Redaktor seçimi
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Günün xəbəri

Güllələnmə hökmü alan, edamdan qurtulan Siyasi Bürö üzvü –Krımın Ukraynaya verilməsini alqışlayan Polyanski

 

Yenixeber.org: O, 1917-ci il noyabrın 7-də anadan olub - oktyabr inqilabı günü. Elə siyasi fəaliyyətində də inqilaba bənzər hadisələr az olmayıb. Hətta Stalin repressiyası zamanı ən ağır cəzaya, güllələnməyə məhkum olunsa da, hökm icra edilməyib, əksinə, sonradan vəzifə pillələri ilə daha yuxarılara irəliləyib.

Luqanskda anadan olan Dmitri Polyanski orta məktəbi bitirdikdən sonra Xarkov Kənd Təsərrüfatı İnstitutunda, sonralar isə Mərkəzi Komitə nəzdində Ali Partiya Məktəbində təhsil alıb. İlk siyasi fəaliyyətinə komsomol orqanlarında başlayıb. Müharibə zamanı onu hərbi xidmətə çağırmayıblar, partiya orqanlarında işə göndəriblər. Artıq 1942-ci ildə Polyanski Novosibirsk vilayətinin Karasuks rayonunun birinci katibi vəzifəsində işləyib. Həyatındakı ilk “inqilab” da elə bu vəzifədə baş verib.

Rayonun kənd təsərrüfatı sahələrində əkin sahələrinin xeyli hissəsinin istifadə olunmamasını, əkilməməsini müşahidə edən Polyanski bununla bağlı lazımi tədbirlərin həyata keçirilməsinə qərar verib. Bu məqsədlə o, rayon tədarük məntəqəsinin direktoruna müraciət edib, ehtiyat taxıl fondundan toxum verilməsini müzakirə edəndə, direktor qəti şəkildə imtina edib.

Polyanski bu “imtina”nın müqabilində tədarük məntəqəsinin direktorunu uzun müddətli ezamiyyətə göndərib, direktor vəzifəsinin müvəqqəti icrasını isə öz köməkçisinə həvalə edib.

Beləliklə, ehtiyat fondundan lazım olan qədər toxum götürülüb, əkin üçün istifadə olunub və bu da öz növbəsində rayonun kənd təsərrüfatı üzrə göstəricisini xeyli artırıb. Təbii ki, yüksək məhsuldarlıq Polyanskini sevindirib. Amma bu sevinc çox da uzun çəkməyib.

1943-cü ildə payon Partiya Komitəsinə məxfi poçtla Vyaçeslav Molotovun imzası ilə məktub daxil olub: “Ehtiyat taxıl fondundan qanunsuz istifadəyə görə Dmitri Polyanski məhkəməyə verilsin və məhkəmə müharibə dövrünün qanunları ilə aparılsın”.

Mövcud dövr üçün bu məktub Polyanskinin sonu demək idi. Qısa bir müddət ərzində məhkəmə keçirilib və Polyanski ən ağır cəzaya, güllələnməyə məhkum edilib. Adətən, həmin dövrdə güllələnmə ilə bağlı məhkəmə hökmləri tez icra olunub. Amma Polyanski yüksək vəzifədə (birinci katib) çalışdığından, ona təhvil-təslim işləri üçün bir neçə gün vaxt verilib.

Həmin “son” günləri Polyanski yaxın dostluq əlaqəsində olduğu yerli dövlət təhlükəsizliyi şöbəsinin rəisi Mişutinlə birlikdə keçirib. Təhvil-təslimin sona çatdığı gün Mişustin Polyanskini sakitləşdirməyə çalışıb və onu axşam saatlarında bir nəfərlə görüşdürəcəyini deyib. Axşama yaxın onlar göl ətrafında görüşüblər. Görüşdə olan üçüncü şəxs Mərkəzi Komitənin katibi Andrey Andreyev olub. Qeyd edək ki, hələ Leninin dövründən tanınan Andrey Andreyev Stalin hakimiyyətində ciddi siyasi fiqur sayılıb. Göl ətrafında açılan süfrə arxasında Mişutin Polyanski ilə bağlı baş verən hadisələri Andreyevə bütün təfsilatı ilə danışıb. Görüşdən sonra onlar dəmiryolu stansiyasına gəliblər. Andryev və Mişutin rayon partiya komitəsinə gediblər və Polyanskidən vağzalda gözləməyi xahiş ediblər. Andreyev partiya komitəsinə Moskvaya zəng etmək üçün gedib. Bir saatdan sonra geri qayıdıblar. Andreyev Polyanskini vaqondakı kupesinə dəvət edib:
- Artıq sizin haqqınızda heç bir cinayət işi və məhkəmə hökmü yoxdur. İşinizi davam etdirə bilərsiniz.

Müasirlərinin söylədiklərinə görə, hökmün ləğvi yalnız birinci şəxsin iradəsi ilə baş verə bilərdi. Yəqin ki, Andreyev də məsələ ilə bağlı Stalinə müraciət edib və müsbət cavab alıb.

Bu hadisədən az sonra Polyanski daha yüksək vəzifəyə təyin olunub. O, Mərkəzi Komitədə təlimatçı kimi bir müddət fəaliyyət göstərdikdən sonra Krım vilayət Partiya Komitəsinə ikinci katib göndərilib.

Qorxulu və təhlükəli Stalin erasından sağ-salamat çıxan Polyanski Nikita Xruşovun hakimiyyəti illərində də mövqelərini möhkəmlətməyi bacarıb.

Nikita Xruşov Krıma səfəri zamanı Krım vilayət Pariya Komitəsinin birinci katibi Titov və ikinci katib Polyanski ilə görüşdə Krımın Ukraynanın tərkibinə verilməsi ilə bağlı təşəbbüsünü bildirib. Titov bu təşəbbüsə qarşı çıxıb. Polyanski isə əksinə, Xruşovun təklifini bəyənib:
- Nikita Segeyeviç, bu dahiyanə bir təşəbbüsdür.

Görüşün səhərisi günü Xruşovun iştirakı ilə Krım vilayət Partiya Komitəsinin plenumu keçirilib. Titov vəzifəsindən azad edilib, Polyanski birinci katib vəzifəsinə sahib olub.

25 yanvar 1954-cü ildə Mərkəzi Komitənin Rəyasət Heyətinin iclası keçirilib, Krımın Ukraynanın tərkibinə verilməsi müzakirəyə çıxarılıb, 19 fevral 1954-cü ildə isə Xruşovun təklif və təşəbbüsü rəsmiləşib, Krım Ukraynanın tərkibinə daxil edilib.

1957-ci ildə “antipartiya qrupu” (Vyaçeslav Molotov, Georgi Malenkov, Lazar Kaqanoviç) hakimiyyəti devirmək istəyəndə Polyanski Xruşovu müdafiə edən ən fəal siyasilərdən biri olub.

Polyanski 1958-ci ildə Xruşovun təşəbbüsü ilə Rusiya Nazirlər Sovetinin sədri vəzifəsinə gətirilib, Siyasi Büronun üzvü seçilib. Novoçerkasskda, Rostovda xalq qiyamları zamanı vəziyyəti sabitləşdirmək üçün Xruşov məhz Polyanskini “qaynar” nöqtələrə göndərib.

Yaxın münasibətdə olmalarına baxmayaraq, Polyanski Xruşovu səhv addımlarında tənqid etməkdən çəkinməyib. Yerlərdə Xruşov tərəfindən partiya komitələrinin iki hissəyə - kənd təsərrüfatı və sənayə hissələrinə bölünməsini Polyanski sərt şəkildə tənqid edib. Hətta sosial sahədə Xruşovun düzgün olmayan qərarlarına Polyanski etirazını Siyasi Büronun iclasında əlini stola çırpmaqla ifadə edib:

- Nikita Sergeyeviç, siz bu qərarlarınızla yeni Novoçekassk hadisələrinə yol açırsınız!

Elə bu narazılıqların nəticəsi olub ki, 1964-cü ildə saray çevrilişi zamanı Xruşovu hakimiyyətdən devirəndə bu işə imza atanlardan biri də məhz Polyanski olub.

Leonid İliç Brejnevin Polyanskiyə münasibəti normal olsa da, baş katib onu Xruşovun kadrı kimi yaddaşına həkk edib. Düzdür, Brejnevin təklifi ilə Polyanski SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin olunub. Amma buna baxmayaraq, Brejnev Polyanskini siyasi səhnədən uzaqlaşdırmağa məqam gözləyib.

Polyanski 1973-cü ildə Mərkəzi Komitənin iclasında gözlənilməz hadisə ilə üzləşib. Həmin iclasda kadr məsələlərinin müzakirəsi nəzərdə tutulmayıb. Breynevin qəfil təklifi də gözlənilməz olub. Belə ki, baş katib Polyanskini kənd təssərüfatı naziri kimi görmək fikrini söyləyib. Polyanski iclasda çox həyəcanlı şəkildə bu təklifə fikrini bildirib:

- Leonid İliç, axı bu haqda mənə heç kim heç nə deməyib.

“Gülərüz” Brejnev sərt şəkildə cavab verib:

- Deməyiblər, indi deyirlər, hamının iştirakı ilə.

- Leonid İliç, mən xahiş edirəm bu məsələni təxirə salasınız. Mən bu böyük sahənin öhdəsindən gələ bilmərəm. Sağlamlığım buna yol verməz.

- Bəs Nazirlər Sovetinin birinci müavini kimi ağır bir işə sizin sağlamlığız imkan verir?

- Mən qorxuram sizin etimadınızı doğrultmayım.

- Doğruldarsınız. Bizim elə hamımızın səhhətində problem var. Amma görürsünüz ki, hamımız işləyirik.

Beləliklə, Brejnev Polyanskini vəzifə pilləsindən bir pillə aşağı salıb.

Polyanski narazı qaldığı bu vəzifədə də çox qərar tuta bilməyib. 1976-cı ildə o, Kremlə dəvət olunub. Naziri Kremldə Mixail Suslov qəbul edib və birbaşa dəvətin məqsədini açıqlayıb:

- Siyasi Büro üzvləri belə hesab edir ki, siz diplomatik işə keçsəniz daha yaxşı olar. Bununla bağlı atılacaq addımları öz ərizənizlə etmək daha məqsədəuyğun və sizin xeyrinizə olar.

Polyanski mübarizə aparmağın mənasız olduğunu anlayıb. O, öz ərizəsi ilə tutduğu vəzifələrdən azad olunub, Siyasi Büro üzvlüyündən kənarlaşdırılıb.

Dmitri Polyanski 1976-1982 –ci illərdə Yaponiyada, 1982-1987-ci illərdə isə Norveçdə SSRİ-nin səfiri olub.

Stalinin repressiyasından yaxa qurtaran Dmitri Polyanski 2001-ci ildə, 83 yaşında vəfat edib. O, Moskvada Kuntsevo qəbirstanlığıda dəfn olunub.(müsavat)

İlham Cəmiloğlu


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam