin siyasiləşdirilməsi, xüsusilə İranla bağlı, təkcə özəl donorların deyil, siyasətçilərin də işinə çevrilib. Son illərdə ABŞ və İsrail hökumət nümayəndələri, İranın ekoloji problemləri, o cümlədən havanın çirklənməsi və xroniki su qıtlığı barədə çox danışırlar. Keçən il İsrailin baş naziri Benyamin Netanyahu quraqlıqdan təsirlənən iranlılara ünvanlanan bir video müraciət yayımlayıb. Onun videosu, həmçinin İsrailin su idarə etmə təcrübəsindən alınan məsləhətləri təqdim etmək üçün hazırlanmış bir veb saytda təqdim olunub.
ABŞ-ın dövlət katibi Mayk Pompeo və keçmiş milli təhlükəsizlik məsələləri üzrə müşavir Con Bolton İran hökuməti, həm də İranın ekoloji böhranlarını ictimaiyyətə açıqlamaqda hər fürsətdən faydalanıb.
Bu ilin əvvəlində UANI İranın ətraf mühiti haqqında geniş bir hesabat yayaraq, məsələyə daha da tünd siyasi rəng qatıb.
Tərcümə: Strateq.az