Cəmil Həsənli ilə Azər Əsgərovun mülk davası
AXCP-nin partlayış nəticəsində sökülən məlum qərargahının sahibi Azər Əsgərovla partiya arasında yaranan qalmaqal səngimək bilmir. Artıq bu prosesə Milli Şura rəhbərliyi də qoşulub.
"Xeberinfo.com": Məlumata görə, qurumun sədri Cəmil Həsənli facebook səhifəsində Azər Əsgərovun onun özü və AXCP sədri Əli Kərimli barəsində səsləndirdiyi ittihamlara sərt cavab verib: “Hörmətli Azər Əsgərov! Ötən ilin oktyabr-dekabr aylarında sosial şəbəkələrdə, bir sıra saytlarda yaydığınız yalanları dəfələrlə təkrarladığınız üçün onlara aydınlıq gətirməyi qərara aldım.
Ötən ilin mart ayında sizin AXCP-yə kirayə verdiyiniz mülkin partladılması və indiyə qədər sizə dəymiş ziyanın ödənilməməsi təəssüf doğurur. Hadisə baş verəndən bəri ittiham etdiyiniz Əli Kərimli və mən bunu hər yerdə demişik və bu gün də həmin fikirdə qalırıq. Biz bunu insanlıq naminə etmişik və haqqı pozulan bir adam kimi sizə dəstək olmağı özümüzə borc bilmişik. Əminliklə demək istəyirəm ki, bu məsələlərlə bağlı yazdıqlarınız və yaydıqlarınız həqiqətdən çox uzaqdır. Amma siz elə danışır və elə şeylər uydurursunuz, elə bil mənim sizin qarşınızda hansısa bir öhdəliyim və ya borcum var”.
Cəmil Həsənli Milli Şuranın iclaslarının Azər Əsgərovun mülkündə keçirilməsi ilə bağlı fikirlərə də toxunub: “Yazırsınız ki, Milli Şuranın seçki qərargahı sizin AXCP-yə verdiyiniz binada olub. Nəzərinizə çatdırıram ki, belə bir şey olmayıb. Milli Şuranın seçki qərargahı Müsavat Partiyasının ofisində olub və hətta Xalq Cəbhəsindən olan qərargah üzvləri də Müsavatın ofisində onlar üçün ayrılmış otaqda fəaliyyət göstəriblər.
Əlbəttə, sizin partlayış nəticəsində dağıdılmış binanızda Milli Şuranın bir neçə toplantısı keçirilib. Lakin biz Milli Şura olaraq heç vaxt sizin binadan ofis, qərargah və sair məqsədlərlə istifadə etməmişik. Sizinlə bu barədə hər hansısa yazılı sözləşməmiz və ya şifahi söhbətimiz də olmayıb.
Şəxsən sizi isə mən yalnız ötən ilin mart ayında mülkünüz partladılandan sonra tanımışam. Ona qədər heç bir tanışlığımız olmayıb. Yeri gəlmişkən, bu gün sizin əməllərinizi gördükdən sonra buna yalnız sevinirəm”.
Milli Şura sədri xarici təşkilatlardan qrant alması ilə bağlı mülk sahibinin səsləndirdiyi ittihamlara da münasibət bildirib: “Sosial şəbəkələrdə yazırsınız ki, guya mən xaricilərdən milyonlarla qrantlar alıram. Nəzərinizə çatdırıram ki, məlumatınız səhvdir. Mən nə indi, nə də keçmişdə heç bir xarici dövlətdən və xarici təşkilatdan qrant almamışam və ümumiyyətlə bu işlə məşğul olmamışam. Nəinki qrant, hətta bir vaxtlar xalq arasında Soros Fondu kimi tanınan Açıq Cəmiyyət İnstitutunun Bakı ofisində yönətici heyətin üzvü kimi mənə yazılan qanuni əmək haqqını belə almaqdan imtina etmişəm”.
Prezidentliyə sabiq namizəd statusunda Azər Əsgərovun onu debata çağırmasına da sərt təpki göstərib: “Sosial şəbəkələrdə yayılan açıqlamalarınızda məni tez-tez debata çağırırsınız. Əgər unutmamısınızsa, 2013-cü ilin payızında sizin kimi bir neçə nəfəri mənimlə debata göndərmişdilər. Onların debatdakı aqibəti yəqin sizin də yadınızdan çıxmayıb. Şübhəsiz ki, yazdıqlarımın sizi tutduğunuz səhv yoldan çəkindirəcəyinə əmin deyiləm. Amma yalan yüz dəfələrlə təkrar olunanda onun həqiqət donuna bürünmə şansı bir qədər artır. Sizə vaxt ayırmağımız da bu zərurətdən irəli gəlmişdir”.
Öz növbəsində Azər Əsgərov da facebook səhifəsində Cəmil Həsənlinin ona verdiyi cavaba aid status paylaşıb: “Cəmil Həsənli, mənə ünvanladığınız tutarlı cavabınızı oxudum. Sağ olun ki, o qiymətli vaxtınızı ayırıb mənə o cür tutarlı cavab yazmısınız. Mən sizinlə debata çıxan adamlardan deyiləm. Təəssüf ki, siz məni onlarla eyniləşdirdiniz. Hakimiyyətdən qorxmayıb mülkünü müxalifətə qərargah verən, öz ailəsini təhlükə qarşısında qoyan bir insanı iqtidarın əlaltıları ilə eyniləşdirməyi sizə yaraşdırmadım. Sizin onlardan bir fərqiniz yoxdur. Onlar açıq şəkildə hakimiyyəti müdafiə edirlər, siz və Əli Kərimli isə gizlində... Siz ikiniz də həm hakimiyyətin, həm də xarici qüvvələrin adamısınız.
Deyirsiniz ki, mən və Əli Kərimli dəfələrlə məsələmi xarici təşkilatların qarşısında qaldırmısınız. Sizlərə sərf edən zamanlarda hakimiyyətin müxalifətə qarşı terroru adı altında məsələ qaldıraraq qrantlar almısınız. Əgər başqa bir sənədiniz varsa, qoyun ortaya. Siz bu yaxınlarda ABŞ-da olanda “Freedom House” təşkilatının icraçı direktoru David Kramerlə görüşünüz zamanı nədən məsələmi gündəmə gətirmədiniz? Dəfələrlə həmin təşkilata müraciət etmişəm və cavab almışam ki, məsələyə baxılacaq. Sizin və Əli Kərimlinin hakimiyyətlə əlbir olması nəticəsində baxılmadı.
Mən bütün dünya dövlətləri və təşkilatlarına müraciət etmişəm. Əgər siz də etmisinizsə, göstərin. Siz ancaq cibinizi düşünən, məhbuslar üzərindən pul qazanaraq qrant alanlarsınız”.
Azər Əsgərov növbəti dəfə Cəmil Həsənli və Əli Kərimlinin ünvanına ağır ittihamlar səsləndirib: “Sizin kimi Azərbaycanda minlərlə professor var. Onlar dövlətdən aldıqları maaşla ailələrini güclə dolandırırlar. Bəs siz dünya dövlətlərini nə ilə dolaşırsınız? Təyyarə, otel, yemək pulunu haradan alırsınız? Ölkə prezidentindən hesab sorursunuz. Biz sizdən soruşa bilmərikmi? Hava ilə yaşamaq mümkündürsə, bunu bizə professor kimi öyrədin. Qoy Azərbaycan xalqı da hava ilə dolansın...” (musavat.com).